Bir neçə gün əvvəl Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti instutunun, ekoloji fəal QHT-lərin, könüllülərin, media nümayəndələrinin Şuşa-Xankəndi yolunun yaxınlığındakı Rusiya “sülhməramlılarının” məsuliyyət zonasında keçirdikləri dinc etiraz aksiyası barədə öz fikirlərimi bildirmiş, qeyd etmişdim ki, yaxın günlərdə bu möhtəşəm aksiya ümummilli hərəkata çevrilərək 10 minləri, 100 minləri əhatə edəcəkdir.
Həqiqətən də, cəmi 8-9 gün ərzində bütün azərbaycanlıların coşğu və aramsız dəstəyi ilə genişlənən və ölkəmizdən kənarda yaşayan 60 milyonluq soydaşlarımızın milli həmrəylik nümayişi altında vahidləşən aksiya artıq Ümumxalq hərəkatına çevrilibdir. Xaricdə yaşayan azərbaycanlılar Ana Vətənin təbii sərvətlərinin istismarına qarşı müdafiəyə qalxaraq beynəlxalq ictimaiyyətdən Ermənistanın ekoloji terrorunun dayandırılmasını tələb edirlər.
Azərbaycan hökuməti ərazilərimizdə yaşayan erməni sakinlərə zərər dəyməsin deyə, onların humanitar ehtiyaclarını qarşılamaq üçün müvafiq təşəbbüslər göstərir, öz köməyini də təklif edir. Bu aksiyanın yalnız cinayətkar və oğru Vardanyan rejiminə qarşı olduğunu və Azərbaycan xalqının dünyada ən sivil, demokratik dinc etiraz hərəkatı başlatdığını, sülh aksiyası ilə regionda nümunə yaratdığını nümayiş etdirir. Bu, xalqımızın bir daha tolerantlığının, humanizminin, xoş niyyətlərinin bariz ifadəsidir.
Artıq Qarabağda yaşayan ermənilərın sırasında da bu aksiyanı dəstəkləyənlər, azərbaycanlılarla birgəyaşayış üçün can atanları da müşahidə etməkdədyik. Bu Aksiya Xankəndi və ətrafdakı ermənilər üçün də ağır zlümdən qurtuluş üçün bir fürsətdir. Ona görə də, yaxşı olardı ki, aksiyada qaldırılmış plakatlarda yazılmış şüarlar müxtəlif dillərdə, o cümlədən erməni dilində də əks olunsun. Bu, hadisələr barədə yanlış yönləndirilən sadə ermənilərin aksiyanın əsil tələbləri barədə məlumatlanmasında mühüm rol oynaya bilər.
Onu da təklif edirəm ki, Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilərə də müraciət olunsun, onlar da bu etirazlara qoşulsunlar, soydaşlarımızın yerləşdiyi əraziyə gələ bilməsələr də öz yaşadıqları yerlərdə yürüş-mitinqlər təşkil edərək şüar və plakatlarla dəstəklərini nümayiş etdirsinlər.
Ermənilərin əbədi sabitliyi, dayanıqlı rifahı birbaşa Azərbaycan vətəndaşı kimi Qarabağda azərbaycanlılarla birgəyaşayışdan, dinc və mehriban qonşuluqdan asılıdır. Onlara Vardanyanlardan, Balasanyanlardan nicat yoxdur, necə ki, 30 il ərzində Köçəryan, Sarkisyan onları yalançı vədlərlıə aldadaraq daha da müflis və zavallı həyat şəraitinə düçar etmişdir. Ona görə də bu ərazidə yaşayan 30-40 min erməni cinayətkar separatçıların girovundan xilas olmaq üçün soydaşlarımıza qoşulmalıdırlar.
Erməni xalqı düşünməlidir ki, illərdir, xarici ölkələrdən onlara on milyon dollarla ianələr edilir, müxtəlif fondlar hər il pul köçürür, ancaq sosial həyatları dəyişmir, daha da kasıblayırlar. Belə həyat tərzi onlar üçün yaxşı gələcək vəd etmir. Yeganə yol azərbaycanlılarla əl-ələ verərək Azərbaycan Respublikasının Konstitusuyasının verdiyi bütün imkanlardan, o cümlədən yüksək iqtisadi və sosial rifah üstünlüklərindən faydalanmaqdır.
Vaqif ABDULLAYEV,
Professor