Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan “Təzadlar”a bildirilib ki, araşdırmalarla Xaçmaz rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsində, Lənkəran şəhərində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, İsmayıllı rayonu, Təzəkənd bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu ərazisində yerləşən Daşağıl meşəbəyliyinin 8 saylı dolayında meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli ümumilikdə 280-dən çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 60 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

***

Yanğınların baş alıb getdiyi, ekoloji narahatlıqları yaşadığımız bir vaxtda təbiətə qənim kəsilmək yolverilməzdir. Necə ola bilər ki, bir tərəfdə yanğınlarla mübarizə aparıb meşələri-ağacları xilas etməyə çalışırıq, digər tərəfdə isə kimlərsə ağaclara qənim kəsilir?! Belə əməllərin cəzası ağır da olmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN