...Düz 15 il əvvəl- aprelin 9- da Yasamal rayon Məhkəməsinin hakimi Tahir İsmayılovun Azərbaycan dövlətinin adından verdiyi qanunsuz və əsassız hökm əsasında
"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərziliyə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi... Lakin Azərbaycan Dövlətinin rəhbəri- Prezident İlham Əliyev isə bu həbsə sərt reaksiya verdi, eləcə də ATƏT rəsmilərinin də Prezidentə müraciəti oldu.
Jurnalist Asif Mərzili o dövrü belə xatırlayır:
- Bəli, 2 gün sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət alaraq azadlığa çıxdım. Həmin gün həm də satirik- yazar Mirzə Sakit də əfv olunmuşdu... Keçmiş ABU rektoru E.Abdullayevin xüsusi ittiham qaydaslnda şikayətini icraata qəbul etmiş hakim Abbas Rzayev və hökmü elan etmiş Tahir İsmayılov cəzalandırıldılar... Prezidentin köməkçisi Əli Həsənov peşə fəaliyyəti ilə bağlı jurnalistlərə qarşı cəza müəyyən edilərkən hakimlərin diqqətli olmaları barədə tövsiyyə xarakterli rəsmi çıxışı da yadımdadır... Amma Azərbaycan Mətbuat Şurasından isə məhkəməyə MŞ İH-nin qərarı göndərilmişdi ki, guya mübahisələndirilən məqalədə balansı pozmuşuq... Təbii ki, jurnalistin hıbs ediləndən 2 gün sonra bəraət akaraq həbsdən buraxılması hüquqi baxımdan mürəkkəb məsələdir və məhkəmə praktikasında, eləcə də jurnalistika təcrübəsində ilk idi... Ən maraqlısı, mən həbsdən buraxılandan bir neçə gün sonra məni Mətbuat Şurasına dəvət edirlər... Gedirəm və açığı, elə bilirdim ki, Azərbaycanda ilk və analoqu olmayan bu hadisəyə görə mənə gözaydınlığı veriləcək, təbrik edəcəklər. Çünki Əli Həsənovun rəsmi bəyanatında da deyilirdi ki, "Cənab Prezident jurnalist Asif Mərzilinin həbsinə təəssüf hissi ilə münasibət bildirib, jurnalist tezliklə azad ediləcək..." və sair... Və MŞ İH- nin iclası başlayır, məlum olur ki, düşündüyüm və gözlədiyim kimi deyil, İH "Təzadlar" qəzetini "Qara siyahı"ya salmaq istəyir... Təsəvvür edirsinizmi, ölkə Prezidenti sərt reaksiya verir, hakimlər cəzalandırılır, məhkəmə qərarı ilə mənə, yəni qəzetə və qəzetin məqaləsinə bəraət verilir, MŞ İH isə... Başqa nə deyim?!
Təqdim etdi: Elçin Məmmədli