Martın 28-də Azərbaycan Ali Məhkəməsi KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin, həmçinin "Portos" MMC-nin direktoru Nadir Məmmədovun və bu iş üzrə keçən digər müttəhimlərin əmlakının müsadirə edilməsi barədə qərarı ləğv edib.
Ali Məhkəmə işi yenidən araşdırılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bu barədə Turan-a Səfərlinin vəkili Hikmət Əliyev bildirib.
Bununla belə, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin ittihamın mahiyyəti üzrə qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, ləğv edilmiş KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli 2021-ci ildə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məmmədov 6 il azadlıqdan məhrum edilib, qalan 9 nəfər isə şərti cəza alıb.
Səfərli 2015-2018-ci illərdə ən azı 18 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Bu vəsait jurnalistlər üçün evlərin tikintisində mənimsənilib. Vəsaitin bir hissəsi KİV-in dəstəklənməsi və tədbirlərin keçirilməsi üçün pul ayrılarkən talan edilib.
Məhkəmə zamanı dəfələrlə məsələ qaldırılıb ki, talan edilmiş vəsaitin bir hissəsi dövlət başçısının köməkçisi Əli Həsənova verilib, lakin məhkəmə Həsənovu prosesə çağırmayıb. Məhkəmənin qərarı ilə Səfərlinin Bakının müxtəlif yerlərində və ətrafındakı torpaq sahələri, ümumi dəyəri bir neçə milyon manat olan evləri və mənzilləri müsadirə edilib. Bundan əlavə, məhkəmə Səfərlinin İsmayıllıdakı torpaq sahələrini və bir neçə bahalı avtomobilini müsadirə edib.
Məhkəmə həmçinin Vüqar Səfərlinin müxtəlif banklardakı hesablarında ümumi məbləği 1 milyon manat pul vəsaitini müsadirə edib.
***
Hələ Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilmiş KİVDF-nin aparıcı məsləhətçi Samir Mustafayev ifadə verərkən demişdi ki, ləğv edilmiş Fondda rəsmi yazışmalara, hesabatlara, təbdirlərin təşkilinə və qurumun mətbuat xidməti funksiyalarını həyata keçirib. S.Mustafayev deyib ki, KİVDF -nin restoranlarda təşkil etdiyi tədbirlər üçün siyahıların hazırlanmasında V.Səfərli ilə birlikdə iştirak edib: “Siyahılarda 250 nəfərə qədər qonaq olundu. Tədbirdə jurnalistlər də olurdu. Siyahıda onların adı olmurdu, lakin tədbirə gəlirdi. Heç kimi də oradan geri qaytarmaq olmurdu. Fondun rəhbəri Vüqar Səfərli idi. Lakin bilavasitə rəhbərliyi Əli Həsənov həyata keçirirdi. Fondda həm də Müşahidə Şurası var idi. Müşahidə Şurasının iclaslarında məsələrlər əvvəlcədən razılaşdırılırdı. Sadəcə məsələlər iclasda müzakirəyə çıxarıldı, qəbul edilirdi. 2017-ci ilə qədər Fondda tender komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq, 5 nəfər tərkib üzvü seçildi. Onlardan biri də mən oldum. Amma düzünü deyim ki, tenderlərlə bağlı iclaslar keçirilsə də, orada təkliflərlə bağlı zərflərə baxılmayıb. Lakin ümumi danışılıb”.
E.Məmmədli