"Azərbaycan" nəşriyyatının rəhbərliyi problemin həllinə söz verdi…

Bu gün "Azərbaycan" nəşriyyatında uzun illərdir fəaliyyət göstərən redaksiyaların çoxsaylı jurnalistləri və rəhbər şəxsləri icarə haqlarının heç bir səbəb olmadan süni qaldırılmasına etiraz əlaməti olaraq tədbir keçirdilər. Tədbir nəşriyyatın qarşısında baş tutdu. Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin 3 PPX avtomobilində olan polis əməkdaşları, eləcə də ərazi polis bölməsinin əməkdaşları gəlmişdilər. Lakin polis əməkdaşlarının jurnalistlərlə fərdi söhbətindən sonra onlar da məlumatlandırıldılar ki, tədbir siyasi aksiya yox, icarə haqqının qaldırılmasına etiraz tədbiridir.

Çoxsaylı qəzet, sayt və internet TV-lərin də əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər keçmiş rəhbərlikdən (Ağabəy Əsgərov) miras qalmış təmirsiz, biabırçı otaqlara görə qiymətlərin təxminən 60 faiz qaldırılmasının yolverilməz olduğunu bildirdilər və bu məsələnin tezliklə həll olunacağına ümid etdilər.

icare-3

"Təzadlar"ın baş redaktoru Asif Mərzili LAFTV və ToplumTV əməkdaşlarının sorğusuna cavab müsahibəsində bunları dedi: "…Mən təxminən 45 ildir "Azərbaycan" nəşriyyatında çalışıram. Əvvəllər çoxtirajlı "Böyük kimya uğrunda" (Azərbaycan və rus dillərində), qəzetinin baş redaktoru işləmişəm, daha sonra "Respublika" və "Azərbaycan" qəzetlərində xüsusi müxbir, ardınca "Ədalət" qəzetində baş redaktorun 1-ci müavini, 1993-cü ildən isə "Təzadlar" qəzetinin (həmçinin tezadlar.az saytının və tezadlarTV-nin) tətsisçisi və baş redaktoru kimi fəaliyyət göstərirəm. İndiyədək "Azərbaycan" nəşriyyatına təxmini hesablamalarıma görə, 200 min manatdan çox icarə haqqı ödəmişəm. Bu o deməkdir ki, "Azərbaycan" nəşriyyatının saxlanmasında bizim də payımız var. Mən Dünya Türk Jurnalistlər Birliyinin üzvü və Azərbaycandakı təmsilçisiyəm, birliyin ilkhavadis.com, eləcə də anadoluyakasihaber.com saytlarının köşə yazarıyam, trtajans-ın Azərbaycan təmsilçisiyəm… Yəni, bir Azərbaycan vətəndaşı və jurnalist olaraq Azərbaycan həqiqətlərini dünyaya təmənnasız, vicdanımın hökmü ilə yayıram. Belə çıxır ki, indi dövlətinə, millətinə və xalqına təmənnasız xidmət edən süni icarə haqqı artımı ilə imtahana çəkilir… Ulu Öndər Heydər Əliyev dəfələrlə qəzetlərin «Azərbaycan» nəşriyyatına olan boclarını sildi, digər güzəştlər tətbiq etdi ki, mediamız inkişaf etsin. Prezident İlham Əliyev jurnalistlərə hər cürə kömək edir, dəstək verir, hər dəfə də «Mən jurnalistlərin dostuyam!» deyir. Belə çıxır ki, bəzi məmurlar Prezidentin dostları ilə düşmənçilik etmək istəyir… "Azərbaycan" nəşriyyatı Prezidentin sabiq köməkçisi Əli Həsənovun sayəsində indiki nimdaş görkəmə salındı, bir dəfə də olsun bu nəşriyyata ayaq basmadı. Amma jurnalistlərin adına KİVDF yaradıb bəhrələndi. Bu gün nəşriyyatın 8-ci mərtəbəsinin yarısı istisna olmaqla, qalan mərtəbələri mal ferması günündədir, dəhlizlərdəki Sovetdənqalma  parketlər ayağa ilişir, otaqlarda istilik sistemi yox, sanuzeldən danışmağa dəyməz… Liftlərə girəndə tanınmış seyyidlərə nəzir deyirik ki, kanatları qırılmasın… Əli Həsənov nəşriyyatın əsas istehsalat sahələrini ala-ala bir bu binaya girişə bilmədi. İndi on illərdir bu vəziyyətdə çalışan jurnalistləri birdən-birə süni icarə haqqı artımı ilə sınağa çəkmək yolverilməzdir. İstəyimiz budur ki, aidiyyəti dövlət qurumları bu məsələdə jurnalistlərə dəstək olsunlar. Ölkədə pensiya artımı 10-15 faiz qaldırılır, dövlət nəşriyyatında isə qiyməti 60 faiz qaldırırlar…".

Qeyd edək ki, tədbirdən sonra "Azərbaycan" nəşriyyatının direktor müavini Anar müəllim bir qrup jurnalistləri qəbul etdi. O, söz verdi ki, qaldırılan problemləri nəşriyyatın direktoru Leyla Güləliyevaya çatdıracaq, Prezident Administrasiyasına məruzə ediləcək. Söz verdi ki, problemdə ortaq məxrəc tapılacaq.

Onu da deyim ki, icarə haqlarının süni qaldırılmasına etiraz edən çoxsaylı jurnalistlərin Prezident İlham Əliyevə müraciəti hazırlanıb, imzalanma ərəfəsindədir.

Elçin Məmmədli

icare-2

icare-5

icare-6

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN