Vergi ödəyiciləri üçün ciddi problem yaradan hallardan biri əlavə dəyər vergisinin (ƏDV) vaxtında ödənilməməsidir.
Bəs ƏDV məbləğinin gec ödənilməsinə görə hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?
Dövlət Vergi Xidmətinə istinadən xəbər veririk ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov ƏDV-nin vaxtında ödənilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunması şərtlərini belə izah edir.
A.Bayramovun sözlərinə görə, ƏDV məbləğinin gec ödənilməsi və ya düzgün ödənilməməsi əksər hallarda məlumatsızlıq ucbatından baş verir.
Ekspert bildirib ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödəniləsi gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergiödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
A.Bayramov, həmçinin qeyd edib ki, “Vergi Məcəlləsinə əsasən, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.
E.ŞİRİNOV