...Bu gün Azərbaycan dili və əlifbası günüdür. Dil və əlifba bir millətin tam mənada bəşəriyyətdə özünəməxsus yer tutması və özünü isbatlaması üçün çox vacibdir. Millətin tarixi boyu dilinin fəaliyyət göstərməsi və şifahi də olsa digər dillər və xüsusilə türk dilləri içərisində öz mahiyyətini qoruyub saxlaması bu millətin gücünə dəlalaət edir. Digər tərəfdən bütün xalq tərəfindən Azərbaycan dilinin öyrənilməsinə və tədqiqatına tarixi laqeydlik dilin və əlifbanın təsir dərəcəsinin millətin inkişafına zəruri səmərəlilik həddində olmadığını göstərir. Bu tarixi laqeydlik müstəqillik, tərəqqi və yüksək inkişaf ruhuna ciddi zərbə endirməklə bərabər ağır və bərpası mümkün olmayan neqativ hallara gətirib çıxarmışdır: 50 milyonluq böyük bir xalqın 80%-i öz ana dilində tam yazıb yaratmaq hüququna malik deyil. Müasir şəraitdə bizim millətdən başqa dünyada heç bir xalqa ana dilində yazıb yaratmaq hüququ qadağan edilməmişdir. Azərbaycan kimi böyük bir xalqın 80%-nin elmi yazılı dili yoxdur və təbii ki, şifahi dildən istifadə etmək məcburiyyətindədirlər. İlk elmi Azərbaycan dilinin tədqiqinin müəllifi də bu millətin nümayəndəsi deyil. İlk Azərbaycan dilinin istifadəsi və ilk dərsliyin müəllifi böyük maarifçi, dahi insan, rus millətinin nümayəndəsi Aleksandr Osipoviç Çernyayevskidir və nə qədər parodoksal və acınacaqlı görünsə də, bu böyük insan dərsliyin yazılmasına və istifadəsinə bu xalqın əksəriyyəti ilə gərgin mübarizə şəraitində nail olmuşdur. Min illərlə islam ərəb-fars əsarəti altında inləyən rejimin molla nümayəndələri elmi həyatda ərəb dili və əlifbasından başqa hər hansı dil və əlifbadan istifadə olunmasına qəti etiraz edirdilər. Amma buna baxmayaraq bu böyük insan hətta həyatını riskə ataraq sonralar millətin işığına çevrilən gənclərdən ibarət qrup formalaşdırmağa nail olmuş, Azərbaycan dilində ilk tədrisi təşkil etmiş və ilk Azərbaycan dili dərsliyini (Vətən dili) yazmışdır.
Məhz bu dərslik əsasında hazırlanan alimlər sonralar ölkənin ən aparıcı qüvvəsinə çevrildilər və real Azərbaycan dili türk dilləri içərisində ən güclü, elmi cəhətdən əsaslandırılmış dil qrupuna çevrildi. Təəssüf ki, bu gün də tarix təkrarlanır, eyni neqativ proseslər 140 il sonra indi də bir az daha mədəni formada davam edir. Əgər o vaxt əsas problem real Aərbaycan dili ilə əlaqədar idisə, bu gün eyni geriləmə neqativ - rəqəmsəl Azərbaycan dili üzrə təzahür edir. 20 ildir ki, dünya virtuallaşır, rəqəmsəlləşir, virtual dünyada fiziki sərhədlər aradan qalxır, dil və əlifba sahəsində bütöv 50 milyonun mənəvi bütövləşməsinə, dilin, əlifbanın, xəbərləşmənin eyniləşməsinə, onun təsirinin zəruri səviyyəyə qaldırılmasına heç kim mane ola bilməz. Amma təəssüflər olsun ki, bu gün "Rəqəmsəl Aərbaycan dili" yaradılmayıb, istifadə oluna bilmir. İndi də bu işlə xarici şirkətlər və ya başqa millətin nümayəndələri məşğul olur (məsələn Google). Halbu ki, əvvəl tərkibində olduğumuz keçmiş SSRİ-nin əksəriyyət xalqları, o cümlədən, Rusiya tam rəqəmsəl dillərini yaratmışdılar. RƏQƏMSƏL AƏRBAYCAN DİLİ çox geniş tədqiqat tələb edir: əlifbalar (bu gün də dünya Azərbaycanlıları üç əlifba istifadə edirlər), qrammatika, orfoqrafiya, yazılış qaydaları, bütün dünya dillərinə tərcümə proqramları, imla, inşa, oxuma, tələffüz və s., bütün bunlar kodlaşdırılmalıdı, rəqəmsəlləşdirilməlidi, proqramlaşdırılmalıdı. Azərbaycan Respublikasının başqa problemlərindən fərqli bu problem bütün dünya Azərbaycanlılarının problemidi, bununla hər kəs məşğul olmalıdı, hər kəs iştirak etməlidi. Rəqəmsəl Azərbaycan dilinin yaradılması millətin mənəvi bütövləşməsinin, bütöv suverinitetinin, sürətli inkişafının, elmi-texniki tərəqqiyə qovuşmasının ən vacib ilkin şərtidir. Bütün xalqı təbrik edirəm, Azərbaycan dili və əlifbasının yaradıcılarını, xüsusilə ilk dərsliyin və təhsilin şəriksiz müəllifi və yaradıcısı A. O. ÇERNYAYEVSKİNİ dərin hörmətlə anıram və müasir dilçilərimizə RƏQƏMSƏL AƏRBAYCAN DİLİNİN tezliklə yaradılmasında uğurlar arzu edirəm.
Dərin hörmətlə
Prof.dr. Saleh Məmmədov