Azərbaycan Prezidenti İlham Əliyev parlamentin buraxılması və növbədənkənar seçkilərin sentyabrın 1-nə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu o deməkdir ki, əvvəlki qayda ilə seçki keçirilsəydi, indiki 125 deputat 2025-ci ilin oktyabrında keçiriləcək seçkilərədək maaş alacaqdılar. Yəni, Prezidentin bu Sərəncamı növbəti seçkiləri 13 ay qabaqlamış oldu.
Bəs parlamentin bir il bir ay əvvəldən buraxılması və növbədənkənar seçkiyə gedilməsi dövlət büdcəsinə nə qədər xeyir verəcək?
Milli Məclisdə səmərəli deputatlıq fəaliyyəti göstərənlər istisna, PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin təyin etdirdiyi deputatların çox böyük əksəriyyəti 15-20-24 il idi parlamentdə oturmuşdu və onların faydalı iş əmsalı sıfır idi. Təsəvvür edirsinizmi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə 2018-ci ildə edilən dəyişikliyə görə, Milli Məclisin sədri son illərədək 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırdı.
Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırdılar.
Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırdılar. 2018-ci iildəki yeni dəyişikliklə isə, Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Eyni zamanda eyni dəyişikliklə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları indiyədək hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alırdılar. Bu isə o deməkdir ki, Milli Məclisin sədri əvvəllər 2475 manat vəzifə maaşı, 2475 manat vəzifə maaşına əlavə, 1238 manat aylıq təminatla birlikdə 6188 manat qazanc əldə edirdisə, yeni dəyişikliklə sədr 3550 manat vəzifə maaşı, 7100 manat vəzifə maaşına əlavə ilə birlikdə 10650 manat qazanc əldə edib.
Deputatlar isə aylıq vəzifə maaşı, vəzifə maaşına əlavə və aylıq təminatla birlikdə aylıq 4331 manat qazanırdısa, 2022-ci ildəki son yeni dəyişikliklə bu 7455 manat olmuşdu. Yekunda deputatların maaşı 43 faiz artsa da, aylıq gəliri 72 faiz artmış olub.
İndi gəlirik mətləbə: 125 deputatın aylıq aylıq qazancı -7455 manat X 13 ay =96 min 915 manat X 125 deputat= 12 milyon 114 min 375 manat!
Demək, parlamentin 13 ay əvvəldən buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə Dövlət büdcəsinə 12,115 milyon manat qənaət olunacaq!
Qarabağda aparılan böyük tikinti və quruculuq, Bakıda isə COP29 ərəfəsində aparılan əsaslı və cari təmir işlərindən ötrü heç də az məbləğ deyil!
A.Məmmədli