“Referans” klinikası statistika naminə məni saxta “karona” edib.
Bunu tanınmış jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkə hesabında etdiyi videomüraciətdə bildirib.
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media forumu işə başlayıb.
Həmin forumda iştirak edəcək jurnalistlərin siyahısında Məhəmmədəli Qəriblinin də adı yer alıb. Təyyarə ilə ediləcək səfər üçün isə iştirakçılardan “COVİD” testi tələb olunub.
Jurnalistin sözlərinə görə, həmin səfər barədə gec məlumatlandırılıb və o, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Referans” klinikasına üz tutub.
Klinikaya 58 manat ödəniş edən jurnalistdən burun-boğaz yaxması götürülüb və 3 saatdan sonra ona bildirilib ki, testin nəticəsi “pozitiv” çıxıb və beləliklə, Şuşa səfərinə gedə bilməyib...
Jurnalist testin nəticəsinə inanmadığını, indiyədək “Covid”ə yoluxmadığını, 3 dəfə peyvənd vurdurduğunu, mütəmadi idmanla məşğul olduğunu, həmçinin özünü tam sağlam hiss etdiyini bildirir. O, bu barədə klinikanın tibbi personalını da xəbərdar edib. Lakin ondan təkrar analiz vermək üçün yenidən ödəniş etməsini tələb ediblər...
Özündə heç bir xəstəlik əlaməti hiss etməyən Məhəmmədəli Qəribli məşhur xarici dərman şirkətlərindən birinin “Covid” testini aptekdən aldırıb və “xəstəliyini” özü yoxlayıb - nəticə neqativ olub.
Hazırda adı “covid” xəstələrinin qeydiyyat siyahısına düşən jurnalist qaydaya görə 1 həftə evdən bayıra çıxmamalıdır. Buna görə də o, başqa klinikalara da müraciət edə bilmir. Jurnalist heç bir dərman qəbul etmədiyini və baş verənlərə görə “Referans” klinikasını məhkəməyə verəcəyini bildirib.
Qeyd edək ki, bu gün jurnalistin doğum günüdür. Və o, bu özəl günündə Şuşada baş tutan mötəbər tədbirdə iştirak etməyi çox arzuladığını, lakin klinikanın onu saxta “korona” xəstəsi etməsi səbəbindən bu arzusunu gerçəkləşdirə bilmədiyini qeyd edib.
JASMİN