“Xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.”

Dünən Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Cənab Ərdoğan və onunkomandası daha 5 il Türkiyəni idarə edəcək. Hökumətdə dəyişikliklər olacağı annonsu daha öncədən verilmişdi və bu səbəbdən də xeyili sayda kabinet üzvü artıq parlamentdə təmsil olunur. Bu isə o deməkdir ki, Türkiyədə hazırkı prezidentinin yenidən seçilməsi kontekstində ölkə növbəti 5 ilə daha fərqli proqramlar ilə daxil olacaq.

Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Vüqar Bayramov  diqqətə çatdırıb ki, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb.

“2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Bununla yanaşı, qısa müddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınmaqdadır”, - deyə bildirib.

Millət vəkili onu da vurğulayıb ki, Türkiyədə inflyasiya səviyyəsi ötən ilkinə nisbətən azalsa da, yenə də qiymətlər yüksək olaraq qalır.

  “Ötən il 72.31 faiz inflyasiya qeydə alınan qardaş ölkədə bu ilin aprel ayında qiymətlər 43.68% artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq, hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalmaqdadır.
Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir”, - o, deyib.
Onun sözlərinə görə, Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur və o deməkdir ki, qardaş dövlət növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər.

Deputat, həmçinin Türkiyədə turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatının ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacağını da, ölkəmizin haqq işinə dəstək verdiyini də nəzərə çatdırıb və Ərdoğanın yenidən Prezident seçilməsinin həm ölkələrimiz , həm də region üçün əhəmiyyətini önə çəkib.

 “Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə müttəfiqlik Bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir. Bu isə o deməkdir ki, Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək.
Bütövlükdə, Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətli idi. Ərdoğanın yenidən prezident seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq”, - deyə bildirib.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Ərdoğan 49,51 faiz, Kılıçdaroğlu 44,88 faiz səs toplayıb. Birinci turda qalib gəlmək üçün namizədə 50%-dən çox səs lazım idi, ona görə də mayın 28-də səsvermənin ikinci turu keçirilib.

İkinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 52% səslə qalib olub. Digər namizəd Kemal Kılıçdaroğlu isə təxminən 48% səs toplayıb.

 Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN