Rusiya şirkətləri Qarabağda tikinti materialları, su, avadanlıq və rabitə vasitələrinin istehsalı da daxil olmaqla layihələrin həyata keçirilməsi üçün 14 ərizə təqdim ediblər.

Bu barədə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi məlumat yayıb. (TASS)

"Qarabağda layihələrin həyata keçirilməsi üçün Rusiya şirkətlərindən 14 ərizə (investor qismində - 4 layihə, podratçı qismində isə 10 layihə) verilib.

Layihələrin ixtisaslaşması ticarət və xidmətlər, tikinti, sənaye və kənd təsərrüfatı sahələrinə yönəlib” , - deyə nazirlikdən bildirilib.

Sənaye və Ticarət Nazirliyi xüsusilə qeyd edib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Kamaz” müştərək xidmət mərkəzinin və Gəncə Avtomobil Zavodunun yaradılması nəzərdə tutulur ki,  burada “Kamaz” texnikası, digər yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstəriləcək. Həmçinin İNNOPRO QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi layihəsində iştirak edir, şirkətin müqavilə üzrə xidmətlərinin dəyəri  isə 12 milyon manatdır (520 milyon rubldan çox).

Burada həmçinin tikinti materiallarının istehsalı, su, avadanlıq və rabitə vasitələri, dəmir yolları üçün siqnalizasiya istehsalı müəssisəsinin yaradılması da təşkil olunacaq (“Rail-Trans Service” MMC ilə müştərək).

Xatırladaq ki, bu günlərdə ADA Universitetində "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev “Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün Azərbaycana 13 təklif paketi təqdim edib”, - deyə açıqlamışdı.

Konfransda iştirak edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə Azərbaycanın Rusiyaya 1,5 milyard dollar həcmində investisiya yatırdığı barədə məlumat vermişdi.

Qeyd edək ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev də ötən ay “Ağıllı şəhər” mövzusundakı tədbirdə Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirak etmək istəklərindən danışıb.

“Hazırda bizim ölkə üçün prioritet uzun illər davam edən işğal nəticəsində dağıdılmış ərazilərimizin bərpası, həmçinin, əhalinin ora qayıtması üçün lazımi şəraitin yaradılmasıdır. Bu məqsədlə böyük bərpa işləri həyata keçirilir. Prezidentin dediyi kimi, Azərbaycan dost ölkələri bu prosesdə görməyə şaddır. Bu kontekstdə Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məqsədlərimizə çatmaqda əlavə impuls verərdi. Bu ay Rusiya şirkətlərindən Qarabağın bərpası ilə bağlı sorğu daxil olub”, - deyə nazir müavini vurğulayıb.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN