Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop terror təşkilatı PKK/YPG üzvlərinin Fransa Senatında ev sahibliyi edilməsi və terrorçulara medal verilməsinə münasibət bildirib.
TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, Mustafa Şentop sosial media hesabında etdiyi paylaşımda Türkiyənin milli təhlükəsizliyinə təhdid təşkil edən terror təşkilatının Fransa Senatında ev sahibliyi edilməsinin çox dəhşətli olması ilə yanaşı təəccüblü olmadığını vurğulayıb.
Fransanın daha əvvəl terror təşkilatı DEAŞ başda olmaqla, açıq və ya gizli şəkildə terror təşkilatları ilə əlaqələrinin şahidi olduğunu xatırladan Şentop deyib:
"Parlamentin sədri kimi deməliyəm ki, bir ölkənin parlamentində terror təşkilatının üzvlərini qəbul etməsi həmin qurumun nüfuzunu zəiflədir. Terror təşkilatı PKK-nın Suriyadakı qollarının bir millət vəkili vasitəsilə açıq şəkildə tərəfini tutduğunu bütün dünyaya göstərən Fransadan hüquqa, insanlığa və müasir etibarlı dövlət olmağın tələblərinə uyğun davranmasını gözləyirik”.
Ədalət və İnkişaf Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik də sosial media hesabında terror təşkilatı PKK/YPG üzvlərinin Fransa Senatında qəbul edilməsinin Fransa üçün utancverici olduğunu bildirərək deyib:
"Bu həm də Türkiyə-Fransa dostluğunu hədəf alan təxribat xarakterli bir hərəkətdir. Bu biabırçılığı sərt şəkildə qınayırıq".
Xatırladaq ki, Fransada təşkil olunan Novruz ziyafətində PKK-lı terrorçuların sözdə rəhbər heyəti Senatda qonaq edilib.
Terrorçu təşkilatın Suriya qolu olan YPG-nin qadın təşkilatının sözçüsü və dierktoru Nuri Mehmud və Ruksan Mihemed senator Pierre Laurent ilə görüşüblər.
Daha sonra terrorçulara “şərəf nişanı” təqdim edilib.