Böyük Britaniya, Pakistan, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Avropa Şurası Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsində keçirilən "seçkiləri" tanımadığını bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld X (keçmiş twitter) sosial şəbəkəsində bildirib ki, Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən "qondarma seçkiləri" tanımır. "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkilərini" tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", deyə səfir qeyd edib.

Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Pakistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır.

"Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır", deyə nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilərlə" bağlı sualı cavablandırarkən bildirib. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin keçirdiyi qondarma "seçkiləri" tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın "destruktiv addımlar atmasının" qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.

Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Qarabağda 9 sentyabr 2023-cü ildə keçirilmiş qondarma prezident seçkilərini tanımır", deyə bəyanatda qeyd olunub.

Bundan öncə Türkiyə, Ukrayna, Moldova və Avropa İttifaqı Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsində keçirlən "prezident seçkilərini" tanımadığını bəyan edib. Öz növbəsində Avropa İttifaqı, Türkiyə və bir neçə digər ölkə bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının keçirdiyi "prezident seçkilərini" tanımadıqlarını bildiriblər.

Avropa İttifaqının xarici məsələlər üzrə sözçüsü Nabila Massrali qeyd edib ki, "sentyabrın 9-u Xankəndində/Stepanakertdə keçirilən sözdə seçkiləri nəzərə alaraq, Avropa İttifaqı seçkilərin keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımadığını bir daha bəyan edir".

Aİ həmçinin Qarabağ ermənilərinin rəsmi Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir olan və buna hazır olan liderlik ətrafında birləşməsinin vacib olduğunu və bu prosesi dəstəkləməyə sadiq olduğunu bildirib. Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir dövrdə keçirilən "seçkini" pislədiyini və bunun sülh prosesinə zərbə vurduğunu bildirib.

"Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır", deyə bəyanatda qeyd edilir.

Türkiyə BMT və beynəlxalq ictimaiyyəti "qeyri-legitim seçkini" tanımamağa çağırıb, habelə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəklədiyini, tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə böyük töhfə verəcəyinə inandığını vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi də sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkilərini" pisləyib. "Qondarma "prezident seçkilərinin" keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və seçkinin nəticələri etibarsızdır. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu bildirir", deyə bəyanatda vurğulanıb. Sentyabrın 9-u Moldova Xarici İşlər və Avropya İnteqrasiya Nazirliyi də oxşar bəyanat yayaraq, Qarabağ bölgəsində keçirilən "prezident seçkilərini" tanımadığını, Moldovanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədiyini qeyd edib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN