Bu gün unudulmaz bəstəkar Arif Məlikovun doğum günüdür

Görkəmli bəstəkar, Azərbaycan Respublikasının və keçmiş Sovetlər İttifaqının Xalq artisti, professor ,  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Cahangir oğlu Məlikov 1933-cü ilin 13 sentyabrında Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamışdır, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir.
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.
Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfaniyaçıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirmklə müəllifin yaradıcılığının geniş
miqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.
2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.

Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 86 yaşında vəfat etmişdir. Məlikov ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunmuş və I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN