Elşad Hacıyev: “Kiber cinayətkarlıq – maliyyə dələduzluğudur”

Təəssüflər olsun ki, bu gün bizlər kiber cəmiyyətdə yaşayırıq. Son günlər artıq dələduzlar yeni biznes növü yaradaraq sadə insanları aldatmaqla sərvətlər qazanırlar. Hətta bəzən elə hallar da olur ki, şirnikləndirmək məqsədilə “tilov”larına keçirdikləri şəxslərə 100-500 arası vəsaiti onların bank kartlarına yükləyərək bütün məlumatları əldə edir, həmin şəxsləri qeydlərində, nəzarətlərində saxlayırlar. Eyni zamanda, onların şəxsi məlumatlarını, hesablarını gündəkil nəzarətdə saxlayırlar “qurbanlarının” hesablarında pul olan kimi onu avtomatik olaraq öz hesablarına köçürdürlər.

Xaricdə olan cinayətkar quruplar çox təəssüflər olsun ki, bu işə orada yaşayan bəzi azərbaycanlıları da öz cinayət əməllərinə cəlb ediblər. Onlar Azərbaycan dilini mükəmməl bildikləri üçün özlərinə daha çox qurbanlar tapırlar. Belə ki, onlar E-poçta, mobil telefona, hətta votsapa zəng və mesaj yazaraq növbəti qurbanlar axtarırlar. Məsələn, bir neçə gün bundan öncə Ukrayna nömrəsi ilə, üç saat sonra isə Almaniya nömrəsi ilə votsap nömrəmə uzub-uzadı geniş bir, sanki məqaləni xatırladan SMS gəlmişdi. Düzdür, tanımadığım zənglərə cavab vermək, hətta gələn mesajları oxumaq adətim deyil. Lakin bir jurnalist kimi, bu mesaj diqqətimi çəkdi. Göndərilən mesajların hər ikisinin məzmunu eyni idi. Sadəcə, profildə fərqli şəkillər yerləşdirilmişdi. Belə ki, Ukraynadan gələn mesajda TIR sürən cavan bir oğlanın, Almaniyadan gələn mesajda isə xəstəxana palatasında yatan, hətta ağzında süni hava aparatına qoşulan 90 yaşlı bir kişinin şəkli əks olunurdu.      

Həmin SMS-lərdəki yazıların mətnini qısa şəkildə oxucularımıza təqdim etməyi özümə borc bildim: “Biz hal-hazırda kimsəsizik. Ata-babalarımızdan bizə çoxlu şirkətlər, otellər, hosterlər, restoranlar, müxtəlif iaşə obyektləri qalıb. Bizlər də xəstə olduğumuz üçün savab iş görüb Cənnətə düşmək istəyirik. Bunun üçün çox dua edirdik. Sizə nə qədər qəribə gəlsə də, səmimiyyətimə inanın ki, məhz sizi dəfələrlə yuxuda görmüşəm. Bu yuxu bir neçə dəfə təkrarlandığı üçün əmin olduq ki, bu işdə bir kəramət var. Vəziyyəti şəxsi vəkimizə danışdıq, o isə 2 aylıq araşdırmadan xəbəriniz olmadan sizi tapdı. Bu gün də bu xəstə yatağımızdan vəkilimizin vasitəsilə sizə bu mesajı yazaraq acizanə xahiş edirik ki, öz şəxsi hesab nömrənizi elə bu dəqiqə SMS-in göndərildiyi nömrəyə atasınlz. Bizlər vdə sizə ayırdığımız 1 milyon 700 min avronu sizin hesabınıza köçürdək.

Əvvəlcədən siz minnətdarıq ki, bu savab işdə bizə yardımçı olacaqsınız. Çünki siz bizim Cənnətə giriş biletimizsiniz”.

Əziz oxucular, sizcə, bu, cəfəngiyat deyilmi? Bir də sanki keçmiş nağılları xatırladır. Məsələn, qurbağa gəlib ölmüş prinsessanı öpür, nəticədə, qız ayılır, qurbağa isə dönüb şahzadə olur və sonda evlənirlər. Bu, xoşbəxt sonluq olsa da, yaşadığımız kiber cəmiyyətdə reallıqdan çox uzaqdır.  

Belə ki, dələduzlar reputasiya yaratmaq, pul qazanmaq üçün bu kimi “şirin” vədlər verərək çox ailələri məhv edirlər.

Artıq 32 ildir jurnalist fəaliyyəti göstərirəm. Bu səbəbdən həm bir jurnalist, həm də bir vətəndaş kimi araşdırma apardım. Qarşıma çıxan ilk xəbərdə Bakıda bir qadının 202 nəfərə 498175 manat zərər vurduğu məlum oldu. Hazırda polis tərəfindən həbs edildiyini və ilkin istintaq aparıldığını oxudum.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev mətbuata açıqlamasında əhalini kiber cinayətkarlığa qarşı ayıq-sayıq olmağa və bu işdə hər kəsi maarifləndirməyə çağırıb: “Vətəndaşlar, kibertalamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyəti var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb.

Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqəti üzərinizə çəkməyin. Cinayətkar qruplar tərəfındən profıl və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın.

Kiber cinayətkarlıq - talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub.

Təkcə ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000,8485, 370,425,1482, 350,165,1420,165,140, 3000,

150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.

Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev, maşın alqı-satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb.

Eyni zamanda uşaqların kibertəhlükəsizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə valideynlərinin üzərinə düşür.

Bir sözlə, dələduzlar sizə polisdən, vergidən, bankdan, sosial müdafıədən, sığortadan, məhkəmədən saxta e-poçt, SMS göndərməklə şəxsi məlumatlarınızı əldə etməyə, link keçidlərinə yönəltməyə çalışırlar. Bu hallar sizin məlumatlarınızı öyrənmək üçün fışinq texnikasıdır. Məsələn, "sağlamlıq sığortanızın son hesablamalarından sonra biz sizin kompensasiya almaq hüququna malik olduğunuzu müəyyən etdik. Təsdiqləmək üçün linkə klikləyin”.

Yekun olaraq bir daha vurğulayaq ki, kiber çinayətkarlıq sözün əsl mənasında maliyyə dələduzluğudur. Sizlər də ehtiyatlı olun ki, belə dələduzların fişinq “texnikası”na çevrilməyəsiniz.

Rövşanə XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN