Bu ilin sonuna qədər dünyanı qlobal aclıq gözləyir.

Qlobal aclıq barədə xəbərdarlığı bu dəfə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin köməkçisi Maksim Oreşkin edib.

Siyasətçinin fikrincə, bu problemin Rusiyadan yan keçməsini təmin etmək vacibdir. Oreşkin vurğulayıb ki, Rusiya Federasiyası ötən ilin sonundan qlobal qıtlığa hazırlaşır. O, ABŞ-ı Ukraynadakı taxıl ehtiyatlarını çıxarmağa çalışmaqda və Ukraynanın özünü humanitar fəlakətə, dünyanı isə aclığa məhkum etməkdə ittiham edib.

Qeyd edək ki, bu günlərdə BMT-nin Baş katibi Antoniu Quterreş də Ukraynada davam edən müharibə ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət alacağını xatırladıb. Və indiyədək bu cür xəbərdarlıqlar dünyanın müxtəlif mötəbər təşkilatları, siyasətçiləri, iqtisadçıları tərəfindən edilib. Dünya qlobal aclığın – qıtlığın astanasındadır. Səbəb isə məlumdur...

Bir neçə gün bundan əvvəl isə Avropa İttifaqının Ukrayna məhsullarını  blokadadan çıxarma yollarını düşünməsi və Avropa Komissiyasının Ukraynaya kənd təsərrüfatı mallarının ixracına kömək etmək üçün “Həmrəylik yolları” tədbirlər kompleksinə başlayacağı barədə xəbər yayıldı.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yaymışdı.

Bildirilirdi ki, Ukrayna dəniz limanlarının blokadası qlobal ərzaq təhlükəsizliyini təhdid edir, ona görə də Aİ alternativ marşrutların yaradılmasının zəruriliyini qeyd edir.

Avropanın nəqliyyat üzrə komissarı Adina Velyanın sözlərinə görə, Aİ infrastrukturundan istifadə etməklə 20 milyon ton taxıl üç aydan az müddətdə Ukraynanı tərk etməlidir.

P.S. Xatırladaq ki, hazırda Ukraynanın 30 faizdən çox əkinə yararlı torpaqlarında müharibə səbəbindən kənd təsərrüfatı məhsullarının becərilməsi mümkünsüz hala gəlib. Və elə bu da bəzi ölkələrdə qlobal aclıq, qıtlıq təhlükəsini tətikləyir.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN