Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da uşaq və gənclərin hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissəsi hesab olunur. Bu səbəbdən Azərbaycanda uşaq və gənclərin sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət verilir.
Azərbaycanda sağlam gəncliyin təminatı üzrə böyük işlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider rəhbərliyinin birinci dövründə uşaq və gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərməklə gələcək inkişaf perspektivlərinə xüsusilə diqqət yetirirdi. Məhz bu dövrdə uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görülmüşdü. H.Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi. Uşaq və gənclərin hərtərəfli inkişafında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirən ümummilli lider “Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq” - deyirdi.
Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Uşaq və gənclərin hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq və gənclər siyasətinin aparıcı istiqamətini təşkil edir. Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət uşaq və gənclər siyasəti uğurla həyata keçirilir. Uşaq və gənclərin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gələcək nəsil formalaşır. Dövlətin diqqət və qayğısı ilə uşaq və gənclərin təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Demək olar ki, son on illikdə bu diqqət və qayğı daha da artıb. Yeni məktəb və bağçaların tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və bu istiqamətdə digər görülən işlər buna sübutdur.
Əlbəttə, uşaq və gənclərin layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsil də önəmli yer tutur. Ancaq onu unutmayaq ki, psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi məhz ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Bu mənada, hər bir valideyn üzərinə düşən məsuliyəti dərk etməlidir. Daha sonra təhsil aldığı müəssisə gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Belə ki, valideynlər kimi müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar. Təqdir olunası haldır ki, son illər sadalananlarla bağlı bir sıra irəliləyişlər müşahidə olunur. Təhsil sistemində aparılan uğurlu islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması bunu deməyə əsas verir.
Ağdam rayon 32 nömrəli tam orta məktəbində də bu sahə diqqətdən kənarda qalmayıb. Bu təhsil ocağında uşaq və gənclərin fiziki cəhətdən sağlam böyümələri, xalqımızın adət-ənənələrinə hörmət, vətənə məhəbbət və sədaqət ruhunda tərbiyə edilməsi istiqamətində müəyyən işlər görülür.
Ağdam rayon 32 nömrəli tam orta məktəbi 1993-cu ildən fəaliyyət göstərir. Fəaliyyətinə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində başlasa da, 2018-ci il sentyabrın 15-dən məktəb öz fəaliyyətini Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park” yaşayış kompleksində tikilib istifadəyə verilmiş məktəb binasında davam etdirir. Hazırda məktəbdə 542 şagirdin təlim və tərbiyəsi ilə 53 müəllim məşğul olur. Hər il məktəbi bitirən məzunların böyük əksəriyyəti yüksək ballarla həm respublikamızın, həm xarici ölkələrin nüfuzlu universitetlərinə daxil olurlar.
Bu təhsil ocağında nizam-intizam, müəllim-şagird münasibətləri çox yüksək səviyyədədir. İşini günün tələbləri səviyyəsində qurmağı bacaran və ölkə gənclərinin təhsili, təlim-tərbiyəsi ilə yuksək səviyyədə məşğul olan belə tədris müəssisələrinin olması çox sevindiricidir.
Ağdam rayon 32 nömrəli tam orta məktəbə təcrübəli pedaqoq Ülviyyə Hacıyeva rəhbərlik edir. Təhsil müəssisəsinin fəaliyyətindən danışan Ü.Hacıyeva şagirdlərin təlim-tərbiyəsi və təhsili ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Bu baxımdan, fiziki və mənəvi cəhətdən möhkəm, sağlam uşaq və gənclərin tərbiyə edilməsi, onların əsl insan kimi vətənə məhəbbət ruhunda formalaşması təhsil müəssisələrindən böyük məsuliyyət tələb edir. Rəhbərlik etdiyim 32 nömrəli tam orta məktəb də uşaq və gənclərin fiziki tərbiyəsi, onların vətənpərvərlik ruhunda böyümələri istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Məktəbdə şagirdlərimizin təlim-tərbiyəsi, təhsil almaları və sağlam ruhda yetişmələri üçün mövcud olan bütün imkanlardan istifadə edirik. Təhsil sistemində mövcud olan qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, istedadlı şagirdlərin aşkar edilməsi və onlara qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Məktəbdə gənc müəllimlərin maarifləndirilməsi, şagirdlərin təlim-tərbiyə işinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırırıq. Gənc nəslin dünyagörüşünün genişlənməsində mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərə də böyük önəm veririk”.
Uşaq və gənclərin düzgün tərbiyə olunmasında, onların mənəvi, psixoloji cəhətdən düzgün istiqamətləndirilməsində və digər məsələlərlə bağlı daha hansı işlər həyata keçirilməlidir?
Ü.Hacıyevanın fikrincə, uşaqların məktəbdə təhsillə yanaşı, sinif yoldaşları və ətraf mühitlə anlaşması da vacib amillərdəndir: “Şagirdin mənəvi tərbiyə almasında ilk növbədə humanist xarakterlərin aşılanması olmalıdır. Məlumdur ki, məktəbə müxtəlif ailələrdə tərbiyə almış müxtəlif xarakterli uşaqlar gəlir. Təbii ki, onların hər birinin cəmiyyətlə tanışlığı fərqli olur və bu fərqli xasiyyətlərə malik şəxsiyyətləri bir araya gətirərək "sinif dünyası"nı yaratmaq müəllim üçün o qədər də asan deyil. Çünki uşağın humanist tərbiyəsi ilə yanaşı, onun elm və bilik öyrənmək qabiliyyəti, təhsilə münasibəti formalaşdırılmalıdır. Bu da böyük zəhmət, qabiliyyət və zaman tələb edir. Və bu zaman uşağa təzyiq göstərmək, onu nəyəsə məcbur etmək qətiyyən yolverilməzdir. Uşaq düşünərək, dərk edərək, istəyərək elm və bilik öyrənməlidir. Əsas məqsəd uşağın bezməməsi, istəyərək öyrənməsi, növbəti dərsi səbirsizliklə gözləməsidir. Bunun üçün isə müəllim müxtəlif üsullardan istifadə etməlidir".
Direktor Ü.Hacıyevanın sözlərinə görə, əlifba dərsindən başlamış, sinif yoldaşları ilə münasibətdə olmağı öyrənənə qədər hər bir uşaq müəyyən mərhələdən keçir: “Bu zaman müəllim şagirdin bu cür davranışına anlayışla yanaşmalı, onun üstünə qışqırmamalı, təzyiq göstərməməli, qorxutmamalıdır. Əks təqdirdə, uşağın cəmiyyətlə ilk tanışlığı onun özünü tək hiss etməsinə, aid olduğu kollektivə yadlaşmasına, müəllimə qarşı xoş olmayan hisslərin oyanmasına gətirib çıxara bilər. Bu isə onun xarakterində mənfi çalarların yaranması ilə nəticələnəcək. Halbuki şagird özünə qarşı diqqət, mehribanlıq görərsə, o da başqalarına qarşı eyni münasibət göstərməyə çalışacaq. Ona görə də hər bir müəllim uşaqlarla kollektiv yanaşma ilə yanaşı, fərdi ünsiyyətdə də olmalı, onların özlərini tənha hiss etmələrinə imkan verməməli, çətinlikləri aradan qaldırmalarına kömək etməlidir. Bununla da uşaqların mənəvi dünyasının, xarakterlərinin formalaşmasına öz tövhəsini verməlidir. Əks təqdirdə, burada heç bir mənəvi tərbiyədən söhbət gedə bilməz. Çünki mənəvi tərbiyənin formalaşması elmdən, bilikdən yox, insanın insana münasibətindən asılıdır. Ona görə də məktəbdən başlanan, düzgün xətt üzrə aparılan mənəvi tərbiyə sonda cəmiyyətə xeyir verə bilən, mənəvi cəhətdən zəngin bir insanın yetişməsinə şərait yaratmış olacaq. Bu baxımdan, hesab edirəm ki, sağlam düşüncəli gənclərin yetişməsində elm, bilik, savadla yanaşı, tərbiyəyə də xüsusi diqqət yetirilməlidir".
Ü.Hacıyeva məktəbdə şagirdlərin fiziki tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildirdi: “Çünki bu gün və sabah ölkəmizin, xalqımızın sağlam gənclərə ehtiyacı var. Sağlam gənclik həm də sağlam ordu deməkdir. Bu baxımdan, uşaq və gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə cəlb edilmələri vacib məsələdir və biz bunun əhəmiyyətini görürük. Müəllimlərimizdən Zümrüd Əliyeva fiziki tərbiyə dərslərinin şagirdlərə dərindən aşılanmasında böyük əməyi var. Şagirdlər dərslərdə böyük həvəslə iştirak edirlər. Zümrüd müəllimənin təşkilatçılığı ilə hər il məktəbimizdə Azərbaycanın milli qəhrəmanlarının xatirəsinə məktəbdaxili mini-idman turnirləri təşkil edilir”.
Uşaq və gənclərin vətənpərvərlik, tariximizə, mədəni irsimizə, adət-ənənələrimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlətin gənclər siyasətinin əsas prinsiplərini özündə əks etdirir. Bununla bağlı təhsil ocağında görülən işlərdən söz açan Ü.Hacıyeva məktəbin təşkilatçısı Cavahir Şıxıyeva və uşaq birliyi təşkilatının rəhbəri Xəyalə Səfərovanın rəhbərliyi altında mütamadi olaraq məktəbdənkənar, sinifdənxaric tədbirlərin təşkil edildiyini vurğuladı.
Bəli, bu gün dövlətimizin əsas məqsədi, məramı gənc nəslin xalqımıza layiq şəkildə, sağlam, vətənpərvər ruhda tərbiyəsidir. Bu baxımdan, uşaq və gənclərin sağlam, inlellektual səviyyədə tərbiyə olunması üçün ailə, məktəbəqədər tərbiyə müəssisələri, orta məktəblər, ali təhsil ocaqlarının birgə və səmərəli fəaliyyəti istənilən nəticənin alınmasında önəmli rol oynayır. Hazırda uşaqların və gənclərin fiziki və mənəvi inkişafı, onların vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, zərərli vərdişlərdən uzaqlaşması sahəsində belə bir qarşılıqlı səmərəli işbirliyinə böyük ehtiyac var. Ona görə də gəlin hər birimiz böyüməkdə olan gənc nəslin düzgün tərbiyəsi, onların fiziki və mənəvi cəhətdən sağlam inkişafı istiqamətində həmrəyliyimizi və birliyimizi göstərək, bütün imkanlarımızı səfərbər edək.
Elbar ŞİRİNOV
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.19.)