Bolqarıstanın Qara dəniz bölgəsində NATO üzvlərinin "Sea Breeze" adlı illik hərbi təlimləri başlayıb.
Təlimdə ümumilikdə - Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə, Fransa hərbi dəniz qüvvələrinin 24 döyüş - köməkçi gəmi və kateri, 5 təyyarəsi, 4 helikopteri, 1390 hərbi qulluqçusu, eləcə də NATO Hərbi Dəniz Qüvvələri komandanlığı iştirak edir.
Bu, Rusiyanın Ukraynayaya hücumundan və su ərazisinin əhəmiyyətli hissəsinin bloklandığı vaxtdan bəri Qara dənizdə keçirilən ilk “Dəniz mehi” ("Sea Breeze”) təlimidir.
Alyansın “Sea Breeze” təlimi Ukrayna ərazisində (1997-ci ildən) hər il keçirilib. Təlimlərin məqsədi Qara dəniz regionu ölkələri (Rusiya Federasiyası istisna olmaqla) arasında əməkdaşlığın təkmilləşdirilməsi, dənizdə və quruda manevrlərin aparılmasıdır.
Qeyd edək ki, NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqıdır.
Bu ittifaq 4 aprel 1949-cu ildə qurulub və hazırda 30 üzvü var - Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland,Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə Xorvatiya və Yunanıstan.
Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.
NATO - hökumətlərarası təşkilatdır, onun bütün üzvləri öz suverenliyi və müstəqilliyini qoruyurlar. İlk növbədə NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizlyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır.
Xatırladaq ki, hazırda Finlandiya və İsveç də NATO-ya üzvlük protokolunu imzalayıblar. Lakin uzun illərdir ki, Ukrayna buna səy göstərsə də, bu cəhd alınmayıb. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski də bu barədə iradlarını bildirib.
NATO isə hələ ki, Ukraynanın bu istəyinə müsbət cavab verə bilmir…
Rusiya sərhədlərinə yaxın ərazidə NATO ölkəsinin olmasını arzulamır və bu gün Ukraynada qanlı müharibə gedir…
JASMİN