"Son bəyanat artıq konfliktin həll olunduğundan xəbər verir" - deputat Vüqar Bayramov.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.
Milli Məclisin deputatı Vüqar Bayramov Brüssel görüşündən sonra prezidentlərin mətbuata verdiyi açıqlamalarda aşağıda qeyd edilən bir sıra mühüm məqamlara diqqət çəkib:
"1. Açıqlamanın ana xətti və ilk bəndi ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tanınmasıdır. Tərəflər qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət etdiklərini bəyan ediblər. Bu o deməkdir ki, Azərbaycannın ərazisi 86.600 km2 , Ermənistanın ərazisi isə 29.800 km2-dir . Bu həm də bir daha təsdiq edir ki, Qarabağ Azərabycandır;
2. 1991-ci ildə imzalanmış Almata Bəyannaməsinə uyğun olaraq sərhədlərin delmitasiyası həyata keçiriləcək. Artıq bu sahədə işlər başlanılıb. Bu eyni zamanda o deməkdir ki, Azərbaycan öz suveren sərhədlərində qurduğu Laçın buraxılış məntəqəsinin fəaliyyəti beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyü prinsipinə tam uyğundur;
3. Bu görüş kommunikasiyaların bərpası və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün zəmin yaradır. Avropa İttifaqı dəmiryolu əlaqəsinin bərpası üçün maliyyə yardımına hazırdır. Deməli, yaxın zamanlarda Azərbaycan əsas ərazisi ilə Naxçıvan yenidən quru nəqliyyat vasitəsi ilə birləşə bilər;
4. İlk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsi ilə humanitar təminatınatın həyata keçirilə bilməsi qedy olunur. Bu isə o deməkdir ki, Brüssel birmənalı şəkildə Qarabağı Azərbaycan bir hissəsi kimi tanıyır və ölkənin digər bölgələri ilə kommunikasiyanın yaradılmasında maraqlıdır;
5. İlk dəfə olaraq Avropa İttifaqı "Laçın yolu" terminindən istifadə edir. Bu isə o deməkdir ki, Laçın vasitəsi ilə Ermənistan ilə Qarabağda yaşayan ermənilərin əlaqələri xüsusi statuslü nəqliyyat ilə deyil, suveren hüquqlar çərçivəsində sadəcə yol ilə qurulacaq;
6. Açıqlamada "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" terminindən istifadə edilir. Bu o deməkdir ki, "muxtar vilayət" Avropa İttifaqı üçün də artıq keçmişdə qalıb, müzakirələr Azərbaycanın ərazisi olan Qarabağ ilə bağlıdır;
7. Açıqlamada bir daha itkin düşmüş insanların taleyi qeyd edilir. Bu o deməkdir ki, Brüssel müharibə zamanı itkin düşmüş Azəbaycanların taleyinə və bütövlükdə bu faktlara xüsusi diqqət yetirir", - deyə Vüqar Bayramov qeyd edib.
Həmçinin deputat diqqətə çatdırıb ki, bütövlükdə Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur.
"“Qarabağ münaqişəsi” və hətta "münaqişə" sözlərinin bir dəfə də işlədilmədiyi son bəyanat artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir", - deputat vurğulayıb.
Y.MƏMMƏDLİ