Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdin sifarişçi və icraçılarını şiddətlə pisləyirəm. Bunu Millət vəkili Razi Nurullayev bildirib.
"Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq.
Fazil bəyə acil şəfalar diləyirəm. Bu cür xain terrorrlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!", - deyə o, diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün Milli Məclisin deputatı Fazil Mustafa Bakıdakı evinin qarşısında güllələnib. O, sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.
Deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilib. Bildirilib ki, deputatın həyatı təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir. Hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.
Y.MƏMMƏDLİ