Ermənilərin azərbaycanlı hərbi qulluqçulara qarşı törətdikləri humanitar hüquqazidd vəhşi əməllər qəbuledilməzdir.
Azərbaycanın Meksikadaki səfirliyinin yaydığı məlumatda deyilir ki, bu, Kolumbiyanın “Al Press” xəbər agentliyinin Ermənistanın hərbi cinayətləri barədə məqaləsində yer alıb. “Alçaqlığın cəzasız qalması” başlıqlı məqalədə sosial şəbəkələrdə silahsız Azərbaycan əsgərinin işgəncəyə məruz qoyulmasını göstərən video və foto görüntülər yayılmasının hiddət doğurduğu bildirilir.
Qeyd olunur ki, insanlıqdan çıxmış erməni quldurlarının əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq əsir düşmüş azərbaycanlı hərbi qulluqçulara qarşı törətdikləri humanitar hüquqazidd belə vəhşi əməllər qəbuledilməzdir və dünya ictimaiyyəti tərəfindən bir mənalı şəkildə pislənilməlidir.
Məqalədə “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın müddəalarını kobud şəkildə pozan erməni canilərinin cəzasız qalmalarının onları daha da cəsarətləndirdiyi və azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkliyin ən yüksək həddə çatdığı təəssüflə bildirilir. Həmçinin, erməni vəhşiliyinin cəzasız qalması nəticəsində bu gün də hərbçilərin və dinc insanların mina terrorunun qurbanına çevrildiyinə diqqət çəkilir.
Xüsusi vurğulanır ki, beynəlxalq ictimaiyyət sülhə can atan Azərbaycana qarşı ermənilər tərəfindən törədilmiş hüquqazidd əməllərin cəzasız qalmasına son qoyulmasını tələb etməlidir.