Bu gün Bakıdakı "Kitabım.az" kitab evinin geniş auditoriyasında tanınmış tarixçi alim, professor, Əməkdar jurnalist Qafar Cəbiyevin "Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları" kitabının təqdimatı keçirildi...
Təqdimt mərasimində tarixçi alimlər, mədəniyyət xadimləri və ziyalılar iştirak edirdilər. Çıxış edənlər Professor Qafar Cəbiyevin elmi fəaliyyəti ilə bağlı dəyərli fikirlər söylədilər, ona uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzuladılar.
XXX
Xatırladaq ki, mərasimini giriş sözü ilə “Miras” İctimai Birliyi İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açdı. O, görkəmli arxeoloq alimin Azərbaycan tarix və arxeologiya elminə bəxş etdiyi töhfələr barədə məlumat verdi.
Professor Qafar Cəbiyev isə çıxışında belə bir tədbirin məhz may ayının 10-da keçirilməsindən bəhs edərək dedi: "- Mən 1969-cu ildə məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada yaranmış sağlam mənəvi-siyasi mühit sayəsində qəbul imtahanlarını uğurla verərək ali məktəbə daxil olmuşam. O mühit olmasaydı, bir Allah bilir indi mən hardaydım. Həyatımın sonrakı dönəmlərində də həm özüm, həm də ailə üzvlərimiz məhz Heydər Əliyevin respublikada bərqərar etmiş olduğu sağlam mənəvi-siyasi mühit şəraitində boy ataraq böyüdük. Bütün bunlar isə növbəti kitabımın təqdimatının məhz mayın 10-a salınmasını özüm üçün bir növ Ulu öndərin ruhu qarşısında hesabat kimi dəyərləndirərdim...".
Təqdimat mərasimində sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, tarix elmləri doktoru Şirin Bünyadova, fizika-riyaziyyat elmləri doktoru Vüqar Əliyev, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, tarix elmləri doktoru Vəfa Quliyeva, tarix elmləri namizədləri Elmira Abbasova, Həbibə Əliyeva, Tohid Məmmədov, coğrafiya elmləri namizədi Natiq Qubadoğlu, Q.Cəbiyevin dostları- istefada olan zabit İsrael Rəsulov, Fəda Ağayev, yetirmələri Əfqan Qasımzadə və Şəbnəm Əliyeva çıxış edərək “Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” kitabının məziyyətləri və professor Qafar Cəbiyevin elmi-pedaqoji fəaliyyəti barədə ürək sözlərini bildirmişlər.
Elbar Şirinov