"Naxçıvan gerçəklikləri” – bu haqda indi hamı danışır, daha doğrusu vətənimizin ayrılmaz dilbər guşəsi olan Muxtar Respublikada baş verən, dövlət adına utanc gətirən proseslər indi ölkə mediasının diqqət mərkəzindədir...

“Naxçıvan gerçəklikləri” – sən demə, bu kitab adı imiş!!! Və bu ilin fevral ayından başlayaraq “Azərbaycan” qəzetinin əməkdaşları Naxçıvana fasiləsiz səfərlər edərək sislsilə məqalələr yazıblar, hələ bununla da ürəkləri soyumayıb bu ilin iyun ayında yuxarıda qeyd olunan adda iri həcmli, nəfis tərtibatlı kitab da buraxıblar.

Qəribə olan odur ki, deputat İsa Həbibbəylinin ön söz yazdığı, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun redaktoru olduğu “Naxçıvan gerçəklikləri” heç də bütün ölkənin bildiyi yox, Vasif Talıbovun sifariş etdiyi, göstərmək istədiyi gerçəkliklərdir.

Kitabın müəllifi isə Ramiz Mehdiyevin mirzəliyini eləməkdə ad çıxarmış Bəxtiyar Sadıqovun varisi, redaksiyanın “boz kardinalı” Ulu öndər Heydər Əliyevi söydüyünə görə işlədiyi “Yeni Azərbaycan” qəzetindən qovulan İxtiyar Hüseynlidir. Yəni axsaq atın kor nalbəndi olar.

Kitabı açan kimi İsa Həbibbəylinin alovlu publisistikasının qığılçımları adamın gözünü qamaşdırır.

Akademik yazır: “Azərbaycan Respublikasının Əməkdar jurnalisti İxtiyar Hüseynlinin “Naxçıvan gerçəklikləri” kitabı publisistik janrda qələmə alınan məqalələr toplusu həm də gələcək nəsillərə ünvanlanan salnamədir. “Naxçıvan gerçəklikləri” Muxtar Respublikanın Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yorulmaz və məqsədyönlü fəaliyyəti ilə baş vermiş böyük inkişafın mükəmməl publisist salnaməsi kimi diqqəti cəlb edir”.

Akademiki təəssüfləndirməli olacağıq – “nəsillərə ünvanlanan səlnamə”nin ömrü heç altı aya çatmadı. İndi bütün bu pafoslu cümlələrin nə qədər taftalogiya və sözyığını olduğunu isbat etməyə gərək yoxdur. Həm də ona təəssüflənirik ki, dövlət siyasətini təbliğ etməli olan Milli Məclisin orqanı “Azərbaycan” qəzeti hansısa şəxsi maraqlar və təmənna müqabilində özündən gerçəklıik uydururb ictimai rəyə sırımaqdan utanmır.

Kitabın “şah əsəri” olan “Naxçıvanın inkişaf modeli” məqaləsi isə necə deyərlər “gül vurur”. Bircə sitata diqqət edək “Sədərək Gömrük Sərhəd-Buraxılış məntəqəsinin yeni inşa olunan binasının əzəməti, tətbiq edilən texniki innovasiyalar, xidmət keyfiyyətinin yüksəkliyi növbəti təəccübümüzə səbəb oldu. Buradakı xidmət, əslində, BÜTÜN GÖMRÜK-BURAXILIŞ MƏNTƏQƏLƏRİ ÜÇÜN ÖRNƏK OLMALIDIR… Naxçıvan gömrükçüləri  ötən il büdcə öhdəliyini 108 faiz yerinə yetiriblər”.

Bu Vasif Talıbovun özünün ruporu hesab etdiyi “Azərbaycan” qəzetinin mirzələrinin ifasında uydurduğu gerçəklikdir. Əsl gerçəklıik budur ki, İsa Həbibbəylinin general oğlunun rəhbərlik etdiyi Naxçıvan gömrüyünün şöbə rəisi Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur… və dövlətin rəsmi qəzeti belə rüsvayçılığı ölkənin “bütün gömrük-buraxılış məntəqələri üçün örnək olmalıdır”, – deyə israr edir.

 

Əsl “Naxçıvan gerçəklikləri” odur ki, Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

“Azərbaycan” qəzetinin baş mirzəsi və ikinci plan mirzəsi cinayətkar, rüşvətxor ünsürləri müdadfiə edir, onları təmizə çıxarmaq üçün məqalələr, kitablar yazır, lakin heç bir məsuliyyət daşımır.

Təkcə bu ilin fevral ayında Vasif Talıbovu vəsf edən məqalələr qalareyasının bəzilərinə nəzar salaq:

1) Naxçıvan təhsilin inkişafında liderdir / İxtiyar Hüseynli // Azərbaycan.- 2022.- 6 fevral.- № 27.

2) “Made in Nakhchivan”: 22 xarici dövlətdə nüfuz qazanan bu keyfiyyət brendi Azərbaycan iqtisadiyyatına və ixrac potensialına böyük töhfə verir / İxtiyar Hüseynli // Azərbaycan. – 2022.- 19 fevral. – № 38.

3) Naxçıvan turizmi: Muxtar respublika cəlbedici bölgəyə çevrilib / Rəşad Cəfərli // Azərbaycan. – 2022.- 16 fevral.

4) Naxçıvanda inkişaf kənddən başlayır / İxtiyar Hüseynli // Azərbaycan. – 2022.- 12 fevral. – № 32.

5) Möhtəşəm minilliklərin şanlı 98 ili / Səttar Möhbalıyev // Azərbaycan. – 2022.- 9 fevral. – № 29.

6)Naxçıvanın inkişaf modeli / İxtiyar Hüseynli // Azərbaycan.- 2022.- 29 yanvar. – № 20. Və sair...

Xatırladaq ki, rəsmi qəzetin rekvizitində yazılıb ki, “qəzetdə gedən materiallar dövlətin mövqeyini əks etdirməlidir”. Budurmu dövlətin mövqeyi? Bəxtiyar və İxtiyar cütlüyü 20 ildən artıqdır dədə malı kimi özəlləşdirdikləri Milli Məclisin orqanı olan qəzeti dövlətin çətiri altında gizlənərək öz maraqlarının kağız parçasına çeviriblər. Qəzet azlıq edir, hələ bir akademik İsa Həbibbəylinin təbirincə desək “nəfis tərtibatlı” “Vasifnamə” buraxırlar.

Qədim Şərq atalar sözüdür “ilan üstə qonan milçək zəhərlidir ilan kimi”. Dövlətin sütunlarının içəridən laxladılması, qalib ölkənin Prezidentinin xalqın həmrəyliyinə söykənən siyasətinə kölgə salınması istiqamətində 20 il dayanmadan tər tökən mirzələrin məsuliyyəti yalnız media etikası qarşısında olmamalıdır. Milli Məclis heç olmasa öz qəzetinə nəzər salsın, yiyə dursun! Bu dövlət əxlaqından uzaq partizanlığa dur deməyin vaxtı çatmayıbmı? Nəzərə alaq ki, söhbət mediaya, rəsmi ideologiyaya və dövlətçilik ideyalarının təbliğinə cəmiyyətin inamından gedir. Bu inamı sarsıtmaq cinayət deyilmi?

(KONKRET.az)

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN