“…Mən inanıram ki, biz əməkdaşlıq edə-edə bir-birimizə hörmət bəsləyərək  Böyük İpək yolu ilə birlikdə getsək, o yol xalqlarımızı firavanlığa və tərəqqiyə aparacaq”  Heydər ƏLİYEV

 ...Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın coğrafi əhəmiyyəti barədə geniş yazmağa ehtiyac yoxdur. Tarix boyu bu faktor beynəlxalq ticarət üçün mühüm amil olub. Düzdür, strateji mövqedə yerləşən bu cür ölkələr çox olsa da, onların  geostrateji və tranzit dəhlizi əhəmiyyətinə malik olması çox vacibdir. Belə vacib amillərdən biri də ölkədə daxili sabitliyin təmin olunması, iqtisadi potensialın səviyyəsi, tranzit iqtisadi-ticarət əməliyyatlarının həyata keçirilməsi üçün infrastrukturun mövcudluğu, (dünya standartlarına cavab verən gömrük sistemi, hava limanları, avtomobil yolları, təyyarələrin yenidən yanacaqla doldurulması üçün imkan və s.) ölkənin beynəlxalq tranzit daşımaya qoşulması və bir sıra digər faktorlar…    

        Yaradanın Azərbaycana bəxş etdiyi bu fürsəti xalqın xeyirinə  dəyərləndirmək üçün sağlam düşüncə lazım idi. Ulu öndər Heydər Əliyev xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra dünya ölkələri ilə, xüsusən Avropa İttifaqı ilə işgüzar münasibətlər qurdu. Regionda və dünyada gedən qlobal prosesləri zərgər dəqiqliyi ilə izləyən ulu öndər Azərbay­canın beynəlxalq inteqrasiya prosesində iştirakı baxımından vacib olan transmilli yükdaşı­maya, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinə xüsusi önəm verirdi. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinini nəinki birmənalı şəkildə dəstəkləyir, onların reallaşması və bu sahədə layihələrin hazırlanması üçün Bakını beynəlxalq konfrans mərkəzinə çevirmişdi. Belə layihələrdən biri vaxtilə katibliyi Bakıda açılan məşhur Böyük İpək yolu diplomatiyası - TRASEKA proqramıdır. Bu layihədə Şimal yarımkürə­sində iqtisadi və siyasi baxımdan aparıcı dövlətlər sayılan ölkələrin hamısını təmsil olunurdu. Heydər Əliyevin bu layihəyə ciddi münasibəti və gərgin əməyinə görə TRASEKA layihəsində Azərbaycan müstəsna əhəmiyyətə malik idi. 1998-ci ildə Avropa – Qafqaz –Asiya nəqliyyat dəhlizinin inkişafına nəzarət edən Daimi Katibliyin mənzil-qərargahı da Bakıda açıldı.Həmin konfransda ulu öndər Heydər Əliyev çıxışında bu proqrama inamını hər cümləsində ifadə edirdi: “…Mən Avropa İttifaqının nümayəndələrinə müraciət edirəm ki, TRASEKA proqramına vəsait ayırmağa xəsislik etməyin. Bu nə sizə bə bizə xeyir verər. Böyük İpək yolunun bərpa edilməsi bu gün üçün, XXI əsr üçün həyata keçiriləcək ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafını nə qədər tez təmin edə bilsək, Cənubi Qafqaz, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyası o qədər sürətli olacaq”.            Avropa İttifaqının TRASEKA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” layihəsi 1993-cü ilin mayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülmüşdü. Təşəbbüs avropalıların ağlına batmışdı. Odur ki, elə o konfransda iştirakçılar tərəfindən TRASEKA-ya texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilmişdi. Layihəyə əsasən, marşrutun təqribi istiqamətləri, yükdaşımaların xarakteri və əsas marşrut xətti ikitərəfli ola­caq­dı. Şərqdən Qərbə əsasən, xammal və enerji ehtiyatları daşınacaq. Əks istiqamətə isə müasir texnologiyalar və investisiya axını.

   Tranzit ölkələrin daxilindəki ucqar regioanların inkişafı da layihədə ağırlıqlı şəkildə nəzərdə tutulmuşdu. Məsələ ondan ibarət idi ki, ucqar bölgələrdə urbanizasiya artır, insanların mərkəzlərə axışması arzuolunmaz “şəhərləşmə” yaradırdı.  Bu problem Azərbaycana da tanışdır. Ölkəmizdə sənaye potensialının 80 faizi, əhalinin isə böyük bir hissəsi Bakı kimi çox da böyük olmayan mərkəzdə cəmləşmişdi,  təəssüf ki, indi də elədir. TRASEKA-ya daxil olan ölkələrdə də durum eynidir. Proqramda Böyük İpək yolunun keçdiyi bütün coğrafi­yada ucqar bölgələrin inkişafı xüsusilə nəzərdə tutulmuşdu. Problemlərin aradan qaldırıl­ması üçün mövcud nəqliyyat arteriyalarının bərpası layihənin əsas məsələlə­rindən biri idi. Bu ölkələrə yeni avtomobil və dəmir yollarının çəkilməsi, köhnə yolların yenidən bərpası o coğrafiyanın icması üçün can suyu demək idi. Araşdırmalar göstərir ki, TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin keçdiyi ölkələrdə Avropa İttifaqının ayırdığı vəsait hesabına xeyli layihələr reallaşdırılmışdı.  Dəhlizin təkcə Azərbaycan hissəsindən keçən yük dövriyyəsi 1995-ci uildə 355 min ton olduğu halda, ildən ilə artaraq, 2000-ci ildə 5,2 milyon tona çatmışdır.

dmir-yolu1

  Böyük İpək yolu diplomatiyasının -  TRASEKA proqramının əsas istiqamət­ləri, etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün siyasi dialoqu təmin etmək, bölgələrin tərəqqisi üçün iqtisadi əməkdaşlığı və təbii ehtiyatların istismarı üzrə əməkaşlığı formalaşdırmaq, demokratikləşdirmə və sabitləşdirmə vasitəsilə sülhə nail olmağa yönəldilmiş əməkdaşlığı həyata keçirmək idi. Layihənin şərtləri o qədər cəlbedici idi ki, Şərqi Asiyada yerləşən Yaponiya kimi inkişaf etmiş dövlət belə tarixi İpək yolunun əhəmiyyətini yüksək qiymətləndirərək, XV-XVI əsrlərdə dəniz yolları kəşf edilənə qədər Şərq ilə Qərbi birləşdirən bu yolla bundan sonra da irəliləmənin əhəmiyyətini vurğulamışdı. Odur ki, qısa zamanda Qırğız Respublikası Böyük İpək yolunun  Şərq və Qərb hissələrini birləşdirən Bişkək – Oş sahəsinin 600 km-lik hissəsini yenidən qurmaq üçün Asiya İnkişaf Bankından və Yaponiya hökumətindən üst-üstə 300 milyon dollar borc götürdü. Qısa zamanda Asiya ölkələri tranzit mövqelərinin bəhrəsini görməyə başladılar. 1996-cı ildə bu cür yükdaşımaların həcmi 140 min ton olduğu halda, 1997-ci ildə 300 min tona, 1998-ci ildə 700 min tona çatdı. O vaxt Azərbaycan Respublikasının Prezidenti olan, böyük lider Heydər Əliyevin sayəsində layihənin gerçəkləşdirilməsində ən fəal rol oynayan ölkələrdən biri Azərbaycan idi. Qısa zamasnda ölkədə körpülər tikilir, avtomobil yolları, beynəlxalq dəniz və hava limanları bərpa edilir, gömrük məntəqələri yaradılırdı. Avropa İttifaqı TRASEKA proqramının həyata keçirilməsi üçün Azərbaycana qrant şəklində 7 milyon 650 min ekü ayırmışdı.   

      1996-cı ilin aprelində Lüksemburqda Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında saziş imzalandı. Bu saziş Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında sıx əlaqələrin yaranmasına kömək göstərmiş, ehtiyac olduqca həmin beynəlxalq təşkilatlardan maliyyə yardımı alınmışdır. Bu sazişə əsasən, Avropa-Qafqaz-Asiya dəhlizində tranzit ölkə kimi mərkəz seçilən Bakı yüksək yükqəbuletmə və yükgötürmə imkanına malik idi. Bu fürsətlər ölkəmizə külli miqdarda iqtisadi mənfəət gətirdi.  1998-ci il oktyabrın 7-də Qazax rayonu ərazisdində yerləşən, Azərbaycan və Gürcüstan respublikalarını birləşdirən “Qırmızı Körpü”nün əsaslı yenidənqurma işləri aparıldıqdan sonra rəsmi açılışı mərasimində  Azər­baycan Prezdenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze açılışda iştirak etmişdilər. Bu hadisə doğrudan da hər iki ölkənin həyatında mühüm rol oynadı. “Qırmızı Körpü” indi də yükdaşıma­lar sahə­sində beynəlxalq standartlara tamamilə uyğun olan ən strateji əhəmiyyətli yoldur.  

  1998-ci il oktyabrın axırlarında Bakı Beynəlxalq Dəniz Limanı İdarəsi ilə “Poltsuq” müştərək Almaniya-Polşa firması arasında əməkdaşlıq barədə protokol imzalanmışdı. Protokolda nəzərdə tutulurdu ki, TRASEKA xətti ilə Azərbaycana göndərilən yüklərin daşınması üçün limanın konteyner termi­nalın­dan istifadə edilsin. Həmin ildə 5 köhnə bərə dənizinin şərq sahilindən 3.500 vaqon yük daşınmışdır. Bu o deməkdir ki, həmin bərələr vasitəsilə yükdaşımaların həcmi 3 dəfədən çox artmışdı. 

   Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci ilin sentyabrında bir vaxtlar Böyük İpək yolunun üstündə olan ölkələrin rəhbərlərinin Bakıda sammitinin keçirilməsini təklif etmişdi. Düz bir il sonra - 1998-ci il sentyabrın 7-8-də dünyanın 32 dövlətinin 13 beynəlxalq təşkilatının və 200 mətbuat nümayəndəsinin və TRASEKA proqramında iştirak edən dövlətlərin iştirakı ilə Böyük İpək yolunun bərpasına həsr olunmuş tarixi Bakı konfransı keçirildi. Konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı haqqında saziş imzalandı. Bakı konfransı bu sənədlə TRASEKA-nın hüquqi əsasını, Şərq və Qərb dövlətləri­nin səmərəli əməkdaşlığı üçün şərait yaratdı. 32 böyük dövlətin təmsilçisi Heydər Əliyevin siyasi liderliyinə, uzaqgörənliyinə güvənərək, TRASEKA-nın miqyasının genişlənməsi üçün ən ağır məsuliyyətin altına girməkdən çəkinmədilər.    

   Əlbəttə, qısqanclıqla yanaşanlar da az deyildi. Bu layihə iştirakçı ölkələrə imkan verirdi ki, Rusiyanın nəqliyyat infrastrukturundan istifadə etmədən məhsullarını dünyanın istənilən nöqtəsində yerləşən ünvana çatdıra bilsinlər. Rusiya isə regionda üstünlüyü ələ keçirmək şansını itirirdi. İpək yolunun bərpasına həsr olunmuş o tarixi konfransda Rusiya nümayəndə heyətinin rəhbəri bəyan etdi ki, TRASEKA magistralı rentabellik baxımından məqbul deyil. O, sübut etməyə çalışırdı ki, Rusiyanın nəqliyyat imkanlarından istifadə edilməsi daha sərfəlidi. Rusiya tərəfi bu proqramın iştirakçısı olan MDB ölkələrini məcbur edirdi ki, inteqrasiya proseslərinin inkişafını yalnız Rusiya ilə məhdudlaşdırsınlar. Türkiyə isə o illərdə türkdilli respublikalarla əlaqələrini  gücləndirmək, Avrasiyada təsirini genişləndirmək üçün TRASEKA-ya ən mühüm vasitə kimi baxırdı. Burada biraz təəssüfümü gizlətmiyəcəm, çünki Mərkəzi Asiya ölkələri o vaxt Türkiyənin gərmək istədiyi qardaş qol-qanadına isti münasibət göstərmədilər.  

  O aralar TRASEKA proqramı o qədər populyarlaşdı ki, hətta İran da regionda öz təsir dairəsini genişləndirmək üçün yaranmış imkandan istifadə etmək istədi. Lakin TRASEKA-ya daxil olan ölkələr üçün İran cəlbedici olmadı. Hətta layihənin təşəbbüsçüsü olan bəzi ölkələr arasında problemlərin həlli ilə əlaqdədar tez-tez fikir ayrılığı yaranırdı. Mərkəzi Asiyadan və Qafqazdan Qərbi Avropaya gedən yolboyunca  yerləşmiş “bufer” dövlətlər - Ukrayna Moldova, Rumıniya, Bolqarıstan kimi ölkələr TRASEKA-nın neft amilindən yararlanmağa çalışırdılar. Çünki regionda siyasi və iqtisadi iqlimi müəyyənləşdirən və bu nəhəng layihənin perspektivini təyin edən məhz neft amili idi, bu proqram neft müqaviləsinə böyük ümidlər bəsləyirdi. Əfqanıstan, Pakistan kimi ölkələr TRASEKA-da təmsil olunmaq üçün müraciət etmişdilər.

Ermənistana gəlincə, o bu proseslərdən kənarda qalmışdı. Bu ölkənin siyasi avantürizmi onu TRASEKA-dan ötrü sabitliyi pozan amilə çevrilmişdi. Ermənistanın təşəbbüsləri qəbul edilmir, özü isə proqram çərçivəsində hazırlanan layihələrin heç birində iştirak etmirdi. Azərbaycan və onun lideri Heydər Əliyev isə hərəkətverici qüvvə kimi proqramın rəhbərlərindən biri idi. 

Görkəmli dövlət xadimi Heydər Əliyevin cəsarətli və kostruktiv islahatları Azərbaycanda əldə edilmiş siyasi və iqtisadi sabitlik respublikanın milli və dövlət maraqlarını uğurla müdafiə etməyə, dünya iqtisadiyyatına sıx birləşməyə və respublikanı bölgənin ən dinamik inkişaf etməkdə olan dövlətlərindən birinə çevirməyə imkan vermişdi.

Səriyyə Müslümqızı

Yazı, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN