Əfqanıstandan Özbəkistana nar şirəsi adı altında metamfetamin gətirməyə cəhd ediblər.
Belə ki, Əfqanıstandan yük maşını ilə daşınan 18 ton nar şirəsində 48 butulka metamfetamin olub. Gömrükçülər şirə qutularının bəzilərinin üzərində “M” hərfi ilə işarələndiyini, şirənin rənginin fərqli olduğunu, qapaqların altındakı qoruyucu pərdənin açıldığını müşahidə ediblər.
Özbəkistan Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Əfqanıstandan Özbəkistana gətirilən 9 min plastik şüşə nar şirəsi arasında 48 şüşə metamfetamin olub. Qabların çəkisi ilə birlikdə ümumi çəkisi isə 103 kq təşkil etmişdir.
Surxandərya rayonundakı “Airitom” gömrük postunda yükdaşıma sənədlərinə əsasən, içərisində 9000 ədəd plastik butulkalara qablaşdırılmış 18 ton nar şirəsi olan yük avtomobili saxlanılıb. Mallar Daşkənddəki şirkətlərdən birinin adına göndərilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, daxili işlər orqanlarının nümayəndələri və Sərhəd Qoşunlarının hərbi qulluqçuları ilə birgə Surxandərya Gömrük İdarəsinin əməliyyatçıları tərəfindən yük avtomobilinə baxış keçirilib.
Ekspertizanın rəyinə əsasən, şirənin tərkibindəki maddənin metamfetamin olduğu müəyyən edilib. Metamfetamin adətən ağ, kristal tozdur. Məlum olub ki, sonradan laboratoriyada və ya evdə buxarlandıraraq ondan təmiz toz əldə etmək planlaşdırılırmış...
JASMİN