NATALİ QULE: “FRANSA SENATININ QƏTNAMƏSİNİN HEÇ BİR QÜVVƏSİ YOXDUR”
Bu barədə “X” sosial şəbəkəsində bu günki paylaşımıma şərh yazan fransalı senator Natali Qule bildirib. O paylaşımıma dəstək olaraq qeyd edib: “Narahat olmayın, bu qətnamənin xeyri yoxdur və Fransa hökumətinə heç bir təsiri yoxdur...”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Qeyd edək ki, bu gün “X” sosial şəbəkəsindəki hesabımda vurğulamışdım ki, Qafqazda davamlı sülhə nail olmaq ikili standartlara əsaslanan qərəzli sanksiyalara çağırışlar deyil, əməkdaşlıq təklifləri sayəsində mümkündür. Fransa Senatının son qətnaməsi yalnız sülh danışıqlarına kölgə salır. Regionda mövcud status-kvo isə heç vaxt dəyişməyəcək”, - deyə deputat xatırladıb.
Xatırladaq ki, Fransa Senatı ötən gün Azərbaycan əleyhinə tamamilə əsassız, qərəzli, beynəlxalq hüququ heçə sayan qətnamə qəbul edib.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsinə cavab olaraq bəyanat qəbul edib və Azərbaycan hökumətini Parisə qarşı sanksiyalar tətbiq etməyə, Fransa rəsmilərinin respublikadakı hər hansı aktivlərini dondurmağa, bütün iqtisadi əlaqələri dayandırmağa, bütün Fransa şirkətlərini, o cümlədən neft-qaz şirkəti “Total”ı ölkədən çıxarmağa çağırıb.
Eyni zamanda, komitə Azərbaycan XİN-ə Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımların atılması barədə göstəriş verilməsini də təklif edib.
Y.MƏMMƏDLİ