Ukrayna Ali Radasının keçmiş deputatı, politoloq Borislav Rozenblat “Naş” telekanalının efirində bildirib ki, Vaşinqton artıq Şərqi Avropada güzəştlər barədə Moskva ilə razılığa gəlib.
“ ABŞ və Rusiya arasında sövdələşmə başa çatıb və bizi, sadəcə olaraq Rusiyaya ötürürlər”, - deyə bildirib.
Xatırladaq ki, yanvarin 10-da Cenevrədə ABŞ və Rusiya nümayəndələri arasında görüş keçirilib. Həmin görüşdə, Rusiyanın dekabrda ABŞ və müttəfiqlərinə göndərdiyi “təhlükəsizlik zəmanəti” təklifləri ilə bağlı məsləhətləşmələr aparılıb.
Səkkiz saat davam edən görüşdə, Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ heyətinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edib.
Hələ danışıqlara başlamamışdan bir gün əvvəl Ağ Ev rəsmisi jurnalistlərə açıqlamasında " Rusiya Federasiyasının tələbləri arasında ABŞ-ın heç vaxt razılaşmaq niyyətində olmadığı şərtlər var" mesajını vermişdi.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da jurnalistlərə bildirmişdi ki, Moskvaya “dəmir - beton” zəmanət lazımdır.
"Biz vurğulayırıq ki, Ukraynanın heç vaxt NATO üzvü olmamasına əmin olmaq bizim üçün mütləq vacibdir. İstərdik ki, NATO-nun 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul Madriddə keçirilən sammitdə geri götürülsün və aşağıdakılarla əvəz edilsin: "Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq”, - deyə Ryabkov jurnalistlərə bildirib.
Qeyd edək ki, 9-10 yanvar tarixlərində Cenevrədə baş tutan görüşdə, tərəflərin Rusiyanın əsas hesab etdiyi məsələ - NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı razılığa gələ bilmədiyi bildirilir.
Y.MƏMMƏDLİ