Dekabrın 22-də İsveçin xarici işlər naziri Tobias Billström ölkəsinin NATO-ya daxil olmasını müzakirə etmək üçün Ankaraya səfər edəcək.

Rusiya KİV-nin məlumatına görə, səfər çərçivəsində İsveçin xarici işlər naziri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək, həmçinin Türkiyə parlamentini də ziyarət edəcək.

***

Qeyd edək ki, ötən gün - dekabrın 19-da İsveç Ali Məhkəməsi Ankaranın 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakla bağlı ittiham etdiyi Türkiyə vətəndaşının ekstradisiyasını əngəllədiyini bildirib. Məhkəmə bu qərarını ittihamların qismən siyasi cinayətə aid olması və həmin şəxsin siyasi baxışlarına görə təqib olunma riski ilə izah edib...

Xatırladaq ki, Finlandiya və İsveç may ayında Alyansa qoşulmaq üçün müraciət etmişdilər. NATO-ya üzv olan 30 ölkə arasında Skandinaviya ölkələrinin müraciətlərini ratifikasiya etməyən yeganə ölkələr Türkiyə və Macarıstandır. Artıq Macarıstanın da razılıq verəcəyi bildirilir.

Lakin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı Türkiyə razılıq verməyib. Türkiyə tərəfi hər iki ölkənin terrorçuları uzun illərdir ki, himayə etdiklərini bildirib. Və buna görə də onların qarşısında bir sıra şərtlər irəli sürüblər və bu şərtlərə əməl olunmayanadək Skandinaviya ölkələrinin NATO-ya üzvlüyünə razılıq verməyəcəklərini bildiriblər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə açıqlamalar verib.

İyunun 29-da isə Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzaladılar.

Bir müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər iki ölkədən narazılığını dilə gətirib. O, qeyd edib ki, İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq üçün atdığı addımları görmür və onlar 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan kürd terrorçuları ekstradisiya etmək niyyətində deyil.

Maraqlıdır ki, İsveç XİN rəhbəri son məhkəmə qərarından sonra yenidən Ankaraya üz tutub.

Göründüyü kimi, son sözü Türkiyə deyəcək! Və yəqin ki, bütün haqlı şərtlərinə əməl olunduqdan sonra.

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN