Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri Azərbaycanda qəzəblə qarşılandı...
Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də Fransa Prezidenti Emanuel Makronun erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə sırt cavab verib. Qeyd edilib ki, həm 44 günlük Vətən müharibəsində, həm də post-münaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib.
"Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərildiyi barədə iddiaları Fransa Prezidenti Makronun təxəyyülünün məhsuludur. Azərbaycanın Prezidentinə təzyiq göstərmək cəhdləri heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycanın milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib.
Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o radikal şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub.
Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir", - XİN-dən vurğulanıb.
Uzun sözün qısası, Makron sarsax fikirlər səsləndirməkdə, Azərbaycan isə Qarabağda öz qanuni işlərini görməkdə... Makron ermənilərin vəkilidirsə, 44 günlük Vətən müharibəsində irəli duraydı və əsir götürülən, məhv edilən erməni terrorçulara sahib çıxaydı. İndi artıq gecdir və Fransada oturub ermənilərə yalanları danışmağa nə var ki! Özü də o yalanları ki, ayaq tutsa da yeriyən deyil...
A.Məmmədli