İki illik gərgin iş qrafikindən sonra iki gün dincəlməyə qərar verdim. Uşaqları götürüb Bakldan çıxanda özümə söz verdim ki, internetdən, ələlxüsus da sosial şəbəkələrdən uzaq qalacağam. Azərbaycanda sosial şəbəkələr çoxdan enerji qəbiristanlığına çevrilib. Olan-qalan enerlimi də orda dəfn etməyim ağılsızlıq olardı...

Bakıdan İsmayıllıya uzanan enişli-yoxuşlu yolun yorğunluğunu canımdan çıxarmağa macal tapmamış uzun müddətdən bəri əməkdaşlıq etdiyim "qocaman" saytın gənc əməkdaşı zəng etdi. Ənənəvi salamlaşma mərasimindən sonra birbaşa mətləbə keçdi:

- İcra hakimiyyətinin şəhidin şəklini tortun üstünə vurub sonra da onu kəsdirmək istəməyinə necə baxırsınız?

İzahat vermək məcburiyyətində qaldım: "Mən rayondayam. Məsələnin mahiyyətini bilmirəm. Bəlkə qısa açıqlama verəsən".

Deyəsən, dilimdən "bilmirəm" sözünü ilk dəfə eşitdiyi üçün müxbir özü də çaşdı. Amma eyni sualı ikinci dəfə təkrarladığım üçün izahat verməli oldu: "Suraxanı rayonunda Vətən müharibəsi şəhidi Samir Əliyevin adına park inşa olunub. Açılış mərasimi üçün üzərində şəhidin fotosu olan tort hazırlanıb. Şəhid anasına tortu kəsmək təklif olunub. Bu foto sosial şəbəkələrdə geniş müzakirə olunur".

Jurnalistikada az-çox təcrübəm olduğu üçün məsələnin təfərrüatını öyrənmədən münasibət bildirmək istəmədim: "Qarşı tərəfin rəyini öyrəndinizmi? Şəhidin ailəsi nə deyir?"

Cavabı belə oldu: "Dost saytlardan biri şəhidin nənəsi ilə danışıb. Nənə deyib ki, tortu biz özümüz sifariş vermişik. Şəkli tortun üzərinə yapışdırmaq da bizim öz istəyimizlə olub".

Bir anlığla elə bildim ki, həmkarım məndən deyil, mən ondan müsahibə götürürəm. Odur ki, növbəti sualı verməkdən özümü saxlaya bilmədim: "Suraxanı rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib?"

Dərhal cavab verdi: "Şəxsən icra başçısı özü açıqlama verib. Əziz Əzizov deyib ki, icra hakimiyyətinin vəzifəsi şəhidin adını əbədiləşdirməkdir. Park da bu məqsədlə salınıb. Tortun hazırlanmasıyla bağlı qərar ailəyə aiddir".

Məsələnin mahiyyəti tam aydın idi. Mövzunu saqqız kimi çeynəməyə, işləyən beş-üç adamın da qolundan vurmağa ehtiyac yox idi. Odur ki, fikrimi qısa ifadə etməklə mövzunu qapatmağı lazım bildim: "Şəhidin adını əbədiləşdirdiyi üçün Suraxanı rayon İcra Hakimiyyətinə təşəkkür düşür. Digər icra hakimiyyətləri də analoji qaydada davranmalıdırlar. Şəhidlərin adını uca tutmaq hər birimizin  borcudur".

Deyəsən, cavabım gənc həmkarımı qane etmədi. Ya da qanamayan yerdən qan çıxarmağa həvəsli olduğu üçün növbəti sualı verdi: "Bəs sosial şəbəkələrdə icra başçısını niyə tənqid edirlər?"

Kimin nə yazdığından xəbərim olmasa da, mövzu mənə tanış idi. Odur ki, fürsəti əldən verməyib ürəyimi boşaltdım: "Son vaxtlar şəhid ailələrinin arxasında gizlənib öz piarını aparanların sayı yağışdan sonra çıxan göbələklərin sayı kimi xeyli artıb. Çoxları şəhid ailələrinin kiçik bir problemini böyüdüb fil boyda etməklə "yaxşı oğlan" kimi görünməyə çalışır. Bu mövzuda ən çox danışanlar ömründə bir dəfə şəhidin qapısını açmayanlardır. Şəhid ailəsini şəxsi piar, reklam predmetinə çevirmək yaramazlıqdır. Şəhidə ürəyi yanan bir dəfə onun gözüyaşlı övladlarının başına sığal çəkər. Əziz Əzizova gəlincə, o, şəhid övladlarına öz övladlarından çox vaxt ayırır. Əlindən heç nə gəlməyənlərin işləyənlərin qolundan vurması taleyin ironiyasıdır".

Həmkarımın cavabımdan razı qalıb-qalmadığını bilmirəm. Mənim sözlərimi yazıb-yazmayacağını da bilmirəm. Amma mən ürəyimdən keçənləri yazmağı özümə borc bildim. Müharibənin yaralarını sarımaqla məşğul olan beş-üç vicdanlı məmuru hər fürsətdə qaralamağa çalışan adamlara cavab vermək də bir borcdur...

Seymur VERDİZADƏ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN