5 Sentyabr:
- 1885— Dünyada ilk benzin nasosu ABŞ-da quraşdırıldı.
- 1905— Portsmut sülh müqaviləsinin imzalanması ilə Rus-Yapon müharibəsi başa çatdı.
- 1918— Rusiyada "Qırmızı terror" başladı.
- 1950— Suriyada konstitusiya qəbul edildi.
- 1960— Məhəmməd Əli Romada keçirilən olimpiya oyunlarının qalibi oldu.
- 1967— Krım tatarlarına amnistiya verildi.
- 1971 — Kanadada ilk fransızdilli televiziya fəaliyyətə başladı.
- 1981— Asiyada QİÇS-dən ilk ölüm hadisəsi baş verdi.
- 1991 — Nelson Mandela Afrika Milli Konqresi partiyasının sədri seçildi.
Doğum günləri:
1892— Məşhur tarzən, pedaqoq, musiqi xadimi, Azərbaycanın əməkdar müəllimi , Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanov Bakıda anadan olmuşdur.
Əhmədxan Bakıxanov ilk təhsilini iranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalmış, müəllimlik etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə ADK-da, daha sonra ADMM-də muğamdan dərs demişdir (1930-1973). Azərbaycan radiosunun nəzdində x.ç.a. ansamblının təşkilatçısı və rəhbəri (1931-1973) olmuşdur. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Bu ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və b. müşayiət etmiş, geniş konsert proqramları ilə çıxış etmişdir. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhmədxan Bakıxanov, tarzən Ə.Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi olmuş, ifaçılıq təcrübəsində az ifa olunan "Nəva-nişapur”, "Əbu-əta" muğamlarının mahir ifaçısı kimi tanınmışdır. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılmışdır.
Ə.Bakıxanov "Azərbaycan xalq rəngləri” (1964), "Azərbaycan ritmik muğamları” (1968), "Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.
Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının tərbiyəsinə həsr etmişdir: Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Əliağa Quliyev, Əlikram Hüseynov onun tələbələri olmuşlar. Bir çox bəstəkarın (Arif Məlikov, Hacı Xanməmmədov, Nəriman Məmmədov və b.) muğam müəllimi olmuşdur. İranlı musiqiçilər Əli Səlimi və Adil Axundzadə onun yetirmələri olmuşlar.
Əhməd Bakıxanovun ifasından bəstəkar N. Məmməd ov tərəfindən bir çox instrumental muğamlar: "Rast”, "Şur”, "Bayatı-Şiraz”, "Segah-Zabul”, "Rahab”, "Şüştər”, "Hümayun”, "Şahnaz” muğamları nota salınaraq çap olunmuşdur. Ə.Bakıxanovun oğlu, bəstəkar, xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək, "Dügah”, "Nəva”, "Şahnaz”, "Hümayun”, "Rahab” simfonik muğamlarını bəstələmişdir. Əhməd Bakıxanovun mənzilində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı yaradılmış, burada tarzənin x.ç.a,-dan ibarət zəngin kolleksiyası sərgisi nümayiş olunur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.
1973-cü ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
***
1935 – Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslan Bakıda doğulub.
1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında,
1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur:
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.
Rolları:
Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov);
İbişov ("Özümüz bilərik", Şıxaəli Qurbanov);
Fürzuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə);
Şubay ("Ulduz", Sabit Rəhman);
Dadaşbala ("Hicran", Sabit Rəhman);
Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov);
Misir Nəsir ("Lənət sənə, kor şeytan", Firudin Aşurov);
Orduxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov).
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb:
Hüseynbala ("Cahargah fantaziyası", Kərim Kərimov);
Luka ("Həyatın dibində", Maksim Qorki);
Romul Avqustul ("Böyük Romul", Fridrix Dürrenmatt);
Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı);
Ağaəli ("Günah", Rəhman Əlizadə)"
Mirzə Həbib ("Sərgüzəşti-vəziri-xani Lənkəran", Mirzə Fətəli Axundzadə);
Fəriş ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev);
Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev);
Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev);
Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev);
Qərib Qulam ("Mənsiz dünya", Nəbi Xəzri);
Mikayılov ("Tufandan əvvəl", Arif Süleymanov);
Əsdulla ("Ah, Paris… Paris!..", Elçin);
Kişi ("Mənim ərim dəlidir", Elçin);
Baş redaktor ("Mənim sevimli dəlim", Elçin);
Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin);
Poloni ("Hamlet", Uilyam Şekspir);
Sarı ("Varlı qadın", Əli Əmirli);
Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani).
Televiziya tamaşalarında isə yüzdən çox obraz ifa edib.
***
1971 — Leytenant, Azərbaycan Milli Ordusunun zabiti, "Azərbaycan Bayrağı" ordeni laureatı İntiqam Həsən oğlu Camaləddinov Oğuz rayonunun Muxas kəndində anadan olub.
1978-ci ildə Muxas kənd orta məktəbinin I sinfinə getmiş, səkkizinci sinfə qədər burada oxumuş, 1985-ci ildə Bakı C.Naxçıvanski adına internat məktəbinə (Cəmşid Naxçıvanski adına hərbi lisey) daxil olmuşdur.
1988-ci ildə bu təhsil ocağını bitirərək Çelyabinsk Ali Hərbi Avtomobil Mühəndisləri Məktəbinə (rus. ЧВВАИУ) qəbul olunmuş, burada təhsilini bitirməyə bir necə ay qalmış Azərbaycan Respublikasında müharibə şəraiti ilə bağlı-xaricdə təhsil alan hərbçilərin vətənə çagırılması ilə əlaqədar Azərbaycana çağırilmış, hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) bitirmişdir. İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə Avtomobil xidmət rəisi vəzifəsinə təyin olunmuşdur. Az bir müddət burada çalışdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə könüllü surətdə cəbhə bölgəsinə yollanmış, Qarabağ uğrunda gedən döyüşlərdə - 1992-ci ildən 1994-cü ilə qədər demək olar ki, bütün cəbhə boyu ərazilərdə gedən hərbi əməliyyatlarda (xüsusilə Ağdam, Füzuli, Əskəran, Xocalı, Şuşa, Ağcabədi, Beyləqan bölgələrində) yaxindan iştirak etmişdir. Ardıcıl üç hərbi hissədə - hər birində texnika üzrə Avtomobil xidmət rəisi vəzifəsində çalışmaqla (30 iyul 1992-ci ildən 29 mart 1993-cü ilədək - 708 saylı H/h, 1993 cü il 29 mart-19 iyul -002 sayli H/h-KORPUSda və 19 iyul-30 aprel tarixinə kimi 777 saylı hərbi hissədə qulluq etmişdir.
1994-cü il aprel ayınin 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanaraq 30 apreldə Şəhid olmuşdur. Doğulduğu Oğuz rayonunun Muxas kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
***
Vəfat etmişdir:
1997 - Katolik rahibə; rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ananın xatirə günüdür. Tereza Ana katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-ın ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib.
Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 1910 -cu il avqustun 26-da Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub.
Aqnes gənc ikən "Qardaşlar” adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı.
17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü.
Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı. 1946-cı ildə həmin məktəbin direktoru vəzifəsinə keçdi...
Bir müddət işlədikdən sonra vərəm xəstəliyinə tutulan Tereza Ana daha müəllimlik edə bilmədi və istirahət eləməsi üçün Hindistanın başqa bir şəhərinə- Darjlinqə göndərildi. Orda xəstəliyi ilə mübarizə aparan Tereza Anaya Allahdan ikinci vəhy gəldi.
"Məktəbdə işimi dayandırmalı və yoxsullarla birlikdə işləməli, onların arasında yaşamalıydım. Bu əmr idi. Hara aid olduğumu bilirdim, amma ora necə varacağımı bilmirdim”.
1948-ci ildə Vatikan Tereza Ananın Loretta təşkilatından ayrılmasına və Külküttə Baş Rahibliyinin nəzarəti altında vəhyin yerinə yetirilməsinə icazə verdi.
Tereza Ana, kasıb ailələrin uşaqlarına dərs deməyə başladı. Eyni zamanda tibbin əsaslarını öyrəndi və xəstələrin evlərinə gedərək onların müalicə olunmasına kömək elədi. 1949-cu ildən başlayaraq köhnə tələbələrindən bəziləri ona qoşuldu.
Tereza Ana və ətrafındakılar xəstəxanalarda müalicə oluna bilməyən və küçələrdə ölüm-dirim mübarizəsi aparan onlarla kişi, qadın, uşaqla qarşılaşdılar. Onlar bir ev tutaraq, səfalət içində, ölüm ayağında olan insanlara kömək etməyə başladılar. 1950-ci ildə kilsənin dəstəyi ilə Kəlküttə Xeyriyyəçi Missionerlər Cəmiyyətini yaratdılar.
1952-ci ildə Kəlküttə bələdiyyəsinin verdiyi ərazidə ilk Ölü Evi açıldı. Tereza Ananın 12 nəfərlə birlikdə yaratdığı bu təşkilat, uzun illər ərzində, minlərlə könüllüsü ilə birlikdə dünyanın 450 nöqtəsində yoxsullara köməklik göstərən böyük bir hərəkata çevrildi.
Tereza Ana Kəlküttədən Nyu-Yorka qədər, hər yerdə, ölüm ayağında olanlar və atılmışlar üçün müalicə evləri açdı. İlk dəfə olaraq QİÇS qurbanları üçün xəstəxanala yaradanlardan biri oldu. 45 il ərzində dünya miqyasında yoxsullara, ölmək üzrə olanlara və atılmışlara kömək etdi.
Tereza Ana 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görüldü. Ona gördüyü işlərinə görə təkcə Nobel yox, bir çox başqa mükafatlar da verildi.
Tereza Ana Nobel mükafatını təqdim edilməsi zamanı ənənəvi olaraq verilən ziyafətdən imtina etdi və 6 yüz min dollarlıq fondun kəlküttəli yoxsullara bağışlanılmasını istədi. Bu pul yüzlərlə insanı bir il boyunca doyuzdurmağa bəs edəcəkdi.
Tereza Ana mükafatların ancaq ehtiyacı olanlara bir xeyiri olduğu zaman önəm daşıdığını deyərdi. 1980-ci ildən etibarən dünyanın hər yanında, narkotik istifadəçilərinə, fahişələr və işgəncəyə məruz qalmış qadınlara kömək üçün açılan xəstəxanaların, kimsəsiz uşaqlar üçün tikilən uşaq evlərinin və məktəblərin sayı artmağa başladı.
Tereza Ana 1991-ci ildə ilk dəfə öz vətəni olan indiki Serbiyaya geri döndü və burada bir xəstəxana açdı. Bu illər ərzində Hindistanda 168 xəstəxana açılmışdı.
3 fevral 1994-cü ildə ABŞ Senatı və Nümayəndələr məclisinin dəstəyi ilə təşkil olunan Beynəlxalq Dua Yeməyində Tereza Ananın abort haqda dediyi sözlər hamını təəccübləndirdi: "Lütfən, uşaqları öldürməyin. Mən onu istəyirəm. Onları mənə verin”.
Tereza Ana Efiopiyadakı aclara, Çernobıldakı radiasiya və Ermənistandakı zəlzələ qurbanlarına kömək etmək üçün bu ölkələrdə oldu. 1996-cı ilin dekabr ayında ona ABŞ-ın fəxri vətəndaşı verildi.
1997-ci ildə vəfat edən Tereza Ana son gününə qədər yaxşılıq, yoxsullara kömək etmək üçün fəaliyyət göstərdi. Onun gördüyü işlər insanlıq üçün əsl nümunə idi.
O deyirdi: "Ancaq bir Tanrı var və O, hər kəsin Tanrısıdır. Tanrının qabağında hər kəs bərabərdir. Bir hindliyə daha yaxşı bir hindli, bir müsəlmana daha yaxşı bir müsəlman, bir katoliklə daya yaxşı bir katolik olmağa kömək göstərməliyik.
***
Şakir QURBANOV