"Regionda sabitliyin, təhlükəsizliyin qarantı olan Azərbaycan-Türkiyə münasibətlərinin tarixi Zəfərimizdən sonra daha da inkişaf edərək artıq müttəfiqlik səviyyəsinə yüksəldiyi rəsmi şəkildə dünyaya bəyan edildi.

44 günlük İkinci Qarabağ müharibəsi bir daha təsdiqlədi ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan, sevincli və kədərli anlarını birlikdə bölüşən ikinci dövlət ola bilməz. Müharibənin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayaraq  sonadək ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən, eyni zamanda, ilk uçuşu həyata keçirən xarici ölkənin dövlət başçısıdır. Prezident İlham Əliyevin çıxışlarında bu məqam xüsusi qeyd olunur ki,  dost ölkənin Prezidenti  Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə üç dəfə səfər edərək Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub. Hazırda  işğaldan azad edilmiş ərazilərimizdə  geniş miqyas alan bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin fəallığı xüsusi diqqət çəkir. Möhtərəm Prezidentimizin elə bir çıxışı yoxdur ki, Azərbaycan-Türkiyə münasibətlərindən, qardaş ölkənin istər İkinci Qarabağ müharibəsində, istərsə də postmünaqişə dövründə hərtərəfli dəstəyindən bəhs etməsin. Bu, dünyaya bir mesajdır.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə "Təzadlar"a  açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti bu günlərdə ADA Universitetində keçirilən  “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda dövlət başçısı İlham Əliyevin çıxışına və iştirakçıların suallarına cavabına yönəldərək bildirib ki, burada da Azərbaycan-Türkiyə münasibətləri əsas müzakirə edilən  məsələlərdən oldu. “Mən Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq. Baxışlarımız tamamilə aydındır. Biz qardaş və dostuq. Biz müttəfiqik. Ötən il Şuşada biz artıq əldə olunan nəticələri rəsmiləşdirdik. Biz rəsmi olaraq Müttəfiqlik Bəyannaməsinə imza ataraq müttəfiqə çevrildik” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, bu, reallığın rəsmiləşdirilməsi idi. Çünki uzun illər ərzində Azərbaycan və Türkiyə müttəfiq kimi addımlar atırdılar. Azərbaycan  əməkdaşlığın, tərəfdaşlığın və qardaşlığın bu səviyyəsini yüksək dəyərləndirir. Bu əminlik də ifadə edilir ki, əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Çünki Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib.

 Baş redaktor onu da əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün prioritetlərini açıqlayarkən ordumuzun daha da gücləndiriləcəyini, döyüş qabiliyyətinin artırılacağını bildirdi:  “Məhz bu hədəfə söykənərək hər zaman keçirdikləri təlimləri ilə diqqətdə  olan Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin postmünaqişə dövründə reallaşdırdıqları geniş  hərbi təlimlərin davamlılığı diqqəti cəlb edir. Şuşa Bəyannaməsində Türkiyə  və Azərbaycanın bir-birinə hərbi dəstək verəcəkləri ilə bağlı müddəa öz əksini tapıb. Sənəddə qeyd olunur ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,  birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Bu baxımdan Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi dünyaya ünvanlanmış bir  mesajdır. Açıq bildirilir ki, Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü, şəhidlərimizin qanı bahasına  azad edilən torpaqlarını daim qoruyacaq. Bunun üçün bütün zəruri addımlar atılacaq. Azərbaycan bütün qonşuları ilə sülh, əmin-amanlıq şəraitində  yaşamaq istəyir. Eyni zamanda, Azərbaycan tolerant, multikultural  dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi nüfuz qazanır.  Ölkəmizdə bütün xalqların, millətlərin  nümayəndələri dostluq, qardaşlıq mühitində yaşayırlar. Azərbaycanın çağırışlarının  əsasında İslam dünyasının birliyi xüsusi yer  tutur.  Təəssüflər olsun ki, bəzi dövlətlər, xüsusilə də qonşu  İran   İslam dini adı altında  riyakar və ikiüzlü siyasət həyata keçirir.”

   “Dövlət başçısı İlham Əliyev sözügedən konfransda bu məqamı xüsusi qeyd etmişdir ki, mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib. Sərhədimizdə heç bir hərbi təlim keçirilməyib. Ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu, o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Azərbaycan  bütün qonşuları ilə  sülh və dostluq münasibətləri istəyir. Eyni zamanda,  həmişə müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcək,  heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə, xalqımıza tətbiq etməyə imkan verilməyəcək”,- deyə Vüqar Rəhimzadə bildirib.

Baş redaktor  dekabrın 5-də başlayan və Azərbaycanın İranla sərhəd bölgələrini - Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini də əhatə edən Azərbaycan-Türkiyə hərbi təlimlərinin özündə ehtiva etdiyi çağırışlara diqqəti yönəldərək bildirib ki,  iki dost ölkə  bir il ərzində 10-dan çox  birgə hərbi təlim keçirib: “Bu təlimlər həm Azərbaycanda, həm də Türkiyədə təşkil edilib.  Qeyd etdiyimiz kimi, bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Müzəffər Ali Baş Komandanın “Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” çağırışı İran kimi məkrli siyasəti ilə özünə inamı, etimadı sıfra endirən dövlətlərə ciddi mesajdır.”

Baş redaktor vurğulayıb ki, göründüyü kimi, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurmanın sona çatması ədalətin və beynəlxalq hüququn yanında olan dövlətləri sevindirir, illərdir təcavüzkara hər bir baxımdan dəstək göstərən İran kimi dövlətləri  isə məyus edir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN