…Bəşəriyyət daha bir ili geridə qoydu. Təəssüf ki, İsveçrədə ötən il də 2020-ci il kimi heç də yaddaşlarda yaxşı izlər buraxmadı.

Əgər 2020-ci il "karona" bəlası gətirmişdisə, 2022-ci il özüylə müharibə gətirdi. Əgər, "korona" həm də insanın iradəsindən asılı olmayan bir faciə idisə, rusların Ukraynaya hücumu ilə başlayan və artıq 11 aydır  davam etməkdə olan müharibə tam "insan beyninin məhsuludur". Və nə qədər qəribə görünsə də, hər iki faciədə bəşəriyyət şərə qarşı birgə çıxış edir, ancaq bu yolla şərə qalib gəlməyin vacibliyini anlayır.

  Yeni - 2023-cü ilin ilk ayı bitmək üzrədir, ancaq gözləntilər heç də özünü doğrultmadı. Rusiyanın  Ukraynaya qarşı açdığı işğalçı müharibə yeni il  bayramları ərəfəsində heç də səngimədi. Təəssüf  ki, müharibə davam etməkdədir. Əlbəttə ki, gedən müharibə ilə bərabər, onun yan təsirləri də davam etməkdədir. Bu yan təsirlərə, siyasi-iqtisadi, humanitar sahələr də aiddir.

 Müharibə və humanitar yardımlar…

   Müharibə və onun tələb etdiyi humanitar yardımdan danışarkən, biz Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXC) gördüyü işlərə də nəzər salaq. Bu beynəlxalq təşkilatın Ukrayna müharibəsi ilə əlaqədar gördüyü işlərə gəldikdə,  qeyd edək ki, təşkilat Ukrayna ərazisində hələ 2014-cü ildən fəaliyyət göstərir, orda 600-dən çox əməkdaşı çalışır. Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq, təşkilat  Ukraynada müharibə qurbanlarının yaxınlarına kömək etmək üçün Xüsusi Böyük Axtarış  Mərkəzi açdı. Bu təsisat Cenevrə hava limanı yaxınlığındakı logistika mərkəzində yerləşir. Fəaliyyətə ötən ilin martından başlayıb. Hər gün burada yüzlərlə insanın– Ukrayna müharibəsində doğmaları itkin düşmüş və ya əsirlikdə olan şəxlərin müraciəti cavablandırılır. Lakin zaman keçdikcə, mərkəzin işi artır ki, azalmır. Müharibə başlayandan bəri bu mərkəz 45000 sorğu üzərində işləyib. Onlardan 4000-i cavablandırılıb. Mərkəzə  müraciət etmiş insanlar öz doğmalarının  tapılmasına və ya barələrində ümumiyyətlə,  həqiqəti bilməyə ümidlidirlər.

 Ukrayna müharibəsi Davos forumunda…

   Ukrayna müharibəsi bu günlər İsveçrədə - Davosda keçirilən ənənəvi Ümumdünya İqtisadi Forumunun da əsas mövzularından biri oldu. Ukrayna prezidenti Zelenskinin xanımı - Elena  Zelenskinin Davosdakı çıxışı isə İsveçrə mediasında çox pozitiv qsrşılandı, bu çıxışın həm də kommunikasiya müharibəsi yönümündə çox əhəmiyyətli sayıldığı qeyd olundu. Xamım Zelenski öz çıxışında əsasən, Ukraynaya yardımın  davam etdirilməsinin vacibliyini qeyd etdi, xatırlatdı ki, "Əgər evin yarısı hələ yanmaqda  davam edirsə, yanğını söndürməyi dayandırmaq olmaz".

  Forum iştirakçılarına həm də prezident Zelenski videomüraciət etdi: "Tiraniya demokratiyadan daha cəld hərəkət edir", -deyən Zelenski Forum iştirakçılarından Ukraynaya kömək qərarlarının qəbulunu sürətləndirmək çağırışını etdi. Prezident yardım dedikdə, əsasən Hava Hücumundan Müdafiə Sistemləri və qərb istehsalı olan tankları  nəzərdə tuturdu.

 Elena Zelenski ötən həftə İsveçrə Xarici İşlər Naziri İnassio Kassiso ilə görüşdü, əsasən humanitar yardım haqda danışdı, özünün yaratdığı fondu dəstəkləməyə çağırdı. Bu fond valideynlərini itirmiş uşaqlarla işləyir. Federal Katib İsveçrənin imkan daxilində maksimum kömək edəcəyinə söz verdi.

***

  Müharibə davam edir, qərb  ölkələri Kiyevə hərbi yardımı artırdıqca, bitərəf İsveçrəyə olan təzyiqlər də bir növ artır. "Mən bütün dövlətləri  Ukraynaya kömək etməyə çağırıram, biz artıq nə baş verdiyini anlamalıyıq: bu, Rusiyanın suveren demokratik Avropa ölkəsinə qarşı apardığı aqressiv müharibədir"- deyə NATO-nun  Baş Katibi Yens  Stoltenberq  SRF müxbirinin sualını cavablandırıb. Jurnalistin sualı belə idi: "Alyans İsveçrə silah və sursatlarının ixracı üçün Bernə təzyiq göstərirmi?"   Stoltenberqin sözlərinə görə, indi söhbət bitərəflikdən deyil, BMT- nin Nizamnaməsində göstərilən, özünümüdafiə hüququndan gedir. Yens Stoltenberq bu günlərdə  Davosda düzələnmiş Ümumdünya İqtisadi Forumdakı çıxışında da bunları qeyd edib.

 İsveçrə və silah ixracı…

 Bəs ümumiyyətlə, İsveçrənin silah ixracı və təkrar ixracı ilə əlaqədar tutduğu mövqe necədir? İsveçrə Ukrayna məsələsində də bitərəf mövqe tutmaqda davam edir. Digər dövlətlər isə indiki situasiyada bu mövqeni məqbul saymırlar. Xatırladaq ki, öncə Federal Şura Danimarka və Almaniyanın İsveçrə  hərbi sursatlarının Ukraynaya çatdırılması haqda müraciətinə VETO qoymuşdu. Bu yaxınlarda isə, İspaniya İsveçrədən alınmış 35 mm. «Zenit»   toplarının Kiyevə verilməsi barədə Şuraya müraciət edib və yəqin ki, bu müraciət də önçəkilər kimi bitərəflik prinsiplərinə əsasən rədd ediləcək.

 Ukrayna müharibəsi və silah alverçiləri…

   Qeyd etmək yerinə düşər ki, Ukrayna müharibəsi də dünyanın çoxsaylı silah alverçiləri üçün gəlir mənbəyinə çevrilib. 24 fevral 2022-ci il tarixindən sonra hərbi iqtisadiyyat yüksəliş dövrü keçirir və məhz bunun müqabilində Amerika və Avropanın silah istehsal edən şirkətlərinin aksiyaları sürətlə bahalaşıb. Bu şirkətlər əsasən müxtəlif növ silahlar: tanklar, qırıcılar, yerüstü, sualtı, kosmik  sistemlər üçün avadanlıqlar, radarlar  və s. istehsal edirlər. İtaliyanın “İl Tempo” qəzeti bu şirkətlərdən bəzilərinin gəlirlərini belə qeyd edir:

  -Rheinmetall (+125%)

  -Dassault Aviasion (+65%)

  -Ceneral Dynamics (+20%).

İsveçrə də indi silah alverindən xeyli gəlir əldə edir, 2022-ci ilin ilk yarısı ölkə 517 mln. franklıq  silah eksport edib ki, bu da son illərin ən yüksək göstəricidir. Əsas alıcısı Qətər olub, ancaq Avropanın 30 ölkəsinin də bu izdivacda payı var. Müştəri ölkələr İsveçrə silahlarını alarkən, Bernin  icazəsi olmadan bu silahları başqa ölkəyə verməyəcəyinə (satmayacağı) dair sənəd imzalayıb, müvafiq öhdəliklər götürürlər.

ilham-res-1

  Ukrayna müharibəsi və Azərbaycan…

  Son dövrlər dünyada baş verən  olaylar, müharibələr həm də ölkələr arasında yeni münasibətlər formalaşdırır. İşğaçı ambisiyalarına görə, Rusiya kimi nəhəng enerji istehsalçısına qarşı tətbiq edilən sanksiyalar, embarqolar və müxtəlif iqtisadi qadağalar qeyri - ixtiyari  Azərbaycan kimi enerji ehtiyatlarına malik olan ölkələrin qarşısında yeni perspektivlər açır. Biz bunu son 3 ildə açıq -aydın hiss edirik, Davosda düzənlənən ənənəvi İqtisadi Forumda da bunun şahidi olduq. Forumda Azərbaycana xüsusi diqqət göstərildi. Prezident İlham Əliyevin Davosda ardıcıl çıxışı onun şəxsinə beynəlxalq hörmətin təzahürü idi. Bu, Azərbaycan üçün olduqca vacib amildir! Yetər ki, dövlət öz iqtisadi potensialından, təbii sərvətlərindən məqsədəuyğun yararlansın, gəlirlərini xalqın rifahının yaxşılaşdırılması üçün yönəltsin, demokratik islahatları sürətləndirsin, söz, mətbuat azadlığı üçün daha yaxşı şərait yaratsın, siyasi fikir müxtəlifliyinə - rəqabətə yer versin. Bütün bu sadalananlar uğurla həyata keçirilib, məntiqi nəticəyə varsa, Azərbaycan Qafqazın İsveçrəsinə çevrilər. İsveçrə insanları arasında apardığım sorğular da göstərir ki, bunun üçün bütün ilkin şərtlər və potensial mövcuddur. Ən ümdəsi isə, biz sülhsevər, zəhmətkeş, qonaqpərvər və xoşməramlı xalqıq. Əhalimizin sayı İsveçrə əhalisi ilə təxminən eyni olsa da (10 mln.- 8.5mln.). Ərazimiz iki İsveçrə ərazisi (Azərbaycan-89000 kv.km. – İsveçrə-44000 kv.km) qədərdir.

İlham Rəsul

Aarau- İsveçrə

(«Təzadlar»ın xüsusi müxbiri)

ilham-res-2

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA