Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə bildirib ki, 2020-ci ilin payızında Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı məğlubiyyət “müstəqil və suveren ölkəyə sahib olmaq imkanı verib”.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Deyə bilərəm ki, məğlubiyyətə uğrayaraq müstəqil və suveren dövlətə sahib olmaq imkanı əldə etdik”, - o deyib.
Paşinyan onu da əlavə edib ki, “müəyyən şəraitə görə” Cənubi Qafqazda Ermənistana qarşı çoxlu neqativ fikirlər mövcuddur: "Bu neqativin öhdəsindən gələ bilmək çox vacibdir. Biz bu neqativin öhdəsindən emosiyalarsız, ən təsirli üsullarla çıxmağa çalışaraq doğru olanı edirik".
Paşinyan daha əvvəl bəyan etmişdi ki, respublikanın strateji inkişafı çərçivəsində o, qonşulara qarşı ərazi iddialarının olmamasını nəzərdə tutan “real Ermənistan” konsepsiyasını yaradıb.
Müxalifət dəfələrlə Paşinyanın bu cür bəyanatlarını və qiymətləndirmələrini 2020-ci il məğlubiyyətini qanuniləşdirmək üçün özünə haqq qazandırmaq cəhdi adlandırıb. Ermənistandakı bir çox müxalifətçilərin fikrincə, Paşinyan müharibədə məğlubiyyətin qaçılmaz olduğunu və onun səriştəsiz xarici və daxili siyasəti ilə bağlı olmadığını göstərməyə çalışır.
E.ŞİRİNOV