Günel Aslanlı: «“Heydər Əliyev ili” elan olunan gündən bəri, demək olar ki, bizim şöbəyə qarşı direktor Kərim Şükürovun rəhbərliyi ilə müxtəlif təzyiqlər və təqiblər təşkil olunmağa başladı…»

Müsahibimiz AMEA-nın Tarix İnstitutunun elmi işçisi Günel Aslanlıdır (Xatırladırıq ki, G.Aslanlı institutda baş verənlərlə bağlı dünən tezadlarTV-yə geniş müsahibə verib, hazırda montaj mərhələsindədir)

-Günel xanım, dünən AMEA-nın Tarix İnstitutunda baş verən bəzi problemlər barədə sizin sosial media hesabınıza və qəzetin elektron poçtuna göndərdiyiniz şikayət və əlavə olunmuş maddi sübutlarınıza istinadla qısa məzmunlu mövqeyiniz yayımlanmışdır. Bu informasiya xarakterli xəbər institutut rəhbərliyi tərəfindən sərt reaksiya ilə qarşılanmışdır. İstərdik əvvəlcə özünüz haqqında oxucularımıza məlumat verəsiniz.

-Mən, Aslanlı Günel 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, ardınca magistr pilləsini Fərqlənmə diplomu ilə bitirib, 2009-cu ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsində elmi fəaliyyətə başlamışam. Elmi rəhbərim akademik Yaqub Mahmudovun tövsiyəsi ilə 2012-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafında dövlət siyasəti (2003-2013-cü illər)” adlı dissertasiya mövzum təsdiq olunmuşdur. 2018-ci ildə təqdim olunan dissertasiya işimi uğurla müdafiə etdim. Nəhayət, 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyanın qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi adını təsdiq edən diplomu aldım. 2021-ci ildə dissertasiyamın xronoloji çərçivəsini daha genişləndirərək Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “İlham Əliyev və Azərbaycanda idmanın tərəqqisi” adlı monoqrafiyam nəşr olundu. Bundan əlavə, həmmüəllif olduğum 2 kitab, yetəri sayda elmi məqalələrim, o cümlədən «Web of Science» (Claritave Analytics) məlumat bazasına daxil (istinad h-index 1) olan jurnallarda nəşr olunmuşam. Həmçinin respublika və beynəlxalq konfranslarda da mütəmadi olaraq elmi məruzələrlə çıxışlar edirəm.

-Əməkdaşı olduğunuz “Əliyevşünaslıq” şöbəsi haqqında bizə məlumat verərdiniz. Bu şöbənin funksiyası nədən ibarətdir?

-İlk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, “Əliyevşünaslıq” şöbəsi Ulu öndər Heydər Əliyevin elmi-nəzəri və siyasi irsinin sistemli, elmi əsaslarla, akademik şəkildə araşdırılması sahəsində AMEA nəzdində yaradılmış ilk elmi mərkəzdir. Şöbənin əsas elmi-tədqiqat istiqamətini Ümummilli lider Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsinin və dövlətçilik fəaliyyətinin tədqiqi təşkil edir. Bu istiqamətdə şöbə əməkdaşlarının gərgin fəaliyyəti nəticəsində aşağıdakı elmi nəşrlər hazırlanmış və çap edilmişdir. Bəzilərinin adını sizə sadalamaq istərdim: «Heydər Əliyev. İki cilddə»; «Heydər Əliyev Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar. 2 cilddə»; «Azərbaycan Respublikasının tarixi (1991-2003). 1-ci cild Heydər Əliyev dövrü»; «Azərbaycan Respublikasının tarixi (2003-2016). 2-ci cild İlham Əliyev dövrü»; «Qasımov Ə.Q. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri)»; «Qasımov Ə.Q. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər)» və s. sadalamaqla bitməz.

tarix-institutu

-Yaxşı, bəs necə olur ki, Heydər Əliyev irsini tədqiq edən bir xanım alimə institutda gözümçıxdı münasibət formalaşıb?

-Diqqətinizə çatdırım ki, bütün bunlar gərgin elmi əmək sayəsində ərsəyə gəlir. Hər bir elmi təqdidat işinin məsuliyyəti də hər bir şöbə əməkdaşının çiyinlərindədir. Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində işlər heç bir məneələrə baxmayaraq uğurla davam etdirilir. Belə ki, ötən 100 illiklə əlaqədar şöbə “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” adlı fundamental monoqrafiyasını nəşr etdirmiş, həmçinin “Heydər Əliyev və tarix problemləri”, “Heydər Əliyev irsinin aktual məsələri” adlı məqalələr toplusu hazırlayıb nəşrə təqdim etmişdir.

“Sizə institutda yayılmış onlarla yazılmış anonimlərdənmi danışım, dəhlizlərdə söyülməkdənmi danışım, yaxud, bütün bunlardan bezən kollektivin direktor Kərim Şükürova  müraciətindənmi danışım, yoxsa...”

-Elə bir maraqlı ifadə işlətdiniz: AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin fəaliyyətinə kim mane olur ki?

- “Heydər Əliyev ili” elan olunan gündən bəri, demək olar ki, bizim şöbəyə qarşı müxtəlif təzyiqlər və təqiblər təşkil olunmağa başladı. Sizə institutda yayılmış onlarla yazılmış anonimlərdənmi danışım, dəhlizlərdə söyülməkdənmi danışım, yaxud, bütün bunlardan bezən kollektivin direktor Kərim Şükürova  müraciətindənmi danışım, yoxsa... (İnstitutun 7 şöbə müdirinin imzası ilə)?! Şəxsən özümə qarşı olunan hücumlardanmı danışım... Bilmirəm hansından danışım...

“Demək olar ki, bundan dərhal sonra kollektivi sakitləşdirmək əvəzinə Kərim Şükürov məktubu imzalayan hər kəsi tək-tək otağına çağıraraq onları bu və ya digər formada hədələməyə başladı...”

-Çox maraqlıdır, bəs bu müraciətlərin sonu necə oldu? Anonim məktubların müəllifi aşkarlandımı? Kərim müəllim hansısa tədbir gördümü?

-Rəsmi olaraq İnstitutun direktoru elektron poçta göndərilmiş anonim məktubları tapmağın mümkün olmaması barədə hər kəsə imzaladaraq iltizam verdi. Yuxarıda qeyd etdiyim direktor Kərim Şükürov kollektiv imzalı müraciəti imzalamış şəxsləri bir otağa yığıb hər kəsi əmin etdi ki, bu şəxsin kimliyini DİN məlum etsə, şəxsən özü həmin şəxsi işdən qovacaqdır. Demək olar ki, bundan dərhal sonra kollektivi sakitləşdirmək əvəzinə Kərim Şükürov məktubu imzalayan hər kəsi tək-tək otağına çağıraraq onları bu və ya digər formada hədələməyə başladı. Gələcəkdə bu şəkildə kollektiv bir məktuba imza atacaqları təqdirdə, belə bir hadisənin bir daha təkrarlanacağı halda onlara qarşı daha ciddi addım atacağı ilə bağlı təhdidedici ifadələr səsləndirdi. Bütün bu hallar həm institut, həm də şöbə əməkdaşları olaraq bizim narahatçılığımıza səbəb oldu. Lakin gərgin iş qrafikimiz olduğundan demək olar ki, hər həftə konfrans və tədbirlərdə iştirakımız, məruzələrimiz, çıxışlarımız, qarşımızda duran monoqrafiya və toplulara məqalələr hazırlamaq, onları tərtib etmək və s. daha önəmli və məsuliyyətli işlərlə məşğul olduğumuzu anladıqda, dolayısı yolla bizə mane ola bilməyəcəklərini görüb hədəflərini tək adama yönəltməyə çalışdılar. Əsas hədəf olaraq mən Günel Aslanlını seçdilər. Qeyd edim ki, mən institut Qadınlar Şurasının da sədriyəm və bundan irəli gələrək institut Elmi Şurasının üzvü idim.

kerem-sukur

-Bu gənc yaşınızda belə bir uğur qazanmağınız, Elmi Şurada təmsil olunmağınız, eyni zamanda uğurlu elmi fəaliyyətiniz institutda kimi, yaxud kimləri narahat edirdi?

-Açığı, mən ziyalı bir ailədə böyümüşəm, böyük bir məktəb keçmişəm, ictimai-aktiv gənc olmuşam. AMEA Tarix İnstitutunda çalışmağa başlayandan da bu elm ocağına daima layiq olmağa çalışmışam. Əməkdaşı olduğum şöbənin fəaliyyət istiqamətindən irəli gələrək də Heydər Əliyev irsini araşdırmağı özümə borc bilmişəm. Ulu öndərin yolu da bizim üçün daima bir örnəkdir. Görünür ki, mənim elmi fəaliyyətim və aktiv ictimai mövqeyim, hansısa qaragüruh qüvvələri narahat etdi. Hədəf məhz məni seçmələri də düşünürəm ki, əbəs deyildir. İnstitutda xoşagəlməz reputasiyası ilə seçilən, xüsusi olaraq vurğulayım ki, elmi dərəcəsi olmayan, vaxtilə akademik Yaqub Mahmudovun dönəmində mütəmadi olaraq elmi müəssisəyə yaraşmayan hərəkət və ifadələrinə görə “xəbərdarlıq”, “töhmət”, “şiddətli töhmət”, hətta hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə İXM-nin 510-cu maddəsi ilə cəzalanan institutun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin əməkdaşı Şəhla Məmmədli mənə qarşı hücumlara başladı…

“Şəhla Məmmədlinin özünün açıq imzası ilə haqqımda institutun baş direktoru Kərim Şükürova birbaşa göndərdiyi müraciətlərdəki şəxsimə qarşı təhqirlərdən daha çox, Ulu öndər Heydər Əliyev şəxsiyyətinin bu cür məktublarda hallanması məni “Əliyevşünas” alim kimi narahat etməyə bilməzdi...”

-Niyə sizə qarşı? Söylədiyiniz bu hücumlar nədən ibarətdir?

-Mən bunları «çirkin hücumlar» adlandırardım… Belə dedikdə, mənə qarşı olan hədyan tərkibli, şər və böhtanlarla dolu anonim məktublardan, çalışdığım şöbənin ünvanına institut əməkdaşları arasında yayılmış anonim məktublardan danışmaq belə istəmirəm. Siz də qəbul edərsiniz ki, böyük elmi nüfuza malik olan, Ulu öndər Heydər Əliyev irsini tədqiq edən “Əliyevşünaslıq” şöbəsinin adının belə iyrənc qalmaqallarda hallanması çox utancverici haldır. Qeyd edim ki, Şəhla Məmmədlinin özünün açıq imzası ilə haqqımda institutun baş direktoru Kərim Şükürova birbaşa göndərdiyi müraciətlərdəki şəxsimə qarşı təhqirlərdən daha çox, Ulu öndər Heydər Əliyev şəxsiyyətinin bu cür məktublarda hallanması məni “Əliyevşünas” alim kimi narahat etməyə bilməzdi. Elə bu hala qarşı yerindəcə etirazımı bildirərək “Mənə hücum edirsiz edin, lakin Ulu öndərin adını hallandırmağı sizə kim icazə verir?” – dedim. Bu qadın o dərəcədə irəli gedir ki, direktorun və iclas iştirakçılarının qarşısında mənə hücum edərək tədqiqat istiqamətinə sataşmaqdan belə çəkinməyərək, məşğul olduğum müqəddəs işə, sanki kölgə düşürməyə çalışaraq “Sən Əliyevlərin arxasında gizlənirsən...” kimi ifadələr səsləndirir. Ən təəccüblüsü isə odur ki, bütün bunların birbaşa şahidi və iştirakçısı olan direktor Kərim Şükürov bu qadını susdurmaq, bu cür dövlətə və dövlətçiliyə yaraşmaz istiqamətində işlətdiyi fikirlərə qəti etirazını bildirmək əvəzinə, bu qadını daha da dəstəkləyir və təşviqedici istiqamət verir (video görüntülərlə sizi də tanış etdim). Görünür bu, direktorun keçmiş siyasi fəaliyyəti ilə bağlı fikirlərinin təzahürüdür...

“K.Şükürova müraciət məktubu ünvanladım. Özünü çox gözlətmədən həmin səhəri gün mənim 1 səhifəlik müraciətimə direktor 2 səhifəlik və 8 bəndlik, habelə hər bəndində israrla Ş.Məmmədlini müdafiə etdiyini gizlətməkdən belə çəkinməyərək mənə cavab hazırlamışdı...”

-Yeri gəlmişkən, Günel xanım təqdim etdiyiniz bu sənədlər və videogörüntülər Tarix İnstitutu kimi bir yerdə, elm məbədində nələr baş verir, təqdim etdiyiniz materiallardan da Ulu öndər irsinə qarşı hörmətsizlik insanı dəhşətə gətirir... Buyurun davam edin…

-Bilirsiz, Kərim Şükürovdan daima dəstək alan, onunla istənilən vaxt sərbəst ünsiyyətdə olan Ş.Məmmədlinin növbəti təhqiramiz məktubunun üzərinə dərkənar yazan direktor məktubun bir nüsxəsinin mənə verilməsini, eyni zamanda bütün institut Qadınlar Şurası idarə heyətinin üzvlərinin də tanış olması üçün tapşırıq vermişdir. Məktubla həm özüm, həm də İnstitutun qadın əməkdaşları tanış olduqdan sonra onların da tövsiyəsi ilə K.Şükürova müraciət məktubu ünvanladım. Özünü çox gözlətmədən həmin səhəri gün mənim 1 səhifəlik müraciətimə direktor 2 səhifəlik və 8 bəndlik, habelə hər bəndində israrla Ş.Məmmədlini müdafiə etdiyini gizlətməkdən belə çəkinməyərək mənə cavab hazırlamışdı. Bütün bunlarla da ürəyi soyumayan Baş direktor Kərim Şükürov Əlavə 1 və Əlavə 2 şəklində haqqımda yayılmış anonimi, mənəviyyatdan uzaq… tərkibli məktubu da qoşma olaraq blankda tərtib olunmuş cavab məktubuna tikmişdi. Siz də qəbul edərsiniz ki, bu mənim kimi bir qadın əməkdaş üçün təhqirdən, şərəf və ləyaqətinə sataşmaqdan başqa bir şey deyildir.. Bütün bunlar azmış kimi, xüsusi olaraq yenə də vurğulamaq istəyirəm ki, heç bir elmi dərəcəsi olmayan bu qadın mənim tədqiqat mövzumun adını belə bilmədiyi halda, bütün instituta bəyan edir ki, AAK-ın qarşısında mənim elmi dərəcəmdən məhrum edilməyimlə bağlı vəsatət qaldırıb. Qeyd edim ki, bütün bunları direktor K.Şükürovun yanında etməklə qalmayıb, hətta şəxsindən dəstək də alırdı. Direktor isə susurdu. İnstitutu faktiki olaraq belə intriqa yuvasına çevirməkdə israrlı idi… Bunu Kərim Şükürovun mənə ünvanladığı məktublardan və iclas zamanı çəkiliş etdiyim video görüntülərlə təsdiq edə bilərəm (az öncə sizə də təqdim etdiyim kimi).

Qeyd edim ki, bütün bunlar Ümummilli lider Heydər Əliyevin 100 illiyi elan olunan il çərçivəsində baş verirdi. Halbuki, xüsusi vurğulamaq istəyirəm ki, mənim elmi dərəcəm təsdiq olunan zaman AAK-da Ekspert Şurasının sədri Kərim Şükürov olmuşdur. İkincisi də, mənim 2021-ci ildə nəşr olunan monoqrafiyam da (yuxarıda adını çəkmişəm) məhz Kərim Şükürov institutun Elmi Şurasının sədri olduğu zaman müsbət rəylərlə çapa məsləhət görülmüşdü. Lakin Heydər Əliyev ili başlanandan sonra mənim dissertasiyam əsasında tərtib olunan monoqrafiyama açıq şəkildə direktor Kərim Şükürov tərəfindən qərəzli mövqedən çıxış edərək plagiat damğası vurulmağına belə cəhd olundu. Bütün bunların əsassız olduğu sübut olundu və əlbəttə ki, o bəzi insanların qaldırdığı vəsatət də təmin olunmadı. Lakin Kərim Şükürovun məni - AMEA Tarix İnstitutunun aparıcı elmi işçisini, tarix üzrə fəlsəfə doktorunu nəinki dəstəkləməməsi, əksinə təqib hədəfinə çevirməsi mənim kimi bütün institut əməkdaşlarının haqlı təəccübünə səbəb oldu. Bunun səbəbi, əsl məqsədi isə hələ də həm institut əməkdaşlarına, həm də mənə müəmmalı qalır…

-Görürəm ki, ürəyiniz doludur, Günel xanım. Deyəsən biz sizinlə yenidən görüşəsi olacayıq. Bizə əsl maraqlı olan Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin qapısına “Vərəqə” yapışdırılması məsələsi oldu. Bu barədə də bizə məlumat verin, zəhmət olmasa…

-Gəldik ən əsas məsələyə. Söylədiyim kimi,  Şəhla Məmmədli daha da irəli gedərək “Əliyevşünaslıq” şöbəsinin qapısına təhqir və təhdid dolu “VƏRƏQƏ” yapışdırır. Bütün bunlar institut dəhlizində yerləşdirilən təhlükəsizlik kameralarında qeydə alınır, hadisənin törədən şəxsin kimliyinin hər kəsə məlum olmasına baxmayaraq institut direktoru Kərim Şükürov bu şəxs haqqında hər hansı bir tədbir görməkdən qətiyyətlə imtina edir. Belə olduğu halda yaşadığım böyük mənəvi stress və təzyiqi nəzərə alaraq məcburiyyət qarşısında qalıb hüquq mühafizə orqanlarına müraciət etdim.

“Direktor  həmin şəxsi, yəni Şəhla Məmmədlini - bu hərəkətlərinə, habelə tapşırıqlarını “müvəffəqiyyətlə icra etdiyinə” görə onu “mükafatlandıraraq” elmi dərəcəsi olmadığı təqdirdə, Tarix İnstitutunun indiyədək təcrübəsində olmayan bir addımla vəzifəsini bir pillə yüksəldərək elmi işçidən “Böyük elmi işçi” vəzifəsinə keçirmişdir...”

Müvafiq olaraq hüquq-mühafizə orqanları AMEA A.A.Tarix İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin əməkdaşı olan Ş.Məmmədlini İnzibati Xətalar Məcəlləsinin – 510-cu maddəsi ilə yenidən cəzalandırdı. Bütün bunlardan sonra institutun Baş Direktoru Kərim Şükürov bu nalayiq, elmi mühitə yaraşmayan, ictimai sabitliyi pozan, institutda mənəvi mühitə böyük zərbə vuran şəxsə bugünədək nəinki töhmət, əksinə heç şifahi xəbərdarlıq belə etməyib. Baxmayaraq ki, bunun edilməsi üçün Tarix İnstitutunun Həmkarlar Təşkilatının iclası da keçirilib və belə bir qərara gəlinmişdi ki, bu hadisə İnstitut əməkdaşlarının böyük narazılığına səbəb olduğuna görə bu qadın barəsində ciddi tədbir görülməsi İnstitutun baş direkturona tövsiyə olunsun. Tam əksinə, direktor  həmin şəxsi, yəni Şəhla Məmmədlini - bu hərəkətlərinə, habelə tapşırıqlarını “müvəffəqiyyətlə icra etdiyinə” görə onu “mükafatlandıraraq” elmi dərəcəsi olmadığı təqdirdə, Tarix İnstitutunun indiyədək təcrübəsində olmayan bir addımla vəzifəsini bir pillə yüksəldərək elmi işçidən “Böyük elmi işçi” vəzifəsinə keçirmişdir. Bu necə və hansı xidmətlərə görə edilir??? Yeri gəlmişkən onu da qeyd edim ki, institut Həmkarlar Təşkilatı Şəhla Məmmədlini institutun elmi və mənəvi mühitini mütəmadi olaraq qəsdən pozduğuna görə həmkarların üzvlüyündən yekdil səs çoxluğu ilə qovulmuşdur (həmin qərarla bağlı protokolu da sizə təqdim etdim).

-Heç bilmirəm nə deyim Günel xanım, belə gərgin il keçirmisiniz...

-Hələ də davam edir, hələ də yaşayıram, bütün bunları yaşamağım azmış kimi, indi bütün elmi fəaliyyətimə nə qədər mane olduğunu nəzərə alaraq, mən önəmli işlərimi məcbur olaraq bir kənara qoyub, Ulu öndər irsinə qarşı olan bu hörmətsizliyə görə hüquq-mühafizə orqanlarında, məhkəmə sistemlərində o və onu dəstəkləyən qaragüruh qüvvələrə qarşı mübarizə aparıram. Zənnimcə, özünü alim adlandıran şəxslər bu hadisənin Vətənə, dövlətə, elmə, insanlığa həqarət olduğunu birmənalı şəkildə anlamalıdır. Bundan artıq nə olmalıdır ki, əlaqədar qurumlar, ilk növbədə AMEA Tarix İnstitutunun rəhbərliyi bütün bu hərəkətlərin qarşısını alsın. Bu təxribatların elmi müəsissədə baş verməsinin qarşısı düşünürəm ki, qətiyyətlə alınmalıdır. Amma yenə də optimist düşünərək ümid edirəm ki, Tarix İnstitunda baş qaldırmış bu hallara, rəhbərliyin idarəçilik səriştəsizliyinə, tərəfkeşliyinə, subyektiv mövqeyinə aidiyyatı qurumlar tərəfindən müdaxilə olunaraq son qoyulacaqdır. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş rayonlarında keçiriləcəkdir. Birlik və həmrəylik nümayiş etdirən qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq və əminəm ki, seçkiqabağı təxribatlara yol verənlər də ciddi şəkildə cəzalanacaqdır.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin 12 iyul 2023- cü il tarixli MN seriyalı 1671697 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Məmmədli Şəhla Rafiq qızı cəzalandırılmışdır. Lakin Yasamal rayon Məhkəməsi onun bu qərardan verdiyi şikayətini  təmin etmişdir və üzərindən 12 iyul 2023-cü il tarixli MN seriyalı 1671697 nömrəli inzibati tənbeh vermə haqqında qərar götürülmüşdür. Lakin mən də həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest vermişəm…

-Bu qərar nə vaxt olub?

-Bu ilin yanvarın 11-də…

-Günel xanım, inanırıq ki, Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq salmalı olan bir elm məbədində baş verən belə intriqa və qalmaqallara tezliklə son qoyulacaq…

Dinlədi: Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN