Amerika Birləşmiş Ştatları Əfqanıstan prezidentinin "Taliban"dan xilas edilməsinə zəmanət verməkdən imtina edib

Əfqanıstan prezidenti vəzifəsini icra edən Əşrəf Qani artıq amerikalılara güvənmədiyi üçün ölkədən qaçdığını ABŞ-dan gizlədib.

Bunu Qaninin sabiq milli təhlükəsizlik müşaviri Həmdullah Mohib deyib.

Mohib özünün və Qaninin Kabili tərk etdiyi helikopterin amerikalıların onları görməməsi üçün xüsusi olaraq aşağı hündürlükdə uçduqları barədə xəbərləri də təsdiqləyib.

 Mohibin sözlərinə görə, “etimad itib” (TASS).

O, bundan bir gün əvvəl amerikalılara sadə bir sual verdiyini söyləyib: “Hakimiyyətin “Taliban”a verilməsi ilə bağlı razılaşma nəticə verməsə, bizi oradan çıxaracaqlar?"

 Amerikalılar hər hansı bir öhdəlik götürməkdən imtina ediblər.

Mohibin sözlərinə görə, “əfqan mənbələri”ndən, “amerikalılar” və “müstəqil mənbələr”dən  taliblərin “sponsorlarının” “Əşrəf Qaninin başını” istəməsi barədə məlumatlar daxil olub. Lakin o, söhbətin hansı  sponsorlardan  getdiyini açıqlamayıb.

"Onsuz da ölkəmizi itirməyimiz,  kifayət qədər utancvericidir” söyləyən Mohib prezidenti də itirmək istəmədiklərini, həmçinin onun Əfqanıstanda bu şəkildə rüsvay edilərək öldürülməsinə yol vermək istəmədiklərini vurğulayıb.

Mohib bildirib ki, ölkə hakimiyyəti “prezidentin müqaviməti davam etdirmək üçün gedə biləcəyi və həm də Əfqanıstanda qala biləcəyi bir yer varmı” qərarı verməyə çalışırdı, lakin “təhlükəsiz yer yox idi”. O, amerikalılarla Taliban arasında Dohada aparılan danışıqları “kapituliyasiya” adlandırıb.

 "Əgər bu kapituliyasiyadırsa, nə üçün daha iki həftə gözləsin və milyonlarla əfqanın həyatını riskə atsın, həmçinin nəticədə eyni şeyi əldə etsin?" ,- deyə  Mohib söyləyib.

Məlumatlara görə, Taliban Qaninin ekstradisiyasını tələb etmir, lakin ondan yəqin ki, çıxardığı pulları geri qaytarmasını istəyir.  Eks-prezidentin özü isə ölkədən gedərkən pul çıxarmadığını açıqlayıb. O, BMT və ya hər hansı digər müstəqil qurumun himayəsi altında audit və ya rəsmi araşdırmaya hazır olduğunu bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası 15 avqust tarixində Əfqanıstan hökumətinin Amerika banklarında olan dövlət ehtiyatlarını da dondurub. 

Administrasiyadan Əfqanıstan hökumətinin mərkəzi bankının ABŞ-dəki aktivləri “Taliban”a verilməyəcəyi bildirilib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Əfqanıstan Mərkəzi Bankının ümumi ehtiyatları aprelin sonunda 9,4 milyard dollar təşkil edib.

Xatırladaq ki,  avqustun 15-də taliblər Kabili ələ keçirdikdən sonra Prezident Əşrəf Qani ölkədən qaçıb. Və Qaninin ölkəsini tərk edərkən bir helikopter dolu pul ilə getdiyi bildirilib. 

Həmçinin Əfqanıstanın sabiq prezidenti  Əşrəf  Qaninin  təhlükəsizlik rəisi Piraz Ata Şərifi də bəyan edib ki, onun əlində  prezident sarayındakı videonəzarət kameralarının videogüntüləri var, hansı ki, Qaninin yüz milyonlarla dollarla ölkədən qaçdığını təsdiqləyir.

O, bildirib ki,  həmin videogörüntülərdən də aydın olur ki, Əfqanıstan Mərkəzi Bankından bir adam Qani ölkədən getməzdən öncə ona  külli miqdarda pul gətirir. 

Amma hələ ki, nə Qani ölkəsinə qayıdır, nə də ki, onun apardığı söylənilən bir helikopter dolu puldan xəbər-ətər var... Reallıq isə budur ki, hakimiyyət uğrunda gedən mübarizənin acısını dadaraq ev-eşiyindən didərgin düşən, iş yerlərini itirən, aclıqdan əziyyət çəkən əfqan xalqı hələ də bütün dünyadan mədət umur...

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN