"Gürcüstan hökuməti Saakaşvilinin hüquqlarını tam təmin etməyə borcludur - Avropa İttifaqı bu məsələdə öz tərəfdaşlarına kömək etməyə, o cümlədən tibbi yardım göstərməyə hazırdır".
Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, bu barədə Avropa Parlamentində Gürcüstanla bağlı çıxış edən Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi deyib. Sitat: “Keçən ay bu parlament cənab Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı qərar qəbul etdi. Üzv dövlətlər adından biz bunu Gürcüstan Ədliyyə Nazirliyinə göndərdik və mesajımız çox aydın idi - bu Saakaşvilinin məhbus və təqsirləndirilən şəxs kimi hüquqlarını tam təmin etmək Gürcüstan hökumətinin qanuni öhdəliyidir. Avropa İttifaqı bu məsələdə öz tərəfdaşlarına kömək etməyə, o cümlədən tibbi yardım göstərməyə hazırdır”.
Qeyd edək ki, dünən sabiq prezident Mixeil Saakaşvilinin oğlu Eduard Saakaşvili və anası Guli Alasaniyanın iştirakı ilə Avropa Parlamentində eks prezidentin səhhəti və onun hüquqları barədə müzakirələr aparılıb. Yekun qərar aidiyyəti üzrə təqdim olunacaq. Gürcüstan hakimiyyəti isə hələki Saakaşvilinin xaricdə müalicəsinə icazə vermək fikrindən uzaqdır.
A.Məmmədli