Biz həqiqətən sənət ruhlu xalqıq. Janrından,növündən asılı olmayaraq, yaşadığımız hər hadisəni şeirləşdirə, nəğmələşdirə, bədiiləşdirə bilirik. Ötən əsrin 70-80-ci illər mətbuatını araşdırarkən Baykal-Amur Magistralına (BAM) aid o dövrün qəzetlərində, kitablarında nə qədər şeirlə qarşılaşdım. Uzunluğu 4300 kilometr olan Rusiyanın Şərqi Sibirdən və Uzaq Şərqdən Sakit okeanına çıxan dəmir yol magistralı - Baykal -Amur Magistralının tikintisi Azərbaycanda ədəbiyyata belə gətirilmiş, ucsuz-bucaqsız Tayqa şeirlərimizdə yer almışdır. Bəlkə də ona görə ki, uzaq Sibirin, Baykalın, Tayqanın taleyini dəyişdirən əl bizdən idi.  

Kim deyir ki, Sibir bir də,

bataqlıqlar caynağında boğulacaq.

Yox, Yalandır! Sibir hələ indən belə

öz varıyla,

neçə dəfə doğulacaq:

İnsan oğlu bu yerlərin taleyini

Öz əlinə alanadək,

Sibir, Sibir olanadək...

O dövrü araşdırarkən, BAM sanki Azərbaycandaymış, Bakıdaymış kimi gəlir insana.   Xalqımız nə qədər candan-qandan yanaşıb BAM-ın tikintisinə!?  Onlardan yazmaq bir jurnalist kimi mənim maraqlı mövzum olub. Vaxtilə Bakıda oxuyub  orda işləyən, Sumqayıtda işləyən bir neçə kəndlimiz BAM-ın tikintisinə getmişdi. Bir neçəsinin ata-anası razılaşmamışdı ki, Sibirdə yayda 25 dərəcə şaxta olur. Həmən oğlanlar məktublarında yazırlardı ki, Sibirdə havalar çox mülayimdi, şaxta yoxdur. “Pravda” qəzetinin 26 noyabr 1981-ci il tarixli (Transsibirskoy maqistralğö) “Jeleznodorojnıy vıxod Rossii k Tixomu okeanu”  adlı məqaləsində yazılırdı ki, azərbaycanlı gənclər ürəklərinin atəşi, əllərinin hərarəti ilə Sibirin min illik buz yorğanını üstündən götürməyə gəliblər. Orda çalışan azərbaycanlılar Sibirdən qış nağılı kimi bəhs edirdilər. Qəzetlər Heydər Əliyevin Baykal - Amurda möcüzələr yaratdığından bəhs edirdi. Bir sözlə, mətbuatı vərəqlədikcə, o dövrün ruh halını anlamaq olur. BAM gənclərimizi maqnit kimi özünə çəkib. Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə azərbaycanlı gənclər daha çox BAM -Tında-Berkakit dəmir yolu xəttinin çəkilişində iştirak ediblər. Sonralar mən kəndimizdən gedən gənclər haqqında rayon qəzetimizə məqalə yazanda müsahiblərim danışırdı ki, BAM-ın ürəyi olan Tındada yaşayan insanlar buryatlarmış- xalis-munis türklər. Dörd il orda Sibirdən Sakit Okeana qədər yol çəkilişində iştirak edən Bakir Məmmədov deyirdi ki, çəkik gözlü buryatların bir çox  sözləri bizim sözlərə oxşayır, onlarla rus dilində danışmağa ehtiyac olmurdu, mən onları başa düşürdüm.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi vüsət alan magistralın 210-cu kilometrliyində Azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edildi və stansiyanın ətrafında eyniadlı qəsəbə salındı. Qəsəbənin salınması birbaşa  Heydər Əliyevin nəzarəti altında həyata keçirildi. Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlmişdi. O vaxt Ulkan qəsəbəsinin yalnız adı var idi. Azərbay-canlılar isti əlləri ilə dəyişdirib yeni insan məskəni saldılar. Uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatmışdı.Rayonumuzdan gedən gənclərin bir neçəsi orada ailə qurub, hazırda özlərinin saldığı qəsəbələrdə - Ulkan və Anqoyada yaşayırlar.

Ölümündən sonra Hüseyn Cavidlə Sibirdə görüşən ilk azərbaycanlı  

Qazax rayonunun Kəmərli kəndindən olan Novruz Yusif oğlu Mustafayev İkinci dünya müharibəsindən sonra vətənə dönür. 1957-ci ildə M.Əzizbəyov adına AZİ-nin Neft kəşfiyyatçısı fakültəsinə daxil olur. O vaxtlar Sibirdə güclü neft fontan vurur. Bundan sonra Sovet rəhbərliyi Azərbaycandan Sibirə neft mütəxəssisləri göndərir. Gənc Novruz çox keçmədən Şərqi Sibirdə ilk neft fontanının bağlanmasında iştirak edir. 1960-cı ildə Moskva Dövlət Universitetinin İrkuts şəhərindəki filialının Hüquq Fakültəsində təhsil alır və 30 yaşında Baykal-Amur Magistralında baş prokuror vəzifəsinə təyin edilir. Sibirdə işlədiyi illər ərzində həmişə Heydər Əliyevin BAM-dakı nüfuzunu görür, onun rəhbərliyi altında fəaliyyət göstərirdi. Novruz Mustafayev Hüseyn Cavidin məzarı ilə görüşünü uzun illər sonra mətbuata belə açıb: “Bir gün yaşlı general məndən hansı millətdən olduğumu soruşdu, dedim ki, azərbaycanlıyam. Rəsizadəni tanıyırsanmı?-soruşdu. Xeyr, dedim. Bakıya gələndə Rəsizadənin Hüseyn Cavid olduğunu öyrəndim. İrkutskiyə döndükdən sonra generalın bəhs etdiyi Şevçenko qəbristanlığına getdim.Burada ərazi böyük, qəbirlərdə isə ad-soyad deyil, yalnız nömrələr yazılıb. Bəs hansı nömrədir? Bölgədəki arxivlərdə axtarışa başladım, sağolsun işçilər mənə kömək etdilər. Bir gün şad xəbər gəldi, Hüseyn Cavidin məzar nömrəsi 59-dur. Bəs bunu kim təsdiq edəcək? Sənədlərdə göstərilib ki, ölümünə yaxın bərk xəstələnib, aşırı öskürürmüş. Onu Tayşetdəki Əlillər xəstəxanasına yerləşdiriblər. Uzun axtarışlardan sonra ona xidmət edən tibb bacısını tapdım. Çox həyəcanlıydım, həm özüm o anı yaşamaq, həm də Heydər Əliyevə bu xəbəri çatdırmaq istəyirdim. Tibb bacısının yardımı ilə böyük Hüseyn Cavidin 59 saylı məzarını tapdım. Dua oxudum, saatlarla məzarı başında oturub söhbət etdim onunla. Bakıya gəldim, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinə gedib Hüseyn Cavidin qəbrini tapdığımı söylədim. Katib dərhal Nərkəzi Komitənin Birinci Katibi Heydər Əliyev zəng etdi. Çox keçmədən Heydər Əliyev bizi yanına çağırdı. Məni görən kimi, zarafatla, cavan oğlan, sən orada kəşfiyyatlamı məşğulsan?- dedi. Görüşdən sonra bütün başıma gələnləri rəsmi şəkildə yazıb rəhbərliyə təqdim etdim...”

(“Elm jurnalı 5 0ktyabr 2008. Səh 6.

“El-oba vurğunu)

O tarixi görüşdən bir neçə il sonra - 1982-ci ildə Ulu Öndər Heydər Əliyev Hüseyn Cavidin nəşini İrkutskdan vətənə gətirdi.O zamanlar bu müşkül idi, alınacağına inam az olsa da, Heydər Əliyev dühası, onun Sibirdəki qüdrəti, hörməti bu müşkülün buzlarını əritdi.

Tayqanın fatehi  

Miqyasına görə dünyada analoqu olmayan Baykal-Amur Magistralının tikintisinə 1940-cı ildə başlanılsa da, İkinci dünya müharibəsinin başlanması səbəbilə tikinti dayandırılmışdı. 1974-cü ildə tikintiyə yenidən qərar verildi. 14 il Azərbaycana rəhbərlik edən və cəsarətli addımları, riskli ideyaları ilə SSRİ-də böyük nüfuz qazanmış Heydər Əliyev 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi. Noyabrın 24-də isə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin edildi. Və bununla da, Tayqanın taleyində yeni ulduz parladı. 1984-cü il iyulun 5-də Sov.İKP MK-nın iclasında Heydər Əliyevin Baykal-Amur Magistralında dəmir yolunun tikintisi ilə bağlı geniş məruzəsi dinlənildi. Bundan sonra BAM-ın tikintisi tamamən Heydər Əliyevin nəzarətinə verilir. O, çox cəsarətli planların ideyasını təklif edir, Transsibir magistralının şimalında dəmir yolu çəkmək üçün daima iş başında olur, mütəxəssislərlə görüşlər keçiridi. Az vaxtda çox iş görüldü. BAM stansiyasından Tındaya ilk qatarlar işləməyə başladı, BAM-Tında xəttində böyük yollar istifadəyə verildi və bu yolla Tındadan Çaraya, Berkakitə, oradan da Sakit Okena doğru ağır yükdaşımaları həyata keçirilirdi. Magistrala yaxın yerlərdə tikinti materialları sənayesi yaradılırdı. Çünki hər tərəf meşə idi, taxta-şalban üçün uzağa getməyə gərək qalmırdı. Xabarovski inşaat daşları, zəngin kərpic gili, qum əhəng ehtiyatları ilə zəngin idi, odur ki, çöllərdə ekskvatorların səsi eşidilirdi artıq. Heydər Əliyev Tayqanı fəth etmişdi, meşənin ortası ilə uzun-uzadı dəmir yolları çəkilib gedirdi. Buryatlar deyirdi ki, Sibiri Heydər Əliyev kimi sevə bilmirsənsə, Sibirə gəlmə. (“Tayqaya yol” 1974-cü il Bakı. Səh 153-154)

Sonralar BAM-ın tikintisinə münasibət dəyişdi. M.Qorbaçovun yenidənqurma elan etdiyi dönəm Baykal-Amurun tikintisi və nəhəng dəmir yolu layihələrinin əhəmiyyəti kiçildilir, gözdən salınmağa cəhd edilirdi. Ətrafına əleyhidarlar toplayan Qorbaçov layihəni yenidənqurma dövrünün çağırışları ilə səsləşmədiyini bəhanə gətirirdi. Heydər Əliyevin ölkə sənayesinin inkişafı məqsədilə irəli sürdüyü və öz gücü ilə həyata keçirdiyi təşəbbüsləri SSRİ-nin iqtisadiyyatına külli miqdarda mənfəət gətirmişdi ki, Qorbaçov bunu gözdən sala bilmədi. Tayqanın taleyində isə sonsuzadək Heydər Əliyev izi qaldı.   

“Heydər Əliyevin BAM-a qayıdışı”

7 iyul 2008-ci il. Həmin gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının Baykal-Amur Magistralının yeni təmir edilmiş vağzala verilməsinin təntənəli açılışı mərasimi idi.  Burada ulu öndərin xatirə lövhəsi açılmışdır. O, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyərkən Baykal-Amur Magistralının tikintisinə nəzarət edən komissiaynın rəhbəri kimi Sibirə səfəri zamanı Anqoya stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Bayatiyanın Severobaykalsk rayonunda yerləşən Anqoya stansiyasına qatarla gələn qonaqlar, xüsusilə azərbaycanlılar təntənəli şəkildə duz-çörəklə qarşılandı,  Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlova Anqoya stansiyasına dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adının verilməsini tarixi hadisə adlandırmışdı: “Mən bu gün bu tribunadan təkcə Federasiya Şurası sədrinin müavini kimi deyil, həm də Baykal-Amur Magistralı ilə ilk qatarı idarə etmiş dəmiryolçu Yuri Pavlovun qızı kimi çıxış edirəm. Bu gün bu vağzala Heydər Əliyevin adının verilməsi olduqca tarixi andır, çünki SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi dövrlərdə Heydər Əliyev BAM-ın tikintisi üzrə yüksək səviyyəli komissiyaya rəhbərlik etmişdir”. Svetlana Orlova vurğulamışdı ki, Heydər Əliyev burada nəinki yüksək vəzifəli şəxs, həmçinin sadə və səmimi bir insan kimi dərin məhəbbət qazanmışdı.

Mərasimdə dostlarla birgə olmaqdan şərəf duyduğunu söyləyən “Rusiya Dəmir Yolu” ASC-nin prezidenti Vladimir Yakunin görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinin bu region üçün xüsusi əhəmiyyət daşıdığını bildirmiş və o illərlə bağlı xatirələrini bölüşmüşdü. Demişdi ki, Heydər Əliyev BAM-ın tikintisinə misilsiz töhfələr verib. Bu magistral hazırda dirçəliş dövrünü yaşayır. Bir müddət əvvəl ikinci Korşunovski tuneli istifadəyə verilmişdir. Rusiya Federasiyası Buryatiya Respublikasının Prezidenti Vyaçeslav Naqovitsın ötən əsrin 80-ci illərində Baykal-Amur Magistralı layihəsinin reallaşmasında Heydər Əliyevin əvəzsiz xidmətlərinin Rusiya xalqları tərəfindən heç zaman unudulmayacağını bildirmişdi.    

Həmin gün Azərbaycandan qonaq dəvət edilən nümayəndələr Sibirdə xalqımızın dahi oğlu Heydər Əliyevin adını daşıyan vağzalın xeyirxahlığa və dostluğa xidmət etməsindən şərəf duyduqlarını söyləmişdilər. Sonra ümummilli lider Heydər Əliyevin adını daşıyan dəmir yolu vağzalının rəmzi açılışı olmuşdu. Vağzal binasının memarlığında milli üslubdan istifadə edilmiş, binaya Cənubi Qafqazdan gətirilmiş ağ mərmərdən üz çəkilmişdi. (“Azərbaycan” qəzeti 7 sentyabr 2008. Səh 13. A.Hacızadə).

Səriyyə Müslümqızı

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur. 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN