Türkiyə Təhsil Nazirliyi təhsil proqramında mühüm dəyişiklik edir.
Qurum tarix fənni proqramında fundamental dəyişikliklər ediləcəyini elan edib. İndi tarixə yeni yanaşma çərçivəsində “Mərkəzi Asiya” termini “Türküstan” ilə əvəz olunacaq.
Ekspertlər qeyd edirlər ki, bu qərar gələcək nəsillərdə milli kimliyin və vətənpərvərlik hissinin gücləndirilməsinə istiqamətləndirilib.
TEZADLAR.AZ xəbər veriri ki, bu barədə ölkənin TRT teleradio şirkətinin rəsmi saytı məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın türk dünyasında birliyin vacibliyini vurğuladığı bildirilir:
Qarşıdakı dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq, “Türkiyə əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıracağıq”.
Türkiyəli Professor Ahmet Taşagıl “TRT Haber” üçün “Türküstan” ifadəsinin tarixi mənasını açıqlayıb:
“Türklərin vətəni” mənasını verən Türküstan sözü tarixin ən qədim dövrlərindən bəri işlədilir. 19-cu əsrin ikinci yarısında Rusiyanın istilası nəticəsində Türküstan adının yerinə Orta Asiya anlayışı ortaya atılaraq yayılıb”.
Dosent Ramin Sadıq da Təhsil Nazirliyinin qərarını “TRT Haber” üçün şərh edib.
“Türküstan anlayışı və onun Milli Təhsil Nazirliyinin dərsliklərə daxil edilməsi ilə bağlı müraciətimiz çox düzgün qərardır. Həm Türkiyə, həm də Türküstan türklərin daha çox yaşadığı bölgə deməkdir”, - deyə Sadıq bildirib.
Ekspert qeyd edib ki, türk dünyası üçün ortaq tarix, coğrafiya, ədəbiyyat, xəritə və əlifbanın yaradılması istiqamətində aktiv addımların atıldığı dövrdə Türkiyə Milli Təhsil Nazirliyinin “Türküstan” ifadəsinin uşaqlar da daxil olmaqla dərsliklərə daxil edilməsi ilə bağlı qərarı əhəmiyyətli dəyişiklikdir.
Onun fikrincə, bu transformasiya təkcə Türkiyə üçün deyil, bütün türk dünyası, eləcə də türk dövlətlərinin tərəfdaş ölkələri üçün mühüm başlanğıc və dəyərli töhfədir.
Ekspertlər bu dəyişikliyin türk dünyası arasında əlaqələri gücləndirmək, o cümlədən ortaq tarix, ədəbiyyat, xəritə və əlifbanın yaradılması kimi daha geniş strategiyanın bir hissəsi olduğunu deyirlər.
JASMİN