Ötən gecə Tbilisidə vətəndaş cəmiyyəti təşkilatlarının "Avropaya hə, Rusiya qanununa yox" adlı genişmiqyaslı etiraz aksiyası keçirilib...
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Tbilisinin mərkəzindəki Respublika meydanına toplanmış minlərlə ölkə vətəndaşı ərazidə avtomobillərin hərəkətini məhdudlaşdırıb. Nümayişə Gürcüstan və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlanılıb. Aksiyaya müxtəlif müxalifət partiyaları da dəstək veriblər. Etirazçılar hakim "Gürcü arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin ölkənin milli maraqlarına zidd olduğunu bildirirlər. Mitinq iştirakçıları Birinci Respublika meydanından parlamentə doğru “azadlıq marşı” keçirirlər.
Xatırladırıq ki, bu gün parlament sessiyasında qanun layihəsinin ikinci oxunuşa çıxarılması gözlənilir. “Vahid Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli" birgə bəyanat yayaraq təxribatların və digər fəsadların qarşısını almaq üçün sabahkı komitə iclasının təxirə salınması barədə çağırış ediblər.
Başa bəla olan bu qanun layihəsi ölkədə siyasi gərginliyi artırıb. Hətta o dərəcədə ki, prezidentlə baş nazir arasında da ikitirəlik yaranıb...
A.Məmmədli