Doğrudanmı bu biabırçılıqlardan Bakı Şəhər İcra Hakimiyyətinin, Xətai rayon İcra Hakimiyyətinin və Bakının baş memarının… xəbəri yoxdur???
Bakının M.Hadi küçəsindəki yaşayış binasının sakinləri ikinci dəfədir “Təzadlar”a zəng edərək metronun “Əhmədli” stansiyasının düz üstündə yaşı 40-50 ilə çatan şam və küknar ağaclarını kəsilib yerində dükan-ticarət mərkəzi tikilməsindən yana-yana bəhs edirlər… Əməkdaşlarımız dünən həmin ərazidə oldular. Həqiqətən də gördüklərimizdən dəhşətə gəldik. Nəqliyyatın sıx hərəkətli və hər gün tıxaclı olduğu bu ərazidən sutkada minlərlə şəxsi avtomobil və ictimai nəqliyyat-avtobuslar keçir. Yəni, bu acı mənzərəni ikiqat minlərlə göz görür, amma susur… Daha aydın olsun deyə, sadə izah verək: metronun “Xalqlar dostluğu” stansiyası istiqamətindən “Əhmədli” stansiyasına tərəf hərəkət edəndə yol 3 yerə ayrılır. Biri-sola və geriyə, biri Əhmədli kəndinə tərəf-sağa, digəri isə düz istiqamətlənir. Düzünə hərəkət yalnız avtobuslar üçündür, digər nəqliyyat vasitələri üçün bu yola giriş qadağandır.
Təsəvvür edin bu üç yol ayrıcına üzbəüzdə bir üzüqırmızı sahibkar (yəqinki bərkgedən məmurundur) uzun illərin min zəhmət sayəsində böyümüş ağacları kəsdirib yerində dəmir karkasla böyük ərazili dükan tikir. Bu azmış kimi, dükanın dəmir karkasından kənarda qalan ağaclar isə qol-budağı qırıq-qırıq edilərək “həbs” olunub, məhv edilir. Təsəvvür edin, yayın bu qızmarında həmin ağaclar sulanmalıdır, amma… Yəni, bu mənzərəni görüb susan adam ya daşürəkli, ya da ağaclara- ekologiyamıza qənim kəsilən bir namərd olmalıdır.
Uzun sözün qısası, sözümüz kəsəsinə əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Departamentinin direktoruna və Xətai rayon Yaşıllaşdırma trestinin rəisinədir: paytaxt əhalisinin gözü qarşısında baş verən və təəssüf hissi ilə qarşılanan, ekologiyamıza təhqir sayılan bu mənzərəni görmüsünüz? Yaxud, görməmisiniz? Və ya niyə görmürsünüz???
Sözümüz bir də də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevədir: cənablar, bu cür dar-darısqal yerdə ağacları kəsib, qalanının da qol-budağını düşməncəsinə qırıb yerində dükan tikmək üçün adı sizə yaxşı məlum sahibkara (məmura) necə sərəncam vermisiniz???
Yəqinki çətin sual deyil, cavabını həm Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, həm də Bakı şəhər İcra Hakimiyyəti ilə Xətai rayon İcra Hakimiyyətinin başçısından gözləyirik. Daha doğrusu, bizdən əvvəl etiraza qalxmış sakinlər gözləyir. Yəqin ki, Yasamal RİH-nin keçmiş başçısı İbrahim Mehdiyevin ağackəsmə ilə nəticələnmiş bir sərəncamına Prezident İlham Əliyevin necə sərt qərar verdiyindən xəbəriniz var. İstəyirsiniz ki, sakinlər kütləvi olaraq Prezidentə yazsın, əraziyə toplaşıb yolu bağlasın və bu eybəcər, yaşıllığa nankor münasibətin son məhsulu olan obyektin dərhal sökülməsini tələb etsinlər???
Onu da deyək ki, həmin obyektin tikinti sənədləri ilə bağlı artıq Bakı şəhər İH-nə rəsmi informasiya sorğusu hazırlanıb, göndəriləcək. Allah eləməsin ki, bu sərəncamın da altından sabiq mer Hacıbala Abutalıbovun imzası çıxsın (Köhnə tarixə o qədər sərəncam siyahısı ortaya çıxır ki!).
Sonda xatırladırıq ki, sakinlər həmin ağacların olduğu ərazidən ilyarım əvvəl təsadüfən çəkdikləri fotoları da bizə göndərməyə söz veriblər. Onların söylədiklərinə görə, fotolardan görünür ki, təxminən iki il-ilyarım əvvəl orada yüzə yaxın ağac olub, indi yerində 10-15 qolu-qanadı sınmış ağac qalıb. Çox təəssüf! On minlərin, yüz minlərin cüt gözləri qarşısında 40-50 il əvvəl əkilmiş bu binəva, arxasız... ağaclar arxalı məmurların baltası ilə kəsilir, dükan tikilir... Və cavabdehlərin hamısı susur... Azərbaycan FHN-çiləri Türkiyədə hər yanan-məhv olan ağcları xilas etmək üçün özünü oda, həyatını ölümə atdı... Burdan-bura gözümüzün qarşısında görün nə edilir...
Mövzu başqa istiqamətdə araşdırılır…
A.Məmmədli
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İstiqamət: 6.3.17).