İsrailli jurnalistlər erməni vandalizmi barədə “Təzadlar”a göz yaşı içində nələri danışdılar?
Xəbər verdiyimiz kimi, "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri bir həftəyə yaxındır Azərbaycandadır, daha dəqiq desək, onlar Qarabağda erməni vandalizmini izləməkdədirlər. Nümayəndə heyətinin tərkibində isə İsrailin "Ronkino media group"un Marketinq direktoru, “Təzadlar”ın yaxın dostu Aleksandr Qul Arye, "Azİz"in informasiya saytının rəhbəri, siyasi şərhçi Yuriy Boçarov, "Luchsheye radio"nun üzvü, “Təzadlar”ın ən fəal oxucularından və informasiya əməkdaşlığı etdiyimiz dəyərli jurnalist, keçmiş Bakı sakini, "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin və “Təzadlar”ın sevimli oxucularından olan "Epoxa" qəzetinin baş redaktoru Lyudmila Karasyova vardır.
***
...Bu gün işgüzar görüşlərinin çoxluğuna baxmayaraq "Luchsheye radio"nun üzvü, “Təzadlar”ın fəal oxucularından olan və qarşılıqlı informasiya əməkdaşlığı etdiyimiz "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin və "Epoxa" qəzetinin baş redaktoru Lyudmila Karasyova “Təzadlar”ın qonağı oldular. Bu görüşün fiziki olaraq baş tutmağında verdiyi dəstəyə görə Azərbaycanın tanınmış hüquqşünası Adil Minbaşıya və hüquq elmləri doktoru, Professor Fuad Cavadova oxucularımız adından dərin minnətdarlığımızı bildiririk.
Qısa olaraq deyim ki, qonaqlarla geniş video- müsahibə yayıma hazırlanır... Onların Qarabağ təəssüratları bir bədii filmin ssenarisidir. Faktdır ki, erməni faşizmi ilə mübarizədə dost İsrail dövlətinin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyi daim minnətdarlıqla xatırlanır... Biz görüşümüzdə qonaqlara İsrail-Azərbaycan dostluğunun və mədəni əlaqələrimizin uzun tarixi keçmişi barədə danışanda ilk növbədə Mark Qorin bizi qabaqladı: “Mən bakılıyam, Azərbaycanlıyam... Azərbaycanın dərdini həmişə öz dərdimiz bilmişik...”, -deyərək işğaldan azad edilmiş ərazilərin vəziyyəti, orada həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri, erməni vandalizmi... barədə özü bizə bizdən müfəssəl və yanıqlı məlumat verdi.
Dost İsrailin Azərbaycanda səfərdə olan jurnalistləri- "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin və "Epoxa" qəzetinin baş redaktoru Lyudmila Karasyova video- müsahibələrində Azərbaycan diasporunun İsraildəki fəaliyyəti, Azərbaycan və yəhudi diasporları arasında mövcud əlaqələr, əməkdaşlığın perspektivləri, birgə layihələr, ölkəmizdəki yəhudi icması ilə münasibətlər və sair barədə suallarımızı ətraflı cavablandırdılar.
Ən maraqlısı, "Epoxa" qəzetinin baş redaktoru Lyudmila Karasova deyir ki, “...Ağdamda ermənilərin qəbirləri qazaraq ölülərin kəllə sümüyündə qızıl diş axtarma cinayəti məni sarsıtdı, bu, insanlığa yaraşmayan hərəkətdir... Hətta Gəncədəki erməni vandalizmini seyr edərkən isə yerli sakinlərdən bir qadın mənə yaxınlaşdı ki, “Siz hardan gəlmisiniz?” Dedim, İsraildən... Bu zaman necə üstümə cumub məni qucaqlayıb bağrına basdısa, özümü itirdim, qürurlandım, kövrəldim... Demə, Azərbaycanın İsrailə məhəbbəti həm də bu imiş...”.
"Sputnik" qəzetinin baş redaktoru Mark Qorin isə bir sual qarşısında donub qaldı. Tanınmış hüquqşünas Adil Minbaşı ona xitabən “MARK, MƏN SİZİ 45 İL ƏVVƏL CƏBRAYILDA OLDUĞUNUZ EVİMƏ DƏVƏT ETMƏK İSTƏYİRDİM, AMMA...”, -deyəndə hamımız susmaqdan başqa əlac tapmadıq... Məlum olurdu ki, Mark Qorin 45 il əvvəl Cəbrayıl rayonunda, Adil Minbaşının dünyaya göz açdığı ata evində- Böyük Sağ sahil küçəsi, ev-43-dəki üçmərtəbəli evində qonaq olubdur... Neçə gün əvvəl isə Ukraynada olan Adil Minbaşı İsrailli jurnalistlərin Azərbaycana və Qarabağa səfərindən xəbər tutanda Mark Qorinə zəng edib, 45 il əvvəl Cəbrayıl rayonu, Böyük Sağ sahil küçəsi, ev-43-dəki üçmərtəbəli evlərinə bir daha qonaq aparmaq arzusunu ifadə edib, amma təəssüflə bildirib ki, “...indi o ev yoxdur, məni bağışlayın...”. Amma Mark Qorin isə deyib ki, “...Bizi protokoldan kənara çıxmağa ANAMA əməkdaşları icazə vermədilər. Lakin Cəbrayıldan keçəndə o dağıntıları gördüm, ürəyim paramparça oldu, bildim ki, sizinlə 45 il əvvəl olduğum həmin üçmərtəbəli ev də erməni vandalizminin qurbanı olmuşdur. Deməli, həm də mənim xatirələrim erməni terroru və vandalizminin dağıntılarında məhv olmuşdur, siz məni bağışlayın, Adil Minbaşı ki, o evinizdə ola bilmədim!”.
***
...Sonda onu da bildirək ki, Azərbaycana səfəri çərçivəsində olan İsraildən gəlmiş və Şuşanı, Ağdamı, Cəbrayılı... ziyarət etmiş jurnalistlərdən ibarət nümayəndə heyyətinin sırasında İsrailin "Sputnik" qəzetinin baş redaktoru, indi də özünü bakılı sayan, Azərbaycanın dostu Mark Qorin və "Epoxa" qəzetinin baş redaktoru Lyudmila Karasyova "Təzadlar"ın qonağı oldular, geniş müsahibə verdilər. Bu ünsiyyətin baş tutmasında bizə dəstək verdiyinə görə tanınmış hüquqşünas Adil Minbaşıya bir daha dərin təşəkkürümüzü bildirirk. İnanırıq ki, Azərbaycan-İsrail dostluğunun möhkəmlənməsində məhz bu videomüsahibənin də böyük rolu olacaq. Çünki həmin videomüsahibə İsrail mediasında yayımlanacaq...
Video-müsahibə tezliklə təqdim ediləcək və mətni rus və yəhudi dillərinə tərcümə edilərək dost İsrail mətbuatında yayımlanacaq...
Asif MƏRZİLİ