Aİİ-yə üzv olan ölkələr də Rusiyaya qarşı tətbiq edilən sanksiyaların məngənəsinə düşüb. Çıxış yolları isə...

 ***

“Məlum sanksiya məhdudiyyətləri bütün Avrasiya İqtisadi İttifaqına  (Aİİ) üzv dövlətlərin iqtisadiyyatına təzyiq göstərir”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi Komissiyasının (AİK) iclasında deyib.

Dövlət başçısı qlobal inflyasiyanın Aİİ üzvü olan ölkələrin iqtisadiyyatına mənfi təsirinin minimuma endirilməsinin vacibliyini qeyd edib və vurğulayıb ki, beynəlxalq təşkilatların proqnozları məyusedicidir.

“Beynəlxalq Valyuta Fondu 2023-cü ildə qlobal iqtisadi artım proqnozunu 2,7%-ə, Ümumdünya Ticarət Təşkilatı 1%-ə endirib. Avrasiya iqtisadi komissiyasının məlumatına görə isə, Avrasiya İqtisadi İttifaqı ölkələrində istehlak qiymətləri artmaqda davam edir. İttifaq daxilində oktyabrda inflyasiya 11,5% təşkil edib.Onun əsas artımı ərzaq və qeyri-ərzaq mallarının payına düşür. Bütün bunlar vətəndaşlarımızın alıcılıq qabiliyyətinə və sosial rifahına əhəmiyyətli dərəcədə təsir göstərir. Etiraf etmək lazımdır ki, məlum sanksiya məhdudiyyətləri Aİİ-yə üzv olan bütün ölkələrin iqtisadiyyatına təzyiq göstərir”, – deyə Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan prezidenti məsələnin həlli yolu ilə bağlı təklif də verib.

Tokayevin fikrincə, AİK Aİİ-yə üzvü olan ölkələrin hökumətləri ilə birlikdə bu məsələyə xüsusi diqqət yetirməli və həmin sanksiyaların məhdudlaşdırılmasının təsirini yumşaltmaq yolları barədə təklif verməlidir.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına 5 ölkə daxildir: Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Ermənistan.

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Həmçinin Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

Müharibə isə 10 aydır ki, davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və vasitəçiliyi ilə dəfələrlə xeyirxah addım atılmış və tərəflərin nümayəndə heyətləri bir araya gətirilmişdir. Müəyyən məsələlərdə razılıq əldə olunsa da, təəssüf ki, sülh barədə razılıq əldə olunmamışdır.

Beləliklə, Rusiyanın Ukraynaya hücumundan sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 8 ağır sanksiyalar paketini işə salmış və 9-cu - daha “ağırçəkili” paketi isə yol üstdədir…

Həm Ukraynadakı müharibə, həm də sanksiyalar paketləri, nəinki Rusiyaya, həm də bütün dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Lakin sanksiyaların ağır olmasına baxmayaraq, Rusiya mövqeyindən geri çəkilmir…

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN