İsrailli qonaqlar: “Bizə göstərdiyiniz qonaqpərvərliyi heç vaxt unutmayacayıq...”
Xəbər verildiyi kimi, bu gün Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının (“Baku International Book Fair 2021”) açılışı olub. Açılışda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmed Demircan iştirak edib. Əli Əhmədov sərginin əhəmiyyətindən danışarkən deyib: “Azərbaycanda artıq ənənə halını almış kitab sərgisinin açılışı münasibətilə hamını təbrik etmək istəyirəm. Belə sərgilər hər bir xalqın və dövlətin tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan xalqının kitaba olan hörmətinin göstəricisidir. Sivilizasiyanı kitabsız təsəvvür etmək mümkün deyil. Azərbaycan tarixinin bu günə çatmış ənənələri də kitabla bilavasitə əlaqədardır. 2020-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi ili” elan olunub. Yazı və kitab tarixin ən etibarlı saxlanc yeridir. Bu günlərdə Azərbaycan xalqının əldə etdiyi möhtəşəm qələbələr kitablarda öz əksini tapacaq”.
Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev çıxış ediblər.
Qeyd edək ki, sərgidə 13 ölkədən 165 müəssisə iştirak edir. “Nizami Gəncəvi İli” çərçivəsində hər gün saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək. Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metrostansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasından isə hər saatdan bir avtobuslar ödənişsiz hərəkət edəcəklər. Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.
***
Elə bu tədbir çərçivəsində bir müddətdir Bakı İdman Sarayında isə nəşriyyatların, eləcə də ayrı-ayrı şair və yazıçıların, publisistlərin kitablarının yarmarkası keçirilir. Maraqlıdır ki, sərgi və yarmarka iştirakçıları hər gün həm də ayrı-ayrı müəlliflərlə görüşüb onların çıxışlarını dinləyə bilirlər. Məsələn, dünən Bakı İdman Sarayında həm də Azərbaycanın görkəmli sənətşünası və mədəniyyət xadimi, professor Azad Şükürovun nitq mədəniyyəti barədə məruzəsi dinlənildi. «İnsanın inkişafında nitq mədəniyyətinin rolu» mövzusu ətrafında geniş çıxış edən Azad Şükürov tədbirdə iştirak edən dinləyici-qonaqlara repertuarından maraqlı şeirlər nümunəsini səsləndirdi. Görüşün sonunda hər bir çıxışı alqışlarla qarşılanan professorun müəllifi olduğu «Mənim sənət yollarım» adlı kitabının imzalanması və oxucularına təqdim edilməsi tədbirə daha bir xoş ovqat qatmış oldu.
Onu da deyim ki, tədbirin sonunda Azad Şükürovun pərəstişkarlarından olan, uzun illər xüsusi xidmət orqanlarında (əsasən də Qarabağın cəbhəyanı bölgələrində) çalışmış, ehtiyatda olan polkovnik Sədrəddin Zeynalov bir qrup yaradıcı insanları nahar süfrəsinə dəvət etdi. Orada isə təsadüfən İsrailli turistlərlə qarşılaşdıq. Tərcüməçinin köməkliyi sayəsində onlara Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, şəhər və kəndlərimizdə törətdikləri dağıntıları foto və video görüntülərlə izah etdik. Qonaqlar Azərbaycan və İsrail arasında dost münasibətdən kifayət qədər məlumatlı olsalar da, biz onlara daha geniş məlumat verdik. Erməni vandalizminin ifadəsi olan Ağdamın, Füzulinin, Zəngilanın… viran qalmış ərazilərini, məscid və kilsələri, mədəniyyət abidələrini onlara göstərəndə dəhşətə gəlirdilər. İsrailli qonaqlar ölkələrinə qayıdanda bu barədə dostlarına və ölkə ictimaiyyətinə ətraflı məlumat verəcəklərini bildirdilər. Mən onlara «Təzadlar» qəzeti və qəzetin saytı barədə də ətraflı məlumat verdim, gələcəkdə qarşılıqlı əlaqələr qurmaq üçün razılığa gəldik. “Bizə göstərdiyiniz qonaqpərvərliyi heç vaxt unutmayacayıq...”, -deyən İsrailli qonaqlar Azərbaycanın Qarabağ bölgəsində olmağı çox arzuladıqlarını bildirdilər: "Sədrəddin bəyin təsadüfən tanıdığı bizlərə qarşı bu lütfü, qonaqpərvərliyi... bizi çox təəsirləndirdi. Onun bu hərəkəti Azərbaycan deməkdir, Azərbaycan qonaqpərvərliyi deməkdir... Azərbaycan yüz il əvvəl də erməniləri Qarabağda qəbul etdi, amma onlar neylədilər? Bu dağıntıları görəndə dəhşətə gəlirik. Onlar bu torpaqları dağıtmaq üçünmü almışdılar? Təəssüf edirik...".
Sonda onu da deməyi özümə borc bilirəm ki, Sədrəddin bəy 11 nəfərlik İsrailli qonaqlara xüsusi diqqətini ortaya qoyanda onlar bu qonaqpərvərlikdən çox məmnun olduqlarını ifadə etməklə, onun timsalında Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını çatdırdılar.
Əslən Ağdamdan olan dəyərli ziyalımız Sədrəddin bəyin İsrailli qonaqlara göstərdiyi bu məxsusi qonaqpərvərliyi, qonaqların isə Azərbaycanın şərəfinə xoş arzularını alqış sədaları altında söyləmələri bir daha sübut edirdi ki, dost həqiqətən də dar gündə tanınar! Azərbaycan 2-ci Qarabağ müharibəsində dost və qardaş Türkiyənin, İsrail və Pakistanın nümunəsində bu dostluğun bəhrəsini gördü.
Tanrı ürəyi Azərbaycan sevgiləri ilə dolu, qəlbi dünya boyda olan ziyalılarını, igid Vətən oğullarını qorusun!
A.Məmmədli