Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Yəni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək.
TEZADLAR.AZ Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya səfəri zamanı mətbuata açıqlamasında bildirib.
"Əlaqələrimizin tarixi də çox gözəldir. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi.
Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq.
Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir.
Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir.
Biz müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələr aparacağıq. Eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq. Birgə komissiya, yəni, Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq", -deyə prezident İlham Əliyev çıxışı zamanı bildirib.
Xatırladaq ki, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.