Qətnamə Azərbaycan üçün önəmli olmasa da Fransa özünün çirkin niyyətlərini, sülh müqaviləsinin imzalanmasına əngəl törətmək istəyini nümayiş etdirdi...
“İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda və dünyada mövqeyinin daha da möhkəmlənməsi dövlət başçısı İlham Əliyevin təkcə son zamanlar xarici ölkələrə davamlı səfərlərində, beynəlxalq təşkilatların müxtəlif mövzularda təşkil etdikləri tədbirlərdə, Zirvə toplantılarında iştirakında və çıxışında, eyni zamanda, bu tədbirlərə Fəxri qonaq qismində dəvət olunmasında özünün aydın ifadəsini tapır. Bu, bir tərəfdən qalib Azərbaycanın yaratdığı yeni reallıqların əksər dünya gücləri tərəfindən dəstəklənməsindən, digər tərəfdən isə həqiqət anı kimi dəyərləndirilən İkinci Qarabağ müharibəsində Azərbaycanın kimin haqqın, ədalətin, kimin isə şərin və təcavüzkarın yanında olduğunu görməsindən irəli gəlir. İstər işğal, istər İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan dövləti, xalqı kiçik dövlətlərə “ədalət, hüquq” dərsi keçən Fransanın reallıqda bu anlayışlardan xəbərsiz olduğunun, ermənipərəst siyasət yürütməklə bu prinsipləri kobud şəkildə pozduğunun şahidi olsa da, Fransa Prezidenti müxtəlif gedişlərlə diqqəti bu məsələlərdən yayındırmağa cəhd göstərir. Bunu əyani şəkildə görmək üçün son zamanlar Fransa Prezidenti Emmanuel Makronun Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə zidd addımlarına diqqət yetirmək kifayətdir. Amma o, bunu ört-basdır etmək üçün gah Praqada Azərbaycan Prezidentinin, Avropa İttifaqı Şurası Prezidentinin və Ermənistanın baş nazirinin birgə keçirilən görüşünə tərəf kimi qatılaraq görüşün formatını dəyişir, gah dövlət başçısı İlham Əliyevə telefonla zəng edərək noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verir, gah da Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini ifadə edir. Xalqımız Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayanmasının, həm də bu dövlətin tarixən Asiya və Afrika ölkələrinə münasibətdə istismarçı, riyakar siyasət yürütməsinin şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, İslam dövlətlərinə qarşı qərəzli mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyi hər kəsə məlum həqiqətlərdir. Bu günlərdə dövlət başçısı İlham Əliyev Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı da diqqəti bir daha bu məsələyə yönəldərək bildirdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən bəhs edərək bildirib ki, bu sənəd bir daha rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyinə, Ermənistana sevgisinə və bu münasibətin arxasında gizlənən maraqlara işıq salır: “Qətnamə reallıqdan uzaqdır, Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirməyə yönəlib. Bu sənəd, həmçinin Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Qətnamədə yer alan fikirlər müəlliflərin tarix, hüquq dərslərinə böyük ehtiyacı olduğunu təsdiqləyir. Senatın adi kağız parçasından fərqli olmayan bu sənədinin Azərbaycan üçün önəmli olmasa da Fransa özünün çirkin niyyətlərini, ölkəmizə qarşı artıq tam şəkildə açıq müstəviyə keçirdiyi qərəzli mövqeyini, hazırkı mərhələdə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının bir tələb kimi gündəmdə olduğu bir vaxtda prosesə əngəl törətmək istəyini nümayiş etdirdi.”
“Fransa parlamentinin yuxarı palatasının qətnaməsində nədənsə növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşaması, 30 ildə şəhərlərimizin və kəndlərimizin tamamilə dağıdılaraq yerlə-yeksan edilməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında süni məskunlaşma siyasəti həyata keçirdiyi “unudulub.” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, belə sənədlər hazırlanarkən araşdırmalar, tarixi faktlara müraciət əsas tələb kimi qarşıda dayanmalıdır: “Amma Fransa kimi ermənipərəst siyasət yeridən bir dövlətin Senatından bunu gözləmək sadəlövhlük olardı. Bu baxımdan ki, Fransa heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanıması, bunu tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı layihəni Senatda müzakirəyə çıxarması bu dövlətin Azərbaycana və Türkiyəyə, ümumilikdə türk dünyasına qərəzli mövqeyini aydın şəkildə göstərir. Fransanın da iştirakı ilə hazırlanan və qəbul edilən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qətnaməyə münasibətində də bildirilir ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunan “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə qeyd edib ki, Fransa Senatının qətnaməsi regionda sülh quruculuğu səylərinə zərər verir. Bu bölgədəki reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir.»
Vüqar Rəhimzadə bildirib ki, göründüyü kimi, bütün dünyanın gözü qarşısında baş verən reallıqları, ən əsası tarixi faktları inkar etməklə Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa səy göstərən Fransa kimi «ədalətdən, hüquqdan» bixəbər dövlət özünü sülhyaratma prosesində necə görür? Fransa kimi beynəlxalq hüququ maraqlarının arxasında əridən dövlətlərin dəstəyinə arxayın olmağın nəticəsi idi ki, Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ müharibəsi dövründə geniş auditoriya qarşısında beynəlxalq hüququn mövcudluğunu şübhə altına alaraq, jurnalistin bununla bağlı sualını gülüşlə qarşılamışdı. 30 il beynəlxalq hüququ kobud şəkildə pozduğuna, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyinə görə Ermənistana heç bir sanksiya tətbiq etməyən Fransa kimi dövlətin Senatının Azərbaycandan Ermənistan ərazisindən dərhal geri çəkilməyi tələb etməsi, ölkəmizi sanksiyalarla hədələməsi və bunu qəbul etdiyi qətnamədə əks etdirməsi riyakarlıq deyilmi? Fransa və Ermənistanı birləşdirən dəyərlər hər kəsə məlumdur. Fransa erməni diasporunun güclü, erməni lobbisinin proseslərə təsir imkanlarının geniş olduğu ölkədir. Hazırda Fransadakı erməni diasporu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının, sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün bütün alçaq və yaramaz üsullara əl atır. Fransa isə, öz növbəsində erməni lobbisinə xoş gəlmək üçün hər vasitə ilə bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mane olmağa səy göstərir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlətimizin suveren hüququ idi ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin: «Erməni silahlı birləşmələrinin bu torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi 28 il kağız üzərində qalıb saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmışdır. Fransa Senatı qətnamə qəbul etmədən öncə bu faktları nəzərə alsaydı daha yaxşı olardı. Azərbaycan zaman-zaman Fransa Senatının ölkəmizə qarşı qərəzli qətnamə layihələrini müzakirəyə çıxarılmasının şahidi olub. Tarixi Zəfərimizdən sonra Fransa Prezidentinin Ermənistana “Dağlıq Qarabağ”ın müstəqilliyini tanıyacağı ilə bağlı ümidlər verməsi də yaxın dövrün reallığıdır və xalqımız bunları unutmayıb.”
Vüqar Rəhimzadə qeyd edib ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makronun dövlət başçısı İlham Əliyevə telefon zəngi zamanı Azərbaycan Prezidenti fransalı həmkarına bir daha bu çağırışı etdi: Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsi vacibdir.