Bu gün bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Tezadlar.az Qaçqınkom-a istinadla bildirir ki, səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Qarabağa səfərləri Füzulidən başlayan səyyahlar iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edəcək, Xocavənddə, Şuşada, Xankəndində və Ağdamda olacaqlar. iyulun 26-da Şərqi Zəngəzura - Laçına, iyulun 27-də Zəngilan və Cəbrayıla (Xudafərin körpüsü) səfər edəcəklər. Onlar üçgünlük səfər çərçivəsində Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, MTP bundan əvvəl üç dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu həmin klubun işğaldan azad edilən ərazilərə sayca dördüncü səfəridir. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura on dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var.
MTP (Most Traveled People) səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili bir neçə gün əvvəl “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumununda da iştirak edib. O həmin forumda “feyknyus”ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.
Qarabağ Azərbaycandır...
A.Məmmədli