““Rossotrudniçestvo” rusofob zibillə əməkdaşlıq etmir...”
Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi olan “Rossotrudniçestvo” Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarovla işləməkdən imtina edib.
“Rossotrudniçestvo”nan rəhbəri Yevgeni Primakov bildirib ki, agentlik Qazaxıstanın yeni İnformasiya və sosial inkişaf naziri Əsgər Umarovla işləməkdən və əlaqə saxlamaqdan imtina edir və bunu sonuncunun fikirləri ilə əsaslandırır.
"Mən Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarov haqqında oxudum. Yeni informasiya naziri Askar Umarovun çoxsaylı sitatlarını diqqətlə oxudum", - deyə Primakov Telegram kanalında yazıb. O, Əsgər Umarovun ruslar haqqında qeyd etdiyi bəzi fikirlərdən də sitat gətirib...
Primakov qeyd edib ki, “Rossotrudniçestvo” rusofob zibillə əməkdaşlıq etmir, əlaqə saxlamır, işləmir.
“Bu da bizim yuxarıda adıçəkilən nazir və hazırkı konfiqurasiyada onun rəhbərlik etdiyi İnformasiya nazirliyi ilə hər hansı qarşılıqlı əlaqəmizə tamamilə mane olur”, - Primakov vurğulayıb.
“Hesab edirəm ki, Qazaxıstanın Prezidenti cənab Kasım-Jomart Tokayev ölkədə normal həyatı bərpa etmək işində, çox çətin dövr keçir və bu dövrdə KTMT qüvvələri, o cümlədən 3 min rus hərbçisi tərəfindən əvəzsiz yardım almışdır.”
Daha sonra o, vurğulayır ki, görünür, Cənab Umarovun təyinatı – cənab Prezidentin ən ağır düşünülmüş kompromislərə getməsinin nümunəsidir...
“Mən cənab prezident Tokayevin səylərinə hörmətlə yanaşıram və inanıram ki, belə diqqətlə düşünülmüş və planlaşdırılmış kompromislər xalqlarımız arasında çoxəsrlik qardaşlıq dostluğunu poza bilməyəcək, xüsusən də cənab Umarov Qazaxıstanda ruslara qarşı nasist və şovinist baxışlarından açıq şəkildə imtina etsə” ,– deyə qeyd edir.
Qeyd edək ki, çərşənbə axşamı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika hökumətinin yeni tərkibi haqqında fərman imzalayıb, bu fərmanda bir sıra kabinet üzvləri öz vəzifələrində qalıb, bəzilərinin isə vəzifəsi yüksəlib.
Xatırladaq ki, Yevgeni Primakov Rusiyanın tanınmış dövlət xadimi, 90-cı illərdə ayrı-ayrı vaxtlarda Baş Nazir, Xarici İşlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi işləmiş Yevgeni Primakovun nəvəsidir.
Onun babası – Yevgeni Primakov Azərbaycanın ictimai-siyasi dairələrində birmənalı qarşılanmır, o, daha çox mənfi obrazlı şəxs kimi yaddaşlarda iz buraxıb. Y.Primakovun 1990-cı ilin 20 yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ Müdafiə naziri Dmitri Yazovla birgə həyata keçirən şəxs olduğu bildirilir. O, 1990-cı ilin yanvarında Kremlin Azərbaycanda nümayəndəsi olub.
Lakin bütün bu narazılıqlara baxmayaraq, 2019-cu ildə Bakı Slavyan Universitetində Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgisi keçirilib...
Y.MƏMMƏDLİ