Ötən gün Bakının Səbail rayonunda avtoxuliqanlıq edən xanım saxlanılıb.
Bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi məlumat yayəb. Tezadlar.az xatırladır ki, Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, “BMW” markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub. Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Maraqlıdır, adətən avtoxuliqanlığı kişilərin, yəni gənc oğlanların etdiyinə rast gəlmişik. İndi isə xanım avtoxuliqanlıq edir. Bu isə artıq cəmiyyətdə hansısa müsbət olmayan dəyişiklikdən xəbər verir... Təəssüf ki, xanımın yaş həddi bilinmir deyə, hansısa rəy söyləməkdə də çətinlik çəkməli oluruq...
A.Məmmədli