"Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir".
Tezadlar.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda deyib. Avropa Komissiyasının Prezidenti qeyd edib ki, strateji tərəfdaşlıq haqqında Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Ursula fon der Lyayen sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək deyib: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək".